“Sülhməramlıları yerləşdirmək Qarabağla sağollaşmaq deməkdir”

25-09-2020, 22:01 192 dəfə baxılıb

Son vaxtlar yenə də Ermənistanın işğalı altında olan rayonlardan 5-nin guya geri qaytarılacağı barədə söhbətlər ortaya atılıb. Bununla bağlı növbəti məlumatlar Milli Məclis rəhbərliyinin Rusiya səfərindən sonra yayıldı, ancaq dərhal da təkzib edildi.

Bunun ardınca da Rusiya rəsmiləri, XİN başçısı Sergey Lavrov və onun mətbuat katibi Mariya Zaxarova yenə də nizamlama prosesini irəli aparmağın vacibliyindən danışmağa başlayıblar. Ancaq reallıq budur ki, Moskva Tovuz döyüşləri zamanı da əlini işğalçı Ermənistanın üstündən çəkmədi və ona silah-sursat göndərdi. Azərbaycan prezidenti şəxsən rusiyalı həmkarına bununla bağlı etirazını çatdırdı. Əgər Rusiya bu günlərdə belə Ermənistanla birgə hərbi təlimlər keçirirsə, o halda, bu ölkənin Qarabağı işğaldan azad etmək niyyətinə inanmaq sadəlövhlükdür.

Ancaq rəsmi Moskva iddia edir ki, prosesi danışıqlar yolu ilə irəli aparmaq olar və onun çalışmaları da bu istiqamətdədir. Rusiya gerçəkdənmi danışıqlara real dinamika vermək istəyir, yoxsa yenə də Azərbaycanın başını qatmaq, onu müharibədən çəkindirmək və Ermənistana silah-sursat ötürməsini ört-basdır eləmək niyyəti güdür? Mövcud situasiya nə deyir, qarşıda bizi nə gözləyir, hərb, yoxsa sülh?

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı Musavat.com-a bildirdi ki, 5 rayonun qaytarılması ilə bağlı məsələ çoxdan var və Rusiya bu məsələdə öz mövqelərini bərkitmək, Azərbaycanda hərbi varlığını yenidən bərpa etmək istəyir:

“Elə Yenilənmiş Madrid prinsiplərində də Rusiya ordusunun sülhməramlı adı ilə buraya gəlməsini nəzərdə tutulur. 5 rayonun qaytarılması Azərbaycana heç nə vermir, əksinə, Dağlıq Qarabağı bizdən uzaqlaşdıracaq. Üstəlik Ermənistanla dağlıq Qarabağ arasında olan Laçın və Kəlbəcərin də əbədi itirilməsinə gətirib çıxaracaq. Bu, Lavrovun da deyil, ermənilərin də planıdır. Vaxtilə bu məsələni Ter-Petrosyan da ortaya atmışdı və onda da Rusiyanın sülhməramlı qüvvələrinin bölgəyə gətirilməsini münaqişənin həllində yeganə yol hesab saymışdı. İndi bu plan təkrar dövriyyəyə buraxılır. Həm də Azərbaycanın son vaxtlarda Dağlıq Qarabağda antiterror əməliyyatlarına başlayıb oranı azad etmək qərarlılığının qarşısını almaq təşəbbüsüdür”.

Q.Çaxmaqlı Kremlin ikili siyasət yürütdüyünə şübhə etmir: “Sirr deyil ki, Rusiya çoxlu miqdarda silah - sursatını Ermənistana daşıyır. Açıq görünür ki, o, kimin tərəfindədir. Xüsusən də son vaxtlar Türkiyə ordusunun Azərbaycanda təlimlər keçirməsi və burada müəyyən qalıcı fəaliyyətləri Ermənistanı müdafiə etmək üçün bu ölkəni hərəkətə keçirib”. Politoloq xəbərdarlığını da etdi: “Rusiyanın Azərbaycandakı gizli və açıq tərəfdarlarının yaxın günlərdə fəallaşacağını da istisna etmirəm”. Ekspertin sözlərinə görə, Rusiyanın bu planı əslində Azərbaycanı diz çökdürmək və hətta mən deyərdim ki, işğal planının başlanğıcı olardı: “Qətiyyən bu mövqe ilə razılaşmaq olmaz. Biz Qarabağın tamamını əldə etməyənə qədər hansısa “Rus planı”nını - əslində erməni planını - qəbul edə bilmərik. Bu, Azərbaycanın dövləti və milli maraqlarına ziddir. Artıq neçə illərdir ki, bu qənaət özünə yer edib ki, sülh yolu ilə Dağlıq Qarabağı geri qaytarmaq mümkün olmayacaq”.

Politoloq Zaur Məmmədov da Rusiyadan xeyir gəlməyəcəyini düşünür: “Münaqişənin nizamlanmasında uzun illərdir ki, tərəflər Azərbaycanın istədiyi mərhələli həll variantı üzərində çalışırlar. 5 rayon məsələsi əslində yeni deyil. Azərbaycan və Ermənistan arasında danışıqlar masasında olan Madrid prinsiplərinə əsasən münaqişə bir neçə mərhələdə həllini tapır. Əvvəlcə rəsmi Bakının istədiyi kimi ətraf rayonlar qaytarılır, sonra məcburi köçkünlər doğma yurd - yuvalarına köçürlər, kommunikasiya açılır və sonda Dağlıq Qarabağın yekun statusuna baxılır. Rusiya aprel döyüşlərindən sonra mərhələli həll variantına maraqlı olduğunu göstərməkdədir. Moskvanın istəyi rayonların qaytarılmasından sonra “bufer zonaya” öz hərbçilərini yerləşdirməkdir. Buna bəziləri Lavrov planı da deyirlər. Lakin bu plan nə İrəvan, nə də Bakı tərəfindən qəbul olunmayacaq. Hər iki tərəfin imtina üçün öz arqumentləri var. Məsələ burasındadır kı, ümumiyyətlə regionda hər hansı, fərq etməz hansı dövlətin, sülhməramlılarını yerləşdirmək Qarabağla sağollaşmaq deməkdir. Bu, gələcək müharibə perspektivini sıfıra bərabər edir”.

Z.Məmmədov əmindir ki, burada Rusiyanın öz maraqları var: “Hal - hazırda Rusiya - ABŞ arasında geosiyasi arealların bölüşdürülməsi prosesi sürətlənməkdədir. İkinci dünya müharibəsindən sonra olduğu kimi, indi də, tərəflər müxtəlif regionlarda möhkəmlənmək üçün işlər aparmaqdadırlar. 2025-ci ilə qədər Kreml Mərkəzi Asiya və Cənubi Qafqazda de-fakto hərbi və siyasi - iqtisadi güc olaraq sərhədlər cızmaq istəyir”.

Ekspert qeyd etdi ki, vaxtilə Sərkisyan rayonları qaytarmaq məsələsində ikili oynadığı kimi, Nikol Paşinyan da 2018-ci ildə danışıqları uzatdı, vaxt istədi: “Lakin, hər dəfə eyni nəticəni görürük. Ümumdünya erməni diasporası və ümumilikdə Ermənistan nəticə etibarı ilə ətraf rayonların qaytarılmasına da razılaşmayacaq. Təəssüf ki, həmsədr dövlətlər, hal -hazırda isə üstəgəl, Türkiyə ilə münaqişədə olan bəzi müsəlman dövlətləri də münaqişəyə münasibətdə ikili oynayırlar. Digər tərəfdən biz görürük ki, baxmayaraq ki, regiona terrorçular yerləşdirilir, qonşu dövlətlər susmaqda davam edirlər. Münaqişənin həlli yolunu isə hər kəs bilir...”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib: “Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”.

Bu, yüksək səviyyədə növbəti xəbərdarlıqdır. BMT sessiyasının ardınca Avropa İttifaqının rəsmisinin diqqətinə çatdırılan xəbərdarlıq. Bu isə o deməkdir ki, Azərbaycan bir qarış torpağından da imtina edən deyil və Rusiyanın “5 rayon” nağılına da vaxt itirməyə dəyməz...
Musavat.com


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR