Türk sülhməramlılarının gəlişinin gecikmə səbəbləri bilindi - DETALLAR

13-01-2021, 19:50 157 dəfə baxılıb

Türk sülhməramlılarının gəlişinin gecikmə səbəbləri bilindi - DETALLAR
Bu gün Azərbyacan cəmiyyətində Türkiyə ilə bağlı müəyyən narahatlıqlar və suallar var. Bu suallar 11 yanvar Moskvadakı zirvə görüşündən sonra bir qədər də çoxaldı. İnsanlar narahatlıqla soruşurlar: Niyə Türkiyə sülhməramlıları Qarabağa gəlmədi? Niyə atəşkəsə nəzarət üzrə monitorinq mərkəzi fəaliyyətə başlamadı? “Niyə Moskva görüşündə Türkiyə iştirak etmədi?…

Bu cür suallar hədsiz dərəcədə çoxdur. Və təbii ki, insanlarımızın narahatlığı başa düşüləndir. Amma unutmayaq ki, “xəstənin tələsməyi ilə deyil, armud vaxtında yetişir”. Bu gün ətrafımızda baş verənlərin çoxu bizim iradəmiz kənarındadır. Və regionda baş verən geosiyasi proseslər bizim çoxumuzun bilgisi xaricindədir. Amma hər nə olursa olsun “Azərbaycan-Türkiyə bir millət, iki dövlət” olaraq qalır. Və dünya durduqca bu? belə olacaq.

O ki qaldı müəyyən narahatlığımıza? onların bəziləri haqqında ehtimallarımı söyləyəcəm.

Birincisi, Türkiyə sülhməramlılarının Azərbaycana gəlişi barədə danışaq. Türkiyə zatən Azərbaycandadır. Bu həqiqəti min sülh məramlının Qarabağa gəlməsi və yaxud gəlməməsi dəyişdirmiyəcək. 44 günlük müharibədə Azərbaycan Ordusunun qəti qələbəsində Türkiyənin rolu barədə dünyada danışmayan siyasətçi, yazmayan nəşr qalmadı. Bəs elə isə niyə hər xırda məsələ üçün bu qədər narahatıq?!

İkincisi, soydaşlarımızı narahat edən məqam Rusiya-Türkiyə monitorinq mərkəzinin fəaliyyətə başlamamasıdır. Nəzərə alaq ki, son 2 ayın təcrübəsi göstərdi ki, Qarabağda hansısa erməni gədəsinin diş qurdalamasından anındaca Bakının xəbəri olur. Ona görə də külli miqdarda vəsait xərcləyib Ağdamda monitorinq mərkəzinin tikilməsinə elə bir ehtiyac yox idi. Üstəlik, Azərbaycan ərazi bütövlüyünü təmin etdiyi üçün Qarabağ səması Bakının tam nəzarətindədir. Və onu da nəzərə alaq ki, biz XXI əsrdə yaşayırıq. Harasa nəzarət üçün heç də böyük bir kompleks tikməyə ehtiyac yoxdur. Onu da unutmayaq ki, hazırda kosmosda bizim öz peyklərimiz var.

Üçüncüsü, soydaşlarımızın bir qismi hesab edir ki, son vaxtlarTürkiyə-Azərbyacan münasibətlərində son 3 ayda gördüyümüz qaynar ünsiyyət bir qədər səngiyib. Hətta 11 yanvar Moskva görüşündə Türkiyənin iştirak etməməsini anlamadıqlarını söyləyənlər var.

Bütün narahatlıqlar başadüşüləndir. Amma ziyadə narahatlığa ehtiyac yoxdur. Nəzərə alaq ki, 2-3 ay qabaq Azərbaycan müharibə aparırdı. Buna görə də 7-dən 77-dək bütün Türkiyə Azərbaycanla nəvəs alırdı.

Və bu birlik öz böyük nəticəsini verdi. Amma bu gün həyat öz axarı ilə gedir. Süni olay və yaxud boş səs-küyə ehtiyac yoxdur. O ki qaldı Moskva görüşünə… Nəzərə alaq ki, həmin görüşdə Qarabağ münaqişəsi yox, regional əlaqələrin dirçəldilməsi müzakirə edilirdi. Və bu layihənin təşəbbüskarı da Türkiyədir. Xatırlayırısınızsa, dekabrın 10-da Bakıda prezident İlham Əliyevlə görüşdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, “Biz Azərbaycan,Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan dövlətlərinin iştirakı ilə 6-lıq iqtisadi platforma yaratmaq istəyirik”.

Ərdoğanın bu təklifi Kremli pəncərə şüşələrinə qədər silkələdi. Belə bir unikal təklifin türk dövlətlərindən gəlməsi nəinki Moskvanın, heç Tehranın da ürəyincə deyildi. Amma təklif o qədər cəlbedici idi ki, bir növ Moskvanın yuxularını qarışdırdı. Və Rusiya hərəkətə keçməyə başladı. Çünki Moskva hadisələrin və təşəbbüslərin arxasınca süründüyünü etiraf etməyi özünə “za podlo” sayır. Amma fakt faktlığında qalır. Təklif türk dövlətlərinindir. Sadəcə Rusiya imitasiya edir. Guya təklif Moskvanındır və layihənin moderatoru da Kremldir. Ona görə də tez-tələsik Moskva görüşünün keçirilməsinə qərar verildi. Lakin nəinki region dövlətləri, hətta Avropa və ABŞ-da da bildilər ki, təşəbbüs kimdən və hardan gəlib. Və bu təşəbbüs Rusiya, İran və digər region dövlətlərin geosiyasi maraqlarına nə qədər cazib idisə, ABŞ və Avropa üçün o qədər pis xəbər idi.

Birincisi, ona görə ki, bu layihənin reallaşması ABŞ-ın dünya hegomonluğuna və Avropanın iqtisadi maraqlarına ciddi zərbə olacaq. Bu ideyanın reallaşması ABŞ və Avropanın sanksiyalarla həyata keçirdiyi cəza tədbirlərini heçə endirə bilər. Bu isə həm ABŞ, həm də Avropa dövlətlərinin nüfuzdan düşməsi ilə nəticələnə bilər. Ona görə təsadüfi deyil ki, ABŞ və Avropa ilk gündən bu ideyaya qarşı çıxdılar. Və ideyanı əsas konteksdən çıxardılar. Bunu da təbii ki, ermənilərinin əli ilə edirlər. Məsələn, “Hayastan” Ümumerməni Fondunun icraçı direktoru Armen Sarkisyan dünən Rusiya mətbautına açıqlamasında dedi ki, “Bu, türklərin Böyük Turan İmperiyası yaratmaq ideyasının bir parçasıdır”.

Təbii ki, türk adı gələndə də nəinki rusun, farsın, erməninin, hətta Avropa və ABŞ-ın iştahı kəsilir. Baxmayaraq, türk dövlətlərinin bu təşəbbüsü təkcə 6 dövlətin deyil, eləcə də digər region dövlətlərinin iqtisadi dirçəlişi üçün bir tramplindir. Əgər 6-lıq platforması yaradılsa, həmən Mərkəzi Asiya dövlətləri bu layihədə iştiraka can atacaq. Və deməliyəm ki, ideyanın cazibəsi əksər dövlətləri özünə çəkib. Yada salaq ki, bu gün İslamabadda Azərbaycan-Türkiyə-Pakistan XİN rəhbərləri görüşür. Əminəm ki, müzakirə olunan məsələlər arasında yeni iqtisadi platforma ideyası da var.

Doğrudur, istər İran, istərsə də Rusiya üçün 6-lıq platforma çox cəlbedicidir. Bu, hər iki dövləti iqtisadi böhrandan çıxara bilər. Lakin həm Moskva, həm də İran moderatorluğun türk dövlətlərinin əlinə keçməsinə hər vasitə ilə mane olmağa çalışacaq. 11 yanvar Moskva görüşü bunun ilk simptomu idi. Lakin istər Moskvanın, istərsə də Tehranın moderator olmaq şansı yoxdur. Çünki bu dövlətlər qonşuluq münasibətlərində səmimi deyillər. Və yürütdükləri şovinist xarici siyasət sonunda özlərinin kabusuna çevrilir. Ona görə də sözü bir, üzü bir türk dövlətlərinin yeni tarix yazacaqları dövr başlayır.

Yeri gəlmişkən, Qarabağ zəfərindən hələ neçə ay qabaq təxminən may ayında Prezident İlham Əliyev qətiyyətlə deyirdi ki, “Azərbaycan dünyaya öz reallıqlarını diqtə edir”. O zaman bu fikirlər tam başa düşülmürdü. Amma bu gün hər şey gün kimi aydındır. Azərbaycan və Tükiyə yeni dünya düzəni qurur. Yeni geosiyasi reallıqlar yaradır.

Ona görə də əziz oxucu, xırda suallarla özünü yorma. Məsələlərə daha qlobal yanaş. Və səsin gəldikcə dünyanın kar qulağına hayqır: Eheyyy, yol verin Türkün bayrağına!!! Eşidirsiniz? Dünyada yeni era başlayır. Bu Türk dünyasının və müsəlman aləminin yazacağı yeni işıqlı və xoşbəxt bir dünyadır !!!…..

KONKRET.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR