“Azərbaycan Zəngəzuru tələb edə bilər” – 50 milyard dolların əvəzi

17-12-2020, 14:50 200 dəfə baxılıb

Dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradında Prezident İlham Əliyevin səsləndirdiyi bir fikir hələ də müzakirə olunur. “Əslində, Ermənistanın aqresiv təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb”, - deyə dövlət başçısı bəyan etdi.

Paradda iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da buna oxşar fikir səsləndirdi: “Əldə olunan nailiyyətlərlə bərabər, görülən işlərlə heç vaxt kifayətlənməyəcəyik. Gələcəkdə bizi daha böyük vəzifələr gözləyir. Biz aramızdakı əlaqələri daha da sağlamlaşdıraraq, gələcək nəsillərə güclü bir miras qoymalıyıq. Biz minlərlə şəhidimizin qanı ilə yoğrulan bu dostluğu daimi edəcək layihələri həyata keçirərək “Bir millət, iki dövlət” şüarımıza uyğun şəkildə hər sahədə əməkdaşlığımızı dərinləşdirməliyik”.

Ölkə başçılarının mesajlarından nə anlaşılır? Növbəti birgə hədəfin tarixi torpağımız Zəngəzur olduğunu düşünə bilərikmi? Xüsusən də, Ermənistanın Azərbaycana ödəməli olduğu 50 milyard dollarlıq təzminat qarşılığında Zəngəzuru tələb etmək mümkündürmü?

Mövzunu AYNA-ya şərh edən “Cənubi Qafqaz” Politoloqlar Klubunun sədri İlqar Vəlizadənin fikrincə, Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir ki, biz heç vaxt başqa ölkənin torpaqlarına göz dikməmişik və indi də belə bir niyyətimiz yoxdur: “Amma indi bir çox ölkələr Dağlıq Qarabağda yaşayan ermənilərin taleyindən “narahat” olduqlarını bildirərək öz məqsədləri üçün istifadə edir. Amma yaddan çıxarırlar ki, vaxtı ilə indiki Ermənistan ərazisində, dövlət baçısının dediyi mahallarda azərbaycanlılar yaşayırdılar və sonra deportasiya olundular. Əgər dünya ictimaiyyəti ermənilərin Dağlıq Qarabağda yaşamasının lazım olduğunu deməklə, haqq-ədalətin bərpasını istədiklərini göstərməyə çalışırsa, o zaman Ermənistandan didərgin düşmüş azərbaycanlıların yaşayışını da, vaxtı ilə yaşadıqları ərazilərdə təmin etməlidir”.

“Digər tərəfdən, Ermənistanın 30 il ərzində Azərbaycan sərvətlərini taladığını, istismar etdiyini və külli miqdarda ziyan vurduğunu hamı bilir. Bu ziyanı ödəmək üçün Ermənistanın büdcəsi yoxdur. Dünya təcrübəsində də belə bir qayda var ki, büdcəsi olmayan ölkə öz ərazisi ilə borcunu ödəyir. Məsələn, vaxtı ilə SSRİ bir çox torpaqları məhz bu yolla əldə etmişdi. Belə ki, zamanında onlar digər ölkələr tərəfindən istismar edilmiş, lakin həmin ölkələrin təzminat ödəməyə imkanı olmadığı üçün qarşlığında torpaqlarını təhvil vermişdilər. Bu təcrübədən biz də istifadə edə bilərik”, - deyə politoloq bildirib.

O, ölkə başçısının çıxışını müxtəlif istiqamətlərdən təhlil etməyin mümkün olduğunu deyib: “Lakin hansı istiqamətdən təhlil etsək, həqiqət dəyişmir. Həqiqət də ondan ibarətdir ki, sözügedən torpaqlar Azərbaycan torpaqlarıdır və kimlərsə ermənilərin haqları ilə bağlı iradlar bildirirsə, bizim də haqqımız var ki, Azərbaycanın tapdalanmış haqları ilə bağlı iradlarımızı bildirək”.

“Çünki bu təcrübə ilə bağlı kifayət qədər dəlil və faktlar var. Buna nümunə olaraq, təkcə 1928-ci ilin SSRİ atlasını göstərmək olar. Belə ki, həmin atlasda indiki Ermənistanda yerləşən yaşayış məntəqələrinin, şəhərlərin və kəndlərin adları Azərbaycan toponimləri kimi göstərilib. Bu da ən böyük dəlil və faktdır. Yəni, kimlərsə haqq-ədalətdən danışırsa, buyurub, bu faktalara da istinad eləsinlər”, - Vəlizadə vurğulayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR