Mütəllibov Turqut Özala bir dost kimi verdiyi tövsiyələrdən danışdı... - "...hiss etmək çox xoş idi"

5-05-2021, 16:58 109 dəfə baxılıb

"1990-cı ilin yanvarında İstanbula ilk səfərimizdən öncə mən SSRİ rəhbərliyinin nümayəndələri ilə söhbət etməli oldum. Ona görə ki, bu səfər Azərbaycan kimi bütövlükdə keçmiş İttifaq üçün də böyük maraq və əhəmiyyət kəsb edirdi...”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov 1990-cı illərdə qarşılıqlı Türkiyə-Azərbaycan səfərlərindən danışarkən söyləyib.

"SSRİ Xarici İşlər Nazirinin birinci müavini Aleksandr Besmertnıx ilə söhbətimizdə ona təxminən bu fikirləri çatdırdım: "Hazırda sizin siyasi, eləcə də iqtisadi əlaqələr xəttini əsasən Avropa üzərindən qurmağa çalışdığınızı bilirəm. Ancaq hesab edirəm ki, hazırkı vəziyyətdə Türkiyə öz iqtisadi imkanları və eləcə də xammal ehtiyatlarıyla daha sərfəli partnyordur və bu ölkə ilə sıx əlaqələrin qurulması SSRİ üçün də çox faydalı olar. Sonradan Türkiyədəki dostlarımızın dediyinə görə, həmin tövsiyələrimiz bu ölkə ilə SSRİ, daha sonra isə Rusiya ilə iqtisadi əlaqələrinin qurulmasında böyük rol oynayıb...

Eyni zamanda mərhum Prezident Turqut Özalla görüşlərimizdə ona Türkiyənin problemləri ilə maraqlanan bir dost kimi bir neçə tövsiyə də etdim. İlk növbədə onunla hələ o zaman Türkiyənin Avropa Birliyinə qəbul olunması üçün ciddi cəhdlər göstərməsi, lakin bir sıra Avropa ölkələrinin buna əngəll olması haqda fikir mübadiləsi apardıq. Bunun birbaşa Azərbaycanın maraqlarıyla əlaqəsi olmasa da, Türkiyə Prezidentinə məsləhət gördüm ki, Avropa Birliyinə daxil olma səylərinə çox da vaxt itirməsin və Türkiyənin onun geniş imkanlarına görə məmnuniyyətlə qəbul olunacağı beynəlxalq əhəmiyyətli digər iqtisadi zonalarla da maraqlansın. Yadımdadır ki, Turqut bəylə söhbətimdə belə bir cümlə də işlətdim ki, Türkiyə Avropa Birliyinin qapısında növbədə durmalı deyil, əksinə, Avropa belə bir imkanları, geostrateji əhəmiyyəti olan ölkə ilə sıx münasibətlər qurmağa cəhd etməlidir...”- sabiq dövlət başçısı belə deyib.
Eks-prezident 1990-cı illərdə Azərbaycan-Türkiyə əməkdaşlığının bünövrəsinin qoyulmasının hər iki ölkənin sonrakı inkişafındakı əhəmiyyətindən də danışıb.

"Bəhs edilən Azərbaycan-Türkiyə yüksək səviyyəli görüşlərindən bir müddət keçdi və Türkiyə çoxqütblü iqtisadiyyatı və mədəniyyəti ilə dünyanın ən gözəl ölkələrindən birinə çevrildi. Yenicə müstəqilləşməyə başlayan Azərbaycanın iqtisadiyyatı isə keçmiş SSRİ məkanındakı mürəkkəb vəziyyətə rəğmən sənaye istehsalının modernləşdirilməsi istiqamətində inkişaf etməyə başladı. Və hələ 1990-cı ildən, yəni sovet dövründən əsasını qoya bildiyimiz yeni neft strategiyamız iqtisadiyyatımızın nüvəsinə çevrilərək tezliklə ölkəmizin iqtisadi cəbhədə önə çıxmasına şərait yaratdı. Bu strategiya, həmçinin, Azərbaycanın beynəlxalq nüfuzunun da tədricən yüksəlməsinə gətirib çıxardı...

Bir sözlə, bizim mərhum Turqut Özalla qarşılıqlı səfərlərimiz çox isti, mehriban və eyni zamanda işgüzar bir atmosferdə keçdi. Həmin müddətdə dostluğumuz həyat yoldaşlarımız (Səmra Özal və mərhum Ədilə xanım) səviyyəsində daha da möhkəmləndi. Biz İstanbulda özümüzü evimizdəki kimi hiss edirdik. Və hər görüşdə biz Türkiyənin Azərbaycanda baş verən irəliləyişləri yüksək qiymətləndirməsi haqda sözlər eşidirdik. Bizim Türkiyə kimi dostumuz, müttəfiqimizin olmasına hiss etmək çox xoş idi. Və bu gün də Türkiyə bir qardaş ölkə olaraq Azərbaycana bütün sahələrdə dayaq durmağa çalışır. Bu qardaşlıq, dostluq Azərbaycanın son 44 günlük müzəffər savaşında da özünü bariz şəkildə nümayiş etdirdi”- deyə Ayaz Mütəllibov vurğulayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR