Rusiya sülhməramlılarının xərclərini kim qarşılayacaq? - AÇIQLAMA

10-11-2020, 19:59 270 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, Azərbaycan, Ermənistan və Rusiya prezidentləri birgə bəyanat yayaraq 5 il müddətinə Dağlıq Qarabağ ərazisinə Rusiya sülhməramlılarının yerləşdirilməsi barədə qərar verildiyini elan etmişdilər. Sözügedən bəyanatla bağlı hələ də tam aydınlaşdırılmamış məsələlər var ki, bunun da daha sonra alınacaq qərarlarla öz həllini tapacağı ehtimal olunur. Həmin məsələlərdən biri də, sözügedən əraziyə yerləşdiriləcək sülhməramlı hərbçilərin xərclərinin kim tərəfindən qarşılanacağıdır.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən politoloq Şahin Cəfərli bildirib ki, adətən sülhməramlı əməliyyatı həyata keçirən qurum və ya ölkə, həm də onun xərclərini qarşılayır:
"Orada bir çox məsələlərə aydınlıq gətirilməyib. Açıqlanan sənəddə məsələlər ümumi şəkildə qeyd olunub. Detallarla bağlı orada heç bir məqam qeyd olunmayıb. Düşünürəm ki, buna əlavə olaraq yeni sazişlər, sənədlər, protokollar imzalanacaq və bu texniki detallar yəqin orada qeyd olunacaq.
Adətən bu tip sülhməramlı əməliyyatlar hansı beynəlxalq qurumun xətti ilə həyata keçirilirsə, onun xərcini də həmin beynəlxalq qurum ödəyir. Məsələn BMT sülhməramlılarının bütün xərclərini BMT öz üzərinə götürür. Əgər ATƏT xətti ilə hər hansı bir sülhməramlı əməliyyat keçirilirsə bunun da xərci yenə ATƏT büdcəsindən ödənilir.
Konkret olaraq burada söhbət Rusiya sülhməramlılarından gedir, başqa bir dövlət yoxdur. Belə anlaşılır ki, yəqin Rusiya özü ödəyəcək. Sülhməramlıların tərkibində Rusiyadan başqa heç bir dövlətin əsgəri olmayacaq. Ancaq Rusiya olacaqsa və bu sülhməramlılar başqa bir beynəlxalq təşkilatın xətti ilə yox, Rusiyanın xətti ilə gəlirlərsə, belə çıxır ki, onların xərclərini Rusiyanın özü ödəməlidir. Bu xərcləri Azərbaycanın və Ermənistanın boynuna qoymaları biraz məntiqsizlik olar".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR