Qafqaz savaş meydanına çevrilir: Qüvvələr üz-üzə - TƏHLİL

22-09-2020, 11:47 150 dəfə baxılıb

Rusiya geniş miqyaslı “Qafqaz-2020” hərbi təlimlərinə başlayıb.

Türkiyənin və NATO-nun Cənubi Qafqazda artan təsiri fonunda Rusiya ilə qarşıdurmanın dərinləşməsi müşahidə olunur. Bu da öz növbəsində, Ermənistan-Azərbaycan münaqişəsinə təsirsiz ötüşmür. Regionda gərginliyin artması Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların yenidən başlanmasına səbəb ola bilər. Artıq Ermənistan silahlı qüvvələri cəbhənin Tovuz istiqamətində yenidən təxribatlar törətməyə başlayıb.

Nəticədə, Azərbaycan ordusu bir şəhid verib. Eyni zamanda Şəmkir rayonu ərazisində Azərbaycan Hava Hücumundan Müdafiə qüvvələri Ermənistana məxsus pilotsuz uçan aparatı vurub. Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılmasına başlayıb.

Ona görə də Ermənistan növbəti hücum cəhdi edərsə, iyul ayında Tovuzda baş vermiş döyüşlərdən daha böyük miqyaslı hərbi əməliyyatlar baş verə bilər. Yaranmış vəziyyəti şərh edən politoloq Tofiq Abbasov hesab edir ki, Cənubi Qafqazda ətraf dövlətlərin fəallaşması geosiyasi ziddiyyətləri gücləndirir. Bu isə proksi müharibənin baş verməsinə şərait yaradır:

“Bu çox təhlükəli oyundur və əlamətləri artıq bir neçə regionda görünür. Bunu Suriyada, Liviyada müşahidə etmək olar. Bütün bu ciddi-cəhdlə aparılan hazırlıqlar göstərir ki, böyük dövlətlər öz maraqları naminə kiçik dövlətlərin də qanlarını tökməyə hazırdır. Təbii ki, bu da ikibaşlı qazanc ola bilər. Çünki indiki şəraitdə bir çox ölkələr çoxsaylı silah-sursat toplayıb. İstənilən xırda münaqişə böyük bir müharibənin leytmotivinə çevrilə bilər.

Ona görə də hesab edirəm ki, Dağlıq Qarabağ problemi də bu qəbildən olan münaqişədir. Burada Rusiyanın, Türkiyənin, ABŞ-ın marağı var. Ancaq Suriyada və Liviyada Türkiyə ilə Rusiya arasında baş verən narazılıqlar əhatə dairəsinə görə daha geniş miqyas alaraq münaqişə yarada bilər. Prezident İlham Əliyev də Azərbaycan telekanallarına verdiyi müsahibədə bildirdi ki, Ermənistan və onun havadarları təxribat planları həyata keçirməklə böyük müharibəni yaxınlaşdırırlar. Ermənistan silahlar alır, xarici ölkələrdən PKK terrorçularını cəlb edir və beləliklə, müharibə şəraitini reallaşdırmağa başlayıb. Azərbaycan ərazisinə PUA göndərilməsi də bu hazırlığın göstəricidir.

Azərbaycan Prezidenti də öz müsahibəsində açıq şəkildə bəyan etdi ki, biz vəziyyəti diqqətlə izləyirik. İstənilən halda hər bir təxribata cavab verəcəyik. Qarşı tərəf heç də romantikcəsinə düşünməsin ki, guya onların planı işləkdir, guya onlar Azərbaycanı məğlub edə bilərlər. Tovuz döyüşləri də göstərdi ki, Azərbaycanın hazırlıq səviyyəsi yüksəkdir və istənilən təxribata layiqli cavab verəcəyik. Prezidentin qeyd etdiyi bütün bu məsələlər öz aktuallığını əks etdirdi və artıq ehtiyatda olan zabitlərin, əsgərlərin çağırış məntəqələrinə çağırılmasına başlanılıb. Bu isə göstərir ki, Azərbaycanın kifayət qədər vəsaiti də var, silah-sursatı da”.

Qeyd edək ki, Prezident İlham Əliyev telekanllara müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla 2018-ci ildə MDB dövlət başçılarının Düşənbədə keçirilmiş sammitində baş tutan ilk görüşündən söz açıb. Dövlət başçısı bildirib ki, Paşinyan ondan münaqişənin həlli üçün vaxt istəyib. Lakin o, sonradan danışıqlar prosesindən yayınıb. Ona görə Azərbaycan Prezidenti “Sən necə dövlətsən ki, müstəqil qərar qəbul edə bilmirsən”-deyə Paşinyana iradını bildirib. Dövlət başçısı həmçinin Paşinyanı Soros Fondundan asılı olmaqda ittiham edib. “Paşinyana kompromisə getməyə mane olan kimdir-Rusiya, yoxsa Soros?” sualına ekspert belə cavab verdi: “Sorosçular məhdud miqyaslı layihələri həyata keçirir. Bunlar ideoloji qarşıdurmalarla, qlobalist dairələrin planlarının həyata leçməsi ilə bağlıdır. Ancaq Ermənistan suverenliyini çoxdan itirib. Ermənistan suverenliyini satışa çıxarmaq hesabına yaşayır.

Çünki Ermənistanın başqa variant yoxdur. O, iqtisadi dayağı olmayan bir ölkəyə çevrilib. Ona for-post da deyirlər, müstəmləkə deyirlər, vassal da adlandırırılar. Biz ilk növbədə, Rusiyanın adını çəkməliyik. Çünki Rusiyanın orada ciddi maraqları var. Ermənistan iqtisadiyyatının açarları Rusiyanın sənaye-maliyyə qruplarının əlindədir. Onlar bölgədə öz çirkin siyasətlərini həyata keçirirlər. Bu baxımdan, Azərbaycan onlar üçün hədəfə çevrilib. Lakin onlar gərək yüz ölçüb bir biçsinlər. Azərbaycan 30 il əvvəlki ölkə deyil. Ermənistanın Rusiya ilə müttəfiqdirsə, Azərbaycanın da yanında Türkiyə, Pakistan, NATO ölkələri var. Azərbaycana qarşı aparılan bütün çirkin oyunların üstü açılıb. Ancaq onları həyata keçirmək mümkün olmayacaq. Paşinyan burada bir komediya oynayır. Bir tərəfdən Ermənistanda anti-Rusiya meyilləri artır, Rusiyanın telekanallarının yayımı dayandırılıb. Eyni zamanda, Paşinyan müstəqil siyasət yürüdə bilməz.

O, Rusiyanın siyasətinə zidd gedib müstəqil addım ata bilməz. Ermənistan vassal olduğuna görə Rusiya nə desə onu edəcəklər. Ola bilsin ki, Rusiya və başqa dövlətlər Ermənistana müəyyən vədlər veriblər. Bildiriblər ki, onların planlarının mərkəzində yer tutsalar gələcəkdə ermənilərə kömək edəcəklər. Bu səbəbdən Paşinyan müstəqil qərar qəbul edə bilməz. Düşənbə görüşündə az qala yalvaran Paşinyan indi Serj Sarkisyandan da betər quzğuna çevrilib və Azərbaycana yeni ərazi iddiaları ilə çıxış edir. Gücsüz, fərsiz Paşinyanı görünür, oyuna cəlb ediblər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR