Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR

22-09-2020, 14:45 155 dəfə baxılıb

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin qəzəbinə gələn bəzi məmurların aqibəti, onların vəzifədən çıxarılması üçün hansı çirkin oyunların oynanıldığı haqda ötən yazılarımızda məlumat vermişdik. Bu yazımızda isə R.Mehdiyevin “qara siyahısı”na düşərək həbs olunan, yaxud da qarayaxma kampaniyası nəticəsində vəzifədən azad olunan daha bir neçə məmurun, deputatın və iş adamının “vurulma” səbəblərinə aydınlıq gətirəcəyik.

Bir daha xatırladaq ki, hələ 2003-cü ilin avqustunda – İlham Əliyev baş nazir postuna təyin olunan günün öncəsi (3 avqust – müəl.) “5-ci kolon”un “xaç atası” olan Ramiz Mehdiyevin Bakının mərkəzindəki evinin ətrafına minə yaxın silahlı şəxs toplaşmışdı. Həmin vaxt Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev və daxili işlər naziri Ramil Usubovun rəhbərlik etdiyi şəbəkə məlum silahlı şəxslərin və polisin gücü ilə hakimiyyətin İlham Əliyevə ötürülməsinin qarşısını almaq niyyətində idi. Çünki İlham Əliyev baş nazir postuna sahib olarsa, faktiki olaraq hakimiyyət onun nəzarətinə keçəcəkdi. Bu halda isə, təkcə R.Mehdiyev və R.Usubovun deyil, ümumilikdə H.Əliyevin komandasında təmsil olunan ruspərəst məmurların siyasi taleyi şübhə altına düşəcəkdi. Ona görə ki, İlham Əliyevin öz komandasında daha çox gənc kadrlara üstünlük verəcəyi, ölkədə siyasi islahatların aparılacağı gözlənilən idi. Lakin, artıq dəyərli oxucularımıza da bəlli olduğu kimi, həmin dönəmdə baş verən bir sıra siyasi proseslər, o cümlədən Rusiyanın aşkar müdaxiləsi İ.Əliyevi daha bir müddət H.Əliyevin komandasının üzvləri ilə işləmək məcburiyyəti qarşısında qoydu.

Ancaq bu proseslərədək, yəni İ.Əliyev prezident seçilməzdən əvvəl, Ramiz Mehdiyevin rəhbərlik etdiyi “5-ci kolon” öz gələcəklərini qarant altına almaq üçün hakimiyyəti ələ keçirməyə cəhd edirdilər. Yuxarıda da qeyd etdiyimiz kimi, bu məkrli plan İlham ƏliyevMilli Məclisdə baş nazir vəzifəsinə təsdiq olunan günün əvvəli baş verməli idi. Amma həmin vaxt mərhum dövlət başçısının qardaşı Cəlal Əliyevin, eləcə də İlham Əliyevin özünün ətrafında birləşən qüvvələr R.Mehdiyevin bu planının qarşısını almağa nail oldular. Hansı ki, bu prosesdə aktiv rol alan şəxslərin bəziləri sonradan “boz kardinal” tərəfindən cəzalandırıldı. Bunlardan “AMAY Abdulla” ləqəbi ilə tanınan iş adamı Abdulla Abdullayevi və “Quska” ləqəbli Hüseyn Abdullayevi misal gətirə bilərik.

“AMAY Abdulla” və “Quska”nın “vurulması”

Çoxlarına bəlli olduğu kimi, istər Abdulla Abdullayev, istər də Hüseyn Abdullayev mərhum dövlət başçısı Heydər Əliyevin ən yaxın adamlarından olub. H.Əliyev hələ Naxçıvan Ali Məclisinin sədri olan ərəfədə hər iki şəxs onun mühafizəsini təşkil edib və gecə-gündüz xidmətində dayanıblar. Təsadüfi deyil ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, xidmətlərinin qarşılığı olaraq, hər iki şəxsin fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Həmçinin, prezident İlham Əliyevin də vaxtilə atasına yaxın olan digər şəxslər kimi, istər A.Abdullayevə, istər də H.Abdullayevə ciddi dəstək verdiyi kimsəyə sirr deyil. O zamanadək ki, “qisası soyuq yeməyə üstünlük verən” Ramiz Mehdiyev hər iki şəxs barəsində ölkə başçısına yanlış məlumatlar çatdırmaqla, onları faktiki olaraq İ.Əliyevin gözündən sala bilmişdi…

Hüseyn Abdullayevin mandatdan məhrum edilməsi

“AMAY Abdulla”nın həbsi haqqında geniş danışmağa lüzum görmürük. Çünki o, siyasi fiqur deyildi və onun məhkəməsi zamanı baş verən proseslər, qondarma ittihamlar hər kəsin gözü önündə idi. Amma “Quska”nın deputat mandatından məhrum edilməsindən tutmuş, siyasi mühacir həyatı yaşamağa məcbur edilməsinə və nəticədə qardaş Türkiyədə həbs olunaraq ölkəyə gətirilməsinədək, bütün oyunların arxasında R.Mehdiyevin dayandığını çoxları hələ də bilmir. Şübhəsiz, bu, “boz kardinal”ın onunla köhnə haqqı-hesabı ilə yanaşı, həm də Hüseyn Abdullayevin “5-ci kolon”a qarşı fəaliyyətinin nəticəsi idi. Məsələn, H.Abdullayevin deputat olduğu zaman Milli Məclis tərəfindən dönəmin daxili işlər naziri Ramil Usubova etimadsızlıq göstərilməsi üçün millət vəkilləri ilə məxfi danışıqlar apardığı və böyük əksəriyyətinin razılığını aldığı haqda informasiyalardanxəbəri olanlar var. Hansı ki, bu məlumatvaxtından əvvəl PA rəhbərinə sızdırıldığından, R.Usubovun məsələsi Milli Məclisə çıxarılacağı tarixdən bir gün öncə R.Mehdiyev bir-bir deputatlara zəng vuraraq, onları sərt şəkildə hədələmişdi. Məhz bundan sonra bütün deputatlar geri çəkilmiş,beləliklə, DİN rəhbərinə etimadsızlıq məsələsi gündəmdən çıxmış və Hüseyn Abdullayev zərbə altına düşmüşdü.

Təsadüfi deyil ki, sonradan Ramiz Mehdiyevin tapşırığı ilə Ana Vətən Partiyasının rəhbəri Fəzail Ağamalı “Quska”nı Parlamentdə təxribata çəkərək, onun mandatdan məhrum edilməsinə münbit şərait yaratmışdı. Ən qəribəsi isə odur ki, H.Abdullayevlə danışıqlar zamanı Ramil Usubova etimadsızlıq göstərilməsinə dəstək verəcəyini bildirən deputatlar, bu dəfə onun özünün mandatdan məhrum edilməsinə səs vermək məcburiyyəti qarşısında qalmışdılar. Şübhəsiz, bu da Prezident Administrasiyasından gələn göstəriş əsasında baş tutmuşdu.

Hüseyn Abdullayevin siyahi mühacirətə məcbur edilməsi

Bəllidir ki, Hüseyn Abdullayev deputat mandatından məhrum edildikdən sonra “5-ci kolon” tərəfindən ona qarşı hücumlar daha geniş vüsət aldı. Bu dəfə Prezident Administrasiyasının rəhbərliyi tərəfindən onun tamamilə müflisləşdirilməsinə göstəriş verilmişdi. Buna paralel olaraq Ramiz Mehdiyev (bu məsələdə prezidentin sabiq köməkçisi Əli Həsənovun da rolu olub – müəl.) “Quska”nın guya müxalifəti və xaricdəki “söyüş kampaniyası” aparan blogerlərə maliyyə dəstəyi verdiyi haqda müxtəlif istiqamətlərdən ölkə başçısına məlumatlar ötürməkdə idi. Çoxsaylı yanlış informasiyalar nəticəsində isə H.Abdullayev prezidentin dəstəyindən məhrum olmuş, o cümlədən hakimiyyət daxilindəki bəzi “dostları” da onu müdafiə etməkdən boyun qaçırmışd. Çünki Hüseyn Abdullayev Ramil Usubovla bağlı məsələni faktik olaraq əlinə-ayağına bulaşdırmışdı. Nəticədə bu planın arxasında R.Usubovun əzəli rəqibi MTN rəhbəri Eldar Mahmudovun dayandığı da, PA rəhbərliyi daxil, cəmiyyətdə çoxlarına bəlli olmuşdu. Belə bir vəziyyətdə isə, təbii ki, E.Mahmudov prezidentin “qələmini sındırdığı” H.Abdullayevi müdafiə edə bilməzdi…

Təbii ki, baş verən bu proseslərdən sonra “Quska”nın ölkədə qalmaq şansı yox idi. O, bu halda olub-qalan sərvətini itirməklə yanaşı, həbs də oluna bilərdi. Bütün bunları hər kəsdən daha yaxşı bilən H.Abdullayev, nəticədə, Avropanın yolunu tutmağa məcbur oldu. O, qısa müddətdə Almaniyada siyasi mühacir statusu əldə etdi və daha sonra onu Azərbaycandan didərgin salan məmurlara qarşı savaş açdı. Bütün bunlar öz yerində. Amma “Quska”nın ən böyük səhvi onda oldu ki, “5-ci kolon”un üzvləri ilə yanaşı, bəzi hallarda ölkə başçısının ünvanına datənqidlər səsləndirdi. Ona görə yox ki, prezidenti tənqit etmək olmaz. Ona görə ki, “qarışqadan fil düzəltməkdə” mahir olan Ramiz Mehdiyev üçün bu,göydəndüşmə oldu. Hansı ki, H.Abdullayevin bu açıqlamaları yenə birtərəfli qaydada prezidentə təqdim olunaraq, onun həbsinə razılıq alındı. Məhz bundan sonra H.Abdullayev Türkiyə səfərlərinin birində qandallanaraq, Azərbaycana gətirildi…

Əli İnsanov və Fərhad Əliyevin həbsi

Keçmiş səhiyyə naziri Əli İnsanovun “vurulması” haqda ötən yazılarımızın birində qısaca məlumat vermişdik. Qeyd etmişdik ki, bu həbsdə R.Mehdiyevin xüsusi rolu olub. İddia olunur ki, vəzifədə olduğu dönəmdə Əli İnsanovun hər kəsin içərisində Ramiz Mehdiyevi “cırtdan” adlandırması və onun iradəsinə aşkar şəkildə tabe olmaması “boz kardinal”ı çox qəzəbləndirirmiş. Bu səbəbdən, 2005-ci ildə yaranmış fürsətdən istifadə edən R.Mehdiyev onun “quyusunun” daha dərin qazılmasına göstəriş verib. Nəticədə Ə.İnsanov nə az, nə çox düz 12 illik həbsə məhkum edilib…

Hamı yerli mal ala bilməzdi…

Həmin tarixdə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı, “Azpetrol” şirkətinin keçmiş rəhbəri Rafiq Əliyevin həbsi də məhz “5-ci kolon”un “xaç atası” olan Ramiz Mehdiyevin adı ilə bağlıdır. Öncə onu qeyd edək ki, Fərhad Əliyevin fəaliyyəti təkcə “boz kardinal”ı deyil, bütün monopolist məmurları qane etmirdi. Məsələn, onun rəhbərliyi ilə başladılan “Hamı yerli mal alsın, xeyir vətənə qalsın!” kampaniya çoxları üçün sıradan bir deviz hesab olunsa da, bunun arxasında böyük siyasi maraqlar dayanırdı. Söhbət ondan gedir ki, F.Əliyev idxalın azaldılmasına və yerli sahibkarlara dəstək verilməsi hesabına daxili istehsalın artırılmasına çalışırdı. Amma o, bir şeyi düzgün hesablamamışdı ki, monopolist məmurların ölkədə “at oynatdığı” bir ərəfədə “hamı yerli mal ala bilməzdi”. Ən azı, Rusiyadan və digər xarici ölkələrdən gətirilən mallar hesabına hər ay milyonlarla manat qazanan məmurlar buna imkan verə bilməzdi. Təsadüfi deyil ki, həmin dönəmdə “gömrük şefi” olan Kəmaləddin Heydərov Fərhad Əliyevin “vurulması”nda ən aktiv rol alan məmurlardan biri idi. Onun nəzarətində olan media gecə-gündüz iqtisadi inkişaf nazirinin əleyhinə məqalələr yazır, “qara piar” kampaniyası aparırdı. Hətta bir sıra mətbu orqanlar F.Əliyevi müxalifəti maliyyələşdirməkdə ittiham edirdi.

Amma əminliklə deyə bilərik ki, Fərhad Əliyevin “bitirilməsində” ən böyük rolu onun ABŞ səfərindən qayıdarkən, hava limanında televiziyalara verdiyi müsahibəsində ad çəkmədən rəqiblərini hədələməsi oynadı. Əlbəttə, iqtisadi inkişaf nazirinin bu açıqlamasında Ramiz Mehdiyev və Kəmaləddin Heydərovu hədəfə aldığı sirr deyildi. Lakin həmin ərəfədə “5-ci kolon”un nəzarətində olan media F.Əliyevin bu müsahibəsini siyasiləşdirirək, guya onun ABŞ-da hakimiyyətə gətirilməsi ilə bağlı razılşma əldə olunduğunu iddia etdilər. Məhz bunun nəticəsi idi ki, ruspərəst məmurlar tərəfindən Fərhad Əliyevin ölkə iqtisadiyyatının inkişafına stimul verən xoşniyyətli addımının qarşısı alınmaqla yanaşı, o və qardaşı Rafiq Əliyev “dövlət çevrilişinə cəhd” ittihamı ilə həbs olundular. Şübhə yoxdur ki, hər zaman olduğu kimi, bu prosesdən öncə də onlar barəsində ölkə başçısına verilən yanlış məlumatlar öz rolunu oynamışdı…

Sonda onu da qeyd edək ki, Diaspora Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov, keçmiş deputatlar Rza İbadov və Nazim Bəydəmirli, “Zülfüqarlı qardaşları” kimi tanınan iş adamları Loğman Zülfüqarlı və Nurəddin Zülfüqarlı, Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi Firudin Nəbiyev də Ramiz Mehdiyevin “qara siyahı”sına düşən şəxslər olub. Bu insanların bəziləri məhz prezidentə sədaqətinə görə “vurulsalar” da, digərləri R.Mehdiyevin “katyoluna” haqq vermədikləri üçün onun qəzəbinə gəliblər.
“Hürriyyət”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR