Bayden Qafqazda kimi ABŞ-ın dostu seçəcək? - “Azərbaycan Qafqazın açar ölkəsidir”

19-12-2020, 12:19 188 dəfə baxılıb

Xəbər verildiyi kimi, ABŞ-da demokratların prezidentliyə namizədi Co Bayden Seçicilər Kollegiyasının səsverməsinə görə qalib elan olunub.

ABŞ Seçicilər Kollegiyası səsverməsinin son nəticələrinə görə, Bayden 306 səs, Tramp isə 232 səs toplaya bilib. ABŞ Konstitusiyasına uyğun olaraq, Seçicilər Kollegiyasının səsverməsinin nəticələri Konqres tərəfindən təsdiqlənməlidir. 6 yanvar 2021-ci il tarixində seçici səslərinin sayılacağı, Senat və Nümayəndələr Palatasının birgə iclasının baş tutacağı gözlənilir.

Co Baydenin ABŞ prezidenti seçilməsi və bundan sonrakı mərhələdə fəaliyyəti, eləcə də ABŞ-ın Türkiyə və Cənubi Qafqaz siyasəti haqqında bəzi mülahizələr səslənir. Siyasi şərhçilərin fikrincə, Co Baydenin ABŞ-da yeni prezident seçilməsi dünyanın nizamını əhəmiyyətli dərəcədə dəyişəcək. Bundan əlavə, ABŞ Cənubi Qafqazda Rusiya, İran, Azərbaycan və Türkiyə ilə münasibətlərə yenidən baxacaq.

Qeyd edək ki, bu günlərdə “Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı vebinar keçirilib. Orada çıxış edən “Atlantik Şurası”ndakı Qlobal Enerji Mərkəzinin direktoru, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar Co Bayden administrasiyasının Azərbaycanda, bütövlükdə Qafqazda daha fəal olacağına ümid etdiyini qeyd edib:

“ABŞ-ın buradakı fəaliyyəti olduqca tarazlı olmalı, diqqət mərkəzində təkcə enerji məsələləri olmamalıdır. Azərbaycan mütəmadi olaraq bildirir ki, coğrafi mövqeyinə görə bir sıra ölkələrlə - Rusiya, İran, Türkiyə, ABŞ ilə dost münasibətlər qurmalıdır. Buna anlayış göstərməliyik”, - keçmiş səfir söyləyib.

O qeyd edib ki, uzun illər sonra torpaqlarının böyük hissəsini qaytarmaq Azərbaycanın çox böyük, ağlasığmaz nailiyyətidir.

Ümumiyyətlə, Baydenin Qafqaz siyasətinin əsasında nə dayanacaq? ABŞ-ın Qafqazda əsas tərəfdaşı kim olacaq?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, ABŞ-ın yeni administrasiyası da Azərbaycanla əməkdaşlığı müxtəlif istiqamətdə davam etdirəcək:



“Co Bayden təəssüflər olsun ki, keçmişdə ermənipərəst mövqedən çıxış edib. Azərbaycana qarşı 1990-cı illərdə 907-ci düzəlişin (1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir) açıq müəlliflərindən biri olub və erməni lobbisi ilə açıq əlaqələri var. Əvvəlki prezident Trampın Azərbaycanla çox sıx əlaqələri var idi və o, Azərbaycanın əhəmiyyətini anlayırdı. Bayden prezident olandan sonra o demək deyil ki, ermənilərin mövqeyini dəstəkləyəcək. Bayden də digər prezidentlər kimi Amerikanın milli və təhlükəsizlik maraqlarından çıxış etmək məcburiyyətindədir. ABŞ-ın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığın inkişafını diqtə edir. Düzdür, indi ABŞ-ın Türkiyə ilə münasibətləri də soyuqdur. Amerikada bəziləri Azərbaycanı Türkiyənin müttəfiqi kimi qiymətləndirir və müəyyən qədər Azərbaycana qarşı sərt davranmağı tələb edirlər. Amma Azərbaycan vacib və Qafqazın açar ölkəsidir. Biz Avropaya qaz nəql edirik. Bu da Amerikanın maraqlarına cavab verir ki, Avropa Rusiyadan qaz asılılığını azaldacaq. Bu baxımdan, Baydenin simpatiyalarından asılı olmayaraq yeni ABŞ administrasiyası da Azərbaycanla əməkdaşlığı müxtəlif istiqamətlərdə davam etdirəcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR