Azərbaycan balanslaşdırılmış siyasətə “əlvida” deyir

6-09-2020, 12:52 370 dəfə baxılıb

Elxan Şhinoğlu: “Rusiya Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsinə maneələr yaratmağa cəhd göstərəcək, məsələn, “5-ci kolon”u fəallaşdıracaq”

Azərbaycan balanslaşdırılmış xarici siyasət kursundan imtina edir. Son vaxtlar xarici siyasətlə bağlı atılan addımlar, Prezident İlham Əliyevin verdiyi açıq mesajlar onu göstərir ki, rəsmi Bakı Azərbaycanın haqq mübarizəsində, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı onu dəstəkləyən, onun yanında olan qüvvələrlə birlik nümayiş etdirir. Konkret olaraq ölkəmiz xarici siyasətində qardaş Türkiyə ilə strateji müttəfiqliyini bir qədər də artıran siyasi xətt götürüb.

Azərbaycan 15 ilə yaxındır ki, tam balanslı xarici siyasətə üstünlük verirdi. Şimal qonşumuz Rusiya ilə də, Türkiyə ilə də strateji əlaqələr qurulmuşdu. Amma Tovuz döyüşləri ərəfəsində tərəfdaş ölkə olan Rusiyanın işğalçı Ermənistana tonlarla silah-sursat göndərməsi faktının ortaya çıxması, rəsmi Bakı ilə Moskvanın münasibətlərində soyuqluq yaratdı. Azərbaycan qəti şəkildə bəyan etdi ki, işğalçı Ermənistanın yanında olan, işğalçını dəstəkləyən qüvvələrlə strateji tərəfdaşlıq, müttəfiqlik milli maraqlarımıza ziddir.

Yəni, Azərbaycan onun yanında olmayan dövlətlərlə məsafəli davranış sərgiləyəcək. Prezident İlham Əliyevin Yunanıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən, çıxışı zamanı açıq mesajları da bir daha onu göstərir ki, balanslı siyasət yeni kursla əvəzlənmək ərəfəsindədir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hazırkı siyasi prosesləri AYNA-ya şərh edərkən deyib ki, Azərbaycan faktiki olaraq balanslaşdırılmış xarici siyasət kursunu korrektə edir: “2000-ci illərin əvvəllərində balanslaşdırılmış siyasət elan olunarkən də bildirmişdim ki, belə xarici siyasət çətindir və ölkəmizə fayda verə bilməz. Çünki Azərbaycanın yerləşdiyi region mürəkkəbdir, ölkəmiz kiçik ölkədir, təzyiqlər var. Üç Cənubi Qafqaz dövlətindən ikisi artıq seçimini edib. Gürcüstan Qərbə yönəlik xarici siyasət kursu götürüb, NATO və Avropa İttifaqının üzvü olmaq istəyir. Ermənistan isə Rusiyanın vassallığını qəbul edib. Belə bir vəziyyətdə hər kəslə məsafə saxlamaq, balanslaşdırılmış siyasət aparmaq çox çətindir. Faktiki olaraq bu siyasətin faydasız və çətin olduğunu 15 ildə gördük. Həmçinin, XİN başçısı olaraq Elmar Məmmədyarovun yarıtmaz siyasəti də Azərbaycana zərbələr vurdu”.
Patruşevin Ermənistan səfərinin açıq və gizli tərəfləri
“İndi xarici siyasətdə korrektələrin işartıları görünür. Birincisi, Azərbaycan Prezidenti Türkiyə ilə strateji əlaqələr haqqında açıq fikirlər səsləndirdi. İkincisi, Yunanıstan səfirini qəbul edərkən bu dövlətlə bağlı mənfi düşüncələrini açıq şəkildi bildirdi. Üçüncüsü, Azərbaycan lideri Rusiyanı son vaxtlar açıq-aşkar tənqid edir. Tarixdə ilk dəfə idi ki, Azərbaycan rəhbəri Rusiyanın rəhbərinə zəng edərək, Moskvanın Ermənistana yardım etməsinə kəskin iradını bildirirdi. İlham Əliyev Putinə konkret faktlarla söylədi ki, Ermənistana təyyarə ilə 400 tonluq silah daşınıb, bu, Minsk Qrupunun həmsədri kimi Rusiya tərəfindən atılan yanlış addımdır və s. Baş verənlər balanslaşdırılmış siyasətə “əlvida” dediyimizi göstərir. Böyük ehtimalla, növbəti addım, son vaxt haqqında çox danışılan Azərbaycan-Türkiyə hərbi ittifaqının qurulması məsələsi ilə bağlı olacaq. Yəqin ki, yaxınlarda Türkiyənin Azərbaycanda hərbi bazasının yerləşdirilməsi reallaşacaq”, - Şahinoğlu bildirib.

Mərkəz rəhbərinin sözlərinə görə, Rusiya tərəfi əlbəttə ki, bunu çətin sinirəcək, müxtəlif bəyanatlar veriləcək: “Amma Türkiyənin hərbi bazasının yerləşdirilməsi barədə Kreml rəsmi şəkildə Azərbaycana etiraz edə bilməz. Çünki bizim məntiqimiz ondan ibarətdir ki, Rusiya vasitəçi olduğu halda işğalçı Ermənistana hərbi və siyasi dəstək göstərir. Anlayırıq, Rusiya ilə Ermənistan arasında hərbi saziş var, orda Rusiyanın hərbi bazası mövcuddur. Amma Moskva həm də münaqişə tərəflərinin sülhə nail olması üçün vasitəçidir. Əgər vasitəçi tərəflərdən birinə pulsuz-parasız silah verirsə, müasir silahlarla işğalçını silahlandırırsa, bu, artıq başqa mətləbdir. Moskva Ermənistanda bazasını saxlayırsa, Ermənistanın yanında dayanıb işğalçını gücləndirirsə, Azərbaycanın da yanında Türkiyənin dayanması normal haldır. Əgər Rusiyanın Ermənistanda hərbi bazası olmasaydı, o zaman müəyyən dərəcədə narazılıq etmək haqqı olardı”.

Politoloq hesab edir ki, Rusiya Türkiyənin hərbi bazasının Azərbaycanda yerləşdirilməsinə müəyyən maneələr yaratmağa cəhd göstərəcək: “Kreml buradakı “5-ci kolon”u fəallaşdıracaq. Mən xatırlayıram, iki il əvvəl Milli Məclisdə bəziləri açıq şəkildə bildirmişdilər ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlüyünə qoşulmalıdır. Bu fikri səsləndirənlərdən biri də, o vaxt komitə sədri, indi isə Milli Məclis sədrinin müavini Əli Hüseynli idi. Hansı ki, bu təşkilatda torpaqlarımızı işğal edən Ermənistan da təmsil olunur. Bu ideyaya həmin vaxt belə arqumentlə haqq qazandırmağa çalışırdılar ki, KTMT-yə daxil olsaq, o zaman hərbi texnikanı Rusiyadan daha aşağı qiymətə ala bilərik”.

“Çox mənasız arqument idi. Dediyim odur ki, bu fikirdə olan insanlar Azərbaycanda yenə də var. Düzdür, həmin şəxslər fikirlərini açıq şəkildə deyə bilmirlər, çünki Prezidentin siyasətini görürlər. Desələr, hakimiyyətə qarşı çıxmış olarlar. Amma daxilən istəkləri var ki, Rusiyaya yönəlik strateji siyasət davam etsin. Bu adamları Kreml yenidən fəallaşdırmağa çalışacaq. Həmin qüvvələr də neytrallaşdırılmalıdır, vəzifələrdən, Milli Məclisdən uzaqlaşdırılmalıdırlar. Və bütün maneələrə baxmayaraq Azərbaycanın milli maraqları, təhlükəsizliyi və müstəqilliyinin qorunması üçün nə lazımdırsa, onu etməliyik”, - Şahinoğlu vurğulayıb.

Onun fikrincə, balanslaşdırılmış siyasətdən həm də ona görə imtina edilməlidir ki, yeni siyasi kurs işğalda olan Dağlıq Qarabağın azad edilməsinə töhfə versin: “Çünki balanslı xarici siyasətin ərazilərimizin azad edilməsinə heç bir faydasını görmədik. Kim bizə rəqib, düşmən gözü ilə baxırsa, işğalçı Ermənistanı dəstəkləyirsə, onlarla münasibətlərə yenidən baxmalıyıq. Kim bizim yanımızdadırsa, onunla strateji tərəfdaşlığımızı daha da gücləndirməliyik. Xarici siyasət kursunu dəyişmək o demək deyil ki, Dağlıq Qarabağ problemi sabah həll ediləcək. Sadəcə, bu, bizim faydamıza olacaq, Qarabağ məsələsində əlimizi gücləndirəcək”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR