Rövşən Əkbərovun həbsində “siyasi səbəb” varmı?

31-03-2021, 11:57 143 dəfə baxılıb

Sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov barəsində seçilmiş həbs-qətimkan tədbirindən apelyasiya şikayəti verilib. APA-nın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən şikayət təmin edilməyib.

Baş Prokurorluq Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsi ilə bağlı yeni məlumat yayıb. Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Elçin Fəday oğlu Əliyevin 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib. 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib.

Həmin cinayət işi üzrə Hərbi və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb. 2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq İdarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Rövşən Telman oğlu Əkbərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 31.05.2001-ci il tarixdən 1 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Rövşən Əkbərovla Elçin Əliyev arasında cüzi münaqişə yaranıb. Bu səbəbdən Rövşən Əkbərov xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib. 15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib.

Yada salaq ki, Rövşən Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub. O, 2021-ci ilin fevral ayının əvvəllərində müdafiə nazirinin əmri ilə ehtiyata göndərilib. Rövşən Əkbərov Bakıdakı 42 saylı orta məktəbdə, daha sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb. 1982-ci ildə Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur. 1986-cı ildə təyinatla Zaqafqaziya hərbi dairəsi komandanlığının sərəncamına göndərilib. Bir il sonra xidmət etdiyi ordunun tərkibində Əfqanıstana ezam olunub. 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə qayıdan Rövşən Əkbərov 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir. Birinci Qarabağ müharibəsində iştirak edən Rövşən Əkbərov 1995-ci ilin mart hadisələri zamanı Xüsusi Təyinatlı Polis Dəstəsinin zərərsizləşdirilməsində iştirak edib. Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olub. 2002-ci ildən general-leytenantdır. 1994-cü ildə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. General-leytenant Rövşən Əkbərov 16 martda həbs olunub.

Qeyd edək ki, Rövşən Əkbərov 777 saylı briqadanın komandiri olub, 1995-ci ildə çevrilişin qarşısının alınmasında iştirak edib və daha sonra ordu korpusunun komandiri olub. R. Əkbərov İkinci Qarabağ müharibəsinin ilk günlərində Azərbaycan Müdafiə Nazirliyindən istefaya göndərilib.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da bayram günlərində "Turan”a açıqlamasında generalın həbsi ilə bağlı ilginc açıqlamalar verib. Ekspert deyib ki, Rövşən Əkbərovun həbsində "siyasi səbəb” yoxdur. "Yəni Rövşən Əkbərovun ya özünün, ya da yaxın ətrafının siyasi ambisiyası haqqında heç vaxt azacıq olsa da məlumatlar, söhbətlər dolaşmayıb. Siyasətlə məşğul olanlarla da hər hansı bağlılığı barədə cəmiyyətdə söz-söhbət belə yaranmayıb. 44 günlük müharibə zamanı və müharibədən sonra Rövşən Əkbərovun haqqında yalnız mənfi fikir formalaşırdı. Tutduğu vəzifəsi, rütbəsi, üstəlik, Milli Qəhrəman statusu ilə müharibədə heç cür özünü göstərə bilməməsi bir təzad yaratdı və istər-istəməz hamıda sual yarandı ki, Rövşən Əkbərov niyə bu qədər passivlik nümayiş etdirib? Və görünür, bizə məlum olmayan digər konkret səbəblər də mövcuddur. Hər halda, 2003-cü ildən Azərbaycana verilmiş cinayət işinin məhz müharibədən sonra yenidən aktiv istintaqa çevrilməsinin səbəbini müharibədə axtarmaq lazımdır”, - deyə, o bildirib.

İ.İsmayılın dediyinə görə, R. Əkbərov 44 günlük müharibənin əvvəlində iştirakdan kənarlaşdırılıb: "Bu müharibədə Rövşən Əkbərov özünü göstərə bilməyib, hətta deyilənə görə, döyüş tapşırıqlarını yerinə yetirməyib. Biri var bacarmayasan, bir də var ki, ümumiyyətlə, gərgin, ağır döyüşlərdən imtina edəsən. Rövşən Əkbərovun haqqında məhz ikinci variant danışılır. Müharibənin ilk ongünlüyündə Müdafiə Nazirliyində əməliyyat müşavirəsi keçirən Ali Baş Komandan bildirdi ki, bəzi əməliyyatlar ləngiyir və səbəbi də məlum deyil. Bu, Murov istiqamətində və cənub cəbhəsinin bir hissəsində əməliyyat tapşırığını yerinə yetirməyənlərə ünvanlanmışdı. Bu, məhz Rövşən Əkbərov və başqa bir generala ünvanlanmışdı, ona görə də müharibənin gedişində komandir kimi bəzi şəxslər döyüşlərdə iştirakdan təcrid edildilər. Müharibə bitəndən sonra da ordudan tərxis edildilər”.

Ekspertə görə, Rövşən Əkbərovun həbsində bir qədər fərqlilik var: "20 il əvvəl törətdiyi və indiyədək formal istintaqda saxlanılan konkret cinayətə start verilməsinin səbəbini müharibədə axtarmaq daha düzgün olardı. Cəzalandırılmalıdır! Bu qərar veriləndən sonra 20 il əvvəl törədilən cinayətin səbəb olması çox təbiidir. Perspektiv həbslər mümkündür, gözlənilir, amma kimlərin olması barədə heç nə deyə bilmərəm”.

"Əgər Rövşən Əkbərov Vətənə xəyanət edibsə, onu niyə başqa adla həbs etsinlər, bunu gizlətmək mümkündürmü” sualına İ.İsmayıl belə cavablandırıb: "Vətənə xəyanət ağır dövləti cinayətdir. Rövşən Əkbərov döyüş tapşırığını yerinə yetirməyibsə və ya səhlənkarlıq edibsə, bu, Vətənə xəyanət kimi qiymətləndirilə bilməz. Rövşən Əkbərovun başqa bir dövlətin maraqları naminə döyüş tapşırığına əməl etməməsi inandırıcı deyil. İstənilən vaxt bu həbsin arxa planı deyil, hüquqi tərəfi artıq elan edilib - 2001-ci ildə törədilmiş cinayət. Onu da qeyd edək ki, Rövşən Əkbərovun həbsi ilə bağlı dediklərimiz müəyyən ehtimallardır və bu barədə bilmədiklərimiz də var”.

Qeyd edək ki, irəli sürülən ittiham üzrə təqsirli bilinərsə, onu 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Cinayət Məcəlləsinin 12.1-ci maddəsi ölkə hüdudlarından kənarda cinayət törətməkdə təqsirləndirilən şəxslərin Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsinin əsaslarını nəzərdə tutur. 120.2-ci maddəyə görə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
"Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR