Azərbaycanda yenidən parlament seçkiləri keçiriləcək?

27-08-2020, 20:55 430 dəfə baxılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqal həm də siyasi kontekstdə şərh edilir.

Yenisabah.az bildirir ki, mülahizələrə görə, Ramiz Mehdiyevin nəvəsinin toyu ilə “vurulması” əslində payızda gözlənilən ciddi siyasi hadisələrlə əlaqəlidir. Bu sırada xüsusilə, Milli Məclisin növbəti dəfə buraxılacağı barədə ehtimalları qeyd etmək olar.

Güman edilir ki, 2020-ci il fevralın 9-da gözlənilən nəticəni əldə edə bilməyən hakimiyyətin zirvəsi yeni tərkibin də buraxılması barədə düşünür. Bunun Ramiz Mehdiyevə hansı dərəcədə dəxli olmasına gəlincə, iddia olunur ki, artıq hakimiyyət komandasında arzuolunmaz şəxs hesab edilən akademikin Milli Məclisin hazırki tərkibində də xeyli sayda adamları var.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə hesab edir ki, bu mülahizələrin heç bir əsası yoxdur. Onun fikrincə, Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı yaranmış qalmaqala siyasi don geyindirilməsi doğru deyil.

“Ramiz Mehdiyevlə bağlı məsələnin Milli Məclisdə seçkilər keçiriləcəyi ilə əlaqəsi yoxdur. Ümumiyyətlə, belə bir hadisə gözlənilmir. Milli Məclisə seçkilər 6 ay əvvəl keçirilib. Ramiz Mehdiyev sadəcə olaraq qanunu pozub. Qanunun aliliyinə hörmət etməyib, Azərbaycan dövlətinə meydan oxuyub. Azərbaycan xalqı, ölkə ictimaiyyəti də buna sərt etiraz edib. Media da təbii olaraq bu mövzunu işqılandırıb, deputatların, ziyalıların, ictimai-siyasi şəxslərin fikirlərini öyrənib.

Yəni burada hər hansı kampaniyadan söhbət getmir. Ramiz Mehiyev də yol verdiyi qanun pozuntusunun və buna edilən etirazların qarşılığında çıxıb üzr istəmək əvəzinə oturub mirzələri ilə məktublar yazır, özünü qanunun və dövlətin fövqündə olan şəxs kimi təqdim etməyə çalışır.

Hesab edirəm ki, Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı baş verənlərə siyasi don geyindirlməsi, heç bir əsası olmayan versiyaların gündəmə gətirilməsi onun özünün və yaxın ətrafının xəstə təxəyyülünün nəticəsidir”, - deyə AVP sədri bildirib.

Fəzail Ağamalı əlavə edib ki, Ramiz Mehdiyev bu gün faktiki olaraq xalqın iradəsi ilə üz-üzədir. “Xalqın iradəsi ilə də qarşı-qarşıya olan adam məğlubiyyətə məhkumdur”, - deyə deputat vurğulayıb.

Milli Məclisdə Ramiz Mehdiyevin adamlarının olması barədə iddialara gəlincə, partiya sədri deyib: “Ramiz Mehdiyev uzun illər Prezident Admnistrasiyasının rəhbəri vəzifəsində işləyib və hər yerdə, o cümlədən Milli Məclisdə ona yaxın adamların təmsil olunmasına çalışıb. Bir sıra hallarda da istəyinə nail ola bilib. Amma konkret olaraq bu adamlar kimlərdir bilmirəm. Çünki bunun təsnifatını aparmamışam, heç mənim üçün maraqlı da deyil”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR