Minsk Qrupu 29 il bizi belə aldadıb - bahalı restoranlar, havayı pullar...

7-04-2021, 19:08 171 dəfə baxılıb

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında dərc olunmuş məqaləsində bir sıra ilginc məqamları açıqlayıb. (mənbə: AzadlıqRadiosu") Hoqland yazır ki, bu vəzifəyə gəlməzdən əvvəl tərəddüd edib, çünki Minsk Qrupunun həmsədri vəzifəsi karyera etmək vəzifəsi yox, gözləmə vəzifəsidir. Yəni diplomatlar bu vəzifədə adətən daha yüksək vəzifəyə gedənədək vaxt keçirirlər.

Diplomat bütün bunlara baxmayaraq, maaşlı vəzifəsinə vicdanla yanaşdığını yazır. Hoqland yazır: "Biz beşulduzlu hotellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk Qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam çox-çox az iş görülürdü”.

Hoqland yazır ki, uzun illər ərzində ATƏT Madrid prinsiplərini - Dağlıq Qarabağ münaqişəsinin yekun həlli və Dağlıq Qarabağ əhalisinə öz müqəddəratını təyinetmə hüququ verəcək yol xəritəsini formalaşdırmışdı: "Mənim həmsədr olduğum dövrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli üçün öz planını açıqlamışdı. Dərhal ”Lavrov planı" adını qazanan bu təklif mövcud Madrid prinsiplərinə xeyli oxşar idi. Amma bizə xəbərdarlıq edilmişdi ki, bunu, sadəcə olaraq, masa üstündəki plan adlandıraq".

Riçard Hoqland bunun ardınca sensasiyalı bir açıqlama verir: "”Lavrov planı" adlanan plan təqdim olunanda, mən hörmətli həmkarım, rusiyalı həmsədr Popovdan soruşdum ki, əgər İrəvan və Bakı, birdən gücənib bu planı qəbul etsələr, Kreml onu doğrudan da həyata keçirəcəkmi? Bilirsinizmi onun səmini cavabı nə oldu? "Əlbəttə ki, yox!” Hər şeydən artıq bu mənə aydın etdi ki, Dağlıq Qarabağ təkcə Ermənistan və Azərbaycan arasında olan ikitərəfli problem deyil. Reallıqda bu, Rusiyanın əsas və yəqin ki, həlledici rol oynadığı üçtərəfli məsələdir".

Amerikalı diplomat yazır ki, o, həmsədrlərin İrəvan və Bakıya səfərləri zamanı tərəflərin öz mövqelərindən bir addım da geriyə çəkilmək niyyətində olmadıqlarını görürdü: "Mən şəxsən belə bir qənaətə gəlmişdim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə həll edə bilər. Hərçənd bu qənaətimi heç vaxt açıq bildirmədim”.

ABŞ diplomatı yazır ki, Moskva bu münaqişəni sonadək həll edə bilərdi, lakin o, faktiki olaraq müstəqil Azərbaycanın ərazisinə SSRİ dağılandan bəri ilk dəfə özünün sülhməramlı qoşununu yeritdi.

Diplomat qeyd edir ki, indi Cənubi Qafqazın hər üç ölkəsində müxtəlif ampluada Rusiyanın qoşunları var. Rusiya beləliklə özünün xüsusi nüfuz dairəsini qoruyub saxlaya bildi. Məqalədə deyilir ki, ATƏT-in Minsk Qrupunun işinin davam etdirilməsi İrəvana Dağlıq Qarabağın yekun statusunun həlli üçün lazımdır. Amma Bakı bunun tamamilə əksini düşünür və bildirir ki, Dağlıq Qarabağ onun tərkib hissəsidir və bu, həmişə belə olacaq.

Diplomat yazır ki, Minsk Qrupu öz missiyasını yenidən müəyyənləşdirə bilməsə, çox təəssüf, beynəlxalq diplomatiyadan kənarda qalacaq.

Amerikalı keçmiş həmsədrin yazdıqları Azərbaycan Prezidentinin Minsk Qrupu haqda indiyə qədər dediklərinin təsdiqi oldu. Azərbaycan Prezidenti İlham Əliyev Minsk Qrupu həmsədrlərinin illərlə bölgəyə mənasız səfərlər etdiyini, mənasız danışıqlar apardığını və baş qatmaqla məşğul olduğunu dəfələrlə bəyan eləyib. Amerikalı diplomatın yazdıqları Azərbaycan liderinin və Azərbaycan cəmiyyətinin, siyasətçilərinin, politoloqlarının Minsk Qrupu həmsədrlərinin fəaliyyəti, əslində fəaliyyətsizliyi barədə fikirlərində nə qədər haqlı olduğunu isbatladı. Bu dəfə həmsədrləri elə onların özlərindən olan ifşa etdi. Minsk Qrupunun Azərbaycan cəmiyyətini neçə illər aldatdığı onların öz diplomatları tərəfindən etiraf edildi.

Amerikalı diplomatın "Moskva bu münaqişəni sonadək həll edə bilərdi, lakin o, faktiki olaraq müstəqil Azərbaycanın ərazisinə SSRİ dağılandan bəri ilk dəfə özünün sülhməramlı qoşununu yeritdi” fikirləri, "Lavrov planı” Azərbaycan və Ermənistan qəbul etsəydi belə Rusiyanın bu planı həyata keçirməyəcəyi barədə dedikləri isə Qarabağ probleminin on illərlə uzanmasının arxasında kimin dayandığını bir daha göstərdi.

Riçard Hoqlandın yazdıqları bundan sonra Minsk Qrupuna birmənalı olaraq "yox” deməyimiz üçün çox ciddi arqumentlərdən biridir.

Deputat Elman Nəsirovun sözlərinə görə 1992-ci il martın 24-də yaradılan Minsk Qrupunun missiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək olsa da, reallıqda onların 30 ilə yaxın fəaliyyətinin heç bir müsbət nəticəsi olmayıb. Hətta münaqişənin uzanmasına, həll edilməmiş qalmasına Minsk Qrupu səbəb olub: "Minsk Qrupu əslində münaqişənin həlli yollarının bağlanmasına xidmət edən fəaliyyət göstərib. Hoqlandın məqaləsi bunu bir daha təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi dövründə verdiyi müsahibələrdə, xalqa müraciətlərində bu fikri dəfələrlə səsləndirmişdi ki, Minsk Qrupunun fəaliyyətinin heç bir nəticəsi olmayıb, onlar yalnız sülh yolu deyirdilər, amma mən söyləyirdim ki, sülh yolu ilə bu məsələnin həlli mümkün deyil, ona görə də sonda Azərbaycan hərbi yolla bu münaqişəni həll etməli oldu. Minsk Qrupu həmsədrləri Vətən müharibəsi dövründə Azərbaycana təzyiq göstərir, Ermənistana dəstək verirdilər ki, vəziyyət Ermənistanın xeyrinə dəyişsin. Təsadüfi deyil ki, müharibədən sonra Prezident İlham Əliyev Bakıya gələn həmsədrlərə dedi ki, sizi buraya mən dəvət etməmişəm. Orada da onları açıq tənqid etdi ki, fəaliyyətlərinin nəticəsi olmayıb. Həmsədrlərin fəaliyyətinin sıfıra bərabər olduğunu bəyan etdi. İndi amerikalı keçmiş həmsədr özü etiraf edir ki, onların bu illər ərzində fəaliyyətləri münaqişənin həlli üçün deyil, uzanması üçün olub. Onlar bölgəyə yeyib-içməyə, bahalı hotellərdə dincəlməyə gəlirmişlər. Əslində bunu hər zaman Azərbaycan Prezidenti deyirdi. Bu dəfə birbaşa keçmiş həmsədrin məqaləsi Azərbaycan tərəfinin necə haqlı olduğunu, bu münaqişənin həllinin qarşısının kimlər tərəfindən və nə üçün alındığını açıq ortaya qoydu. ”Lavrov planı" deyilən planın da, sadəcə, baş qatmaq, vaxt uzatmaq üçün masa üzərinə qoyulan plan olduğu bu məqalədən bir daha məlum oldu. Hoqlandın məqaləsi həqiqətin üzərinə işıq saldı və Azərbaycanın arqumentlərini möhkəmlətdi".

Politoloq Elxan Şahinoğlu da bu fikirdədir ki, həmsədr ölkənin təmsilçisinin yazdıqlarından gerçəkliklər ortaya çıxdı. Bundan sonra Minsk Qrupuna inam tamamilə yox oldu və Azərbaycanın arqumentlərini gücləndirdi: "Rusiya və ABŞ diplomatları fəxrlə deyirdilər ki, iki ölkənin bir çox məsələlərdə dərin fikir ayrılıqları olsa da, Dağlıq Qarabağ münaqişəsinin həllinə ortaq baxışı var və Minsk Qrupunda az qala əl-ələ əməkdaşlıq edirlər. Müharibəyə qədər bu bəlkə də belə idi. Ancaq indi Rusiya ilə Amerikanın Minsk Qrupundakı birgə fəaliyyəti də alt-üst oldu və gerçəklər üzə çıxdı. Birinci atəşi ABŞ-ın Minsk Qrupundakı keçmiş həmsədri Riçard Hoqland atdı. O, məqalə yazaraq həmsədrlərin münaqişənin həllindən çox 5 ulduzlu hotellərdə qaldıqlarını və bahalı restoranlarda nahar etdiyini göstərdi. Amerikalı diplomat rusiyalı həmkarının iç üzünü də bu cümlə ilə ortaya qoydu: ”Rusiyalı həmsədr Popov "Lavrov planı”nın reallaşacağına inanmırdı.

Amerikalı diplomatın ard-arda gələn etiraflarının Kremlin və rusiyalı diplomatların, o cümlədən Lavrovun və Popovun xoşuna gəlməyəcəyi aydındır. Bundan sonra iki ölkə həmsədrlərinin birgə fəaliyyəti və bu fəaliyyət zamanı bir-birilərinə inanaraq qapalı görüşlərin detallarını müzakirə etməsi mümkün görünmür. Riçard Hoqland etiraflarla zəngin məqalə qələmə almaqla Minsk Qrupunun gələcək fəaliyyətinə zərbə vurdu. Buna görə biz Hoqlanda minnətdar olmalıyıq. O, bizim "daha həmsədrlərə ehtiyac yoxdur” arqumentimizi gücləndirdi. Digər tərəfdən, Rusiya ilə Amerikanın Dağlıq Qarabağ məsələsində birgə fəaliyyətinə də nöqtə qoyuldu. Onlar gələcəkdə bölgəyə səfər etsələr də, aralarındakı "səmimiyyətə” heç kim inanmayacaq".
"Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR