Zəngəzur dəhlizi geosiyasi planın tərkib hissəsidir - TƏHLİL

24-05-2021, 09:54 194 dəfə baxılıb

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr üçtərəfli sazişinin əsas müzakirə mövzularından biri də Zəngəzur dəhlizinin açılması və regional əməkdaşlığa start verilməsidir. Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına tam cavab verir. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bölgə dövlətlərinin əməkdaşlığını təmin etməklə yanaşı, həm də Qərbdən Şərqə uzanan ticarət yolunun mayakına çevriləcək. Heç şübhəsiz, nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizi perspektivdə türk dünyasının birliyinə xidmət göstərən mühüm marşrut olacaq. Zəngəzur dəhlizi Avropa ilə Asiyanı bağlayacaq yeni körpü rolunu oynayacaq.

Dəhlizin açılması Azərbaycan, Türkiyə, Rusiya və hətta Ermənistanın da maraqlarına xidmət edir. Rusiya bu yol vasitəsi ilə Gürcüstandan asılılığını azaltmağa çalışır. Ermənistan da bu məsələdən xeyli faydalanacaq. Sadəcə, Ermənistanda hazırda revanşist qüvvələrin səsinin çox olması seçkidən öncə bu məsələnin professional çərçivədə həll olunmasına imkan vermir. Amma seçkidən sonra ağıllı hərəkət etsələr, onlar üçün də beynəlxalq arenaya qoşulma imkanı yaranacaq.

Ötən gün Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri" adlı videoformatda keçirdiyi müzakirələrdə çıxışı zamanı Zəngəzur dəhlizindən danışıb. Dövlət başçısı bir daha təkrarlayıb ki, münaqişə artıq bitib və bundan sonra ancaq və ancaq gələcəyə baxmalıyıq. Ölkə rəhbəri qeyd edib ki, 30 illik işğala və azad edilmiş torpaqlarda böyük miqyaslı dağıntılara və xarabalıqlara baxmayaraq, Azərbaycan gələcəyə baxmağa, inteqrasiya olunmuş Cənubi Qafqazın bir hissəsi kimi gələcəyi planlaşdırmağa hazırdır: "Ümid edirik ki, Cənubi Qafqazdakı fəal əməkdaşlıq və inteqrasiya barədə danışa biləcəyimiz vaxt gələcək. Bu arada biz kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması ilə əlaqədar bir sıra vacib təklif və təşəbbüslər irəli sürmüşük ki, bunlar da 10 noyabr 2020-ci il tarixli birgə bəyanatda əks olunub. Deyə bilərəm ki, bu layihənin icrası üzərində iş artıq başlayıb. Azərbaycan bunun üçün texniki və maliyyə resursları ayırıb. Zəngəzur dəhlizi açılanda o, bölgədəki bütün ölkələr üçün yeni imkanlar açacaq”.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu əməkdaşlığa, ortaq gələcəyi planlaşdırmağa hazırdır: "Çünki biz qonşuyuq, istəsək də, istəməsək də yan-yana yaşamalıyıq, yenidən birlikdə yaşamağı öyrənməliyik. Bu, asan deyil, emosiyalar var. Xüsusilə Azərbaycan vətəndaşları bu torpaqları ziyarət edəndə və dağıntıların miqyasını görəndə onların duyğularını təsəvvür edə bilərsiniz. Ancaq siyasətçilərin rolu öz gündəmlərini müdafiə etmək, bölgədə sabit inkişafa, sülhə və rifaha nail ola biləcəyimizi izah etməkdir”.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi mümkündür. İndi çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır:

"Bu saziş imzalansa, təhlükəsizliklə, gücün tətbiq edilməməsi, cari vəziyyətlə əlaqədar reallıqların qəbul olunması ilə bağlı məsələlər sülh sənədinin ayrılmaz tərkib hissəsi olacaq. Hesab edirəm ki, Ermənistanda parlament seçkiləri keçirilənədək gözləmək lazımdır və biz bu dövrün Ermənistanda həssas bir dövr olduğunu anlayırıq. Əgər bu gün kimsə Ermənistanda Azərbaycanla sülh sazişi haqqında danışsa, bu, həmin şəxsə populyarlıq qazandırmaz. Lakin yenə də ölkənin rəhbərləri siyasi karyeraları haqqında yox, öz dövlətləri haqqında düşünməlidirlər. Bu baxımdan, biz ümid edirik ki, seçkilərdən sonra bizdə bu məsələ ilə bağlı daha çox aydınlıq olacaq”.

Sülh sazişinin hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutduğunu qeyd edən Prezident Azərbaycanın bunu etməyə hazırıq olduğunu söyləyib: "Biz açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırıq və sözsüz ki, Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və bununla bağlı heç bir şübhə yoxdur. Buna görə də onlar Dağlıq Qarabağın statusu haqqında bütün səylərdən vaz keçməlidirlər. Bu, müzakirə predmeti olan məsələ deyil. İndi bizdə olan məlumata görə, rus sülhməramlılarının nəzarəti altındakı ərazidə otuz min insan yaşayır. Orada yaşayan insanlar bizim vətəndaşlarımızdır. Biz onları erməni təbliğatı tərəfindən beyinləri yuyulmuş vətəndaşlarımız hesab edirik”.

Prezident bildirib ki, əgər sülh sazişinə nail olunarsa, üç Cənubi Qafqaz ölkəsi arasında azad ticarət aparıla bilər və bu da mümkündür.

Bu arada "Qraparak” qəzeti yayıb ki, Azərbaycanla Türkiyəni birləşdirən dəhlizlərdən biri Qaragölün yaxınlığından keçəcək. Qəzet Azərbaycanın artıq dəhlizin tikintisi üçün qrunt yolun çəkilişinə başladığını da vurğulayıb: "Bununla əlaqədar olaraq Qaragöl Azərbaycan Ordusunun hədəflərindən biridir. Burada artıq təxminən 1000-ə yaxın Azərbaycan hərbçisi yerləşib”.

Siyasi-şərhçi Asif Nərimanlı "Şərq”ə deyib ki, Zəngəzur dəhlizi geosiyasi planın tərkibidir. Ekspertə görə, Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvana və Türkiyəyə quru əlaqəsinin yaradılmasında mühüm rol oynayır:

"Zəngəzur dəhlizinin açılması Türkiyədən Mərkəzi Asiyaya uzanan coğrafiyanı birləşdirəcək ki, bu da parçalanmış türk coğrafiyasının bütövləşməsi deməkdir. Lakin Zəngəzur dəhlizi həm də qlobal dəyişikliyin fonunda Çindən İngiltərəyə uzanan geosiyasi planın - "Bir kəmər, bir yol layihəsi”nin də tərkib hissəsidir. Təbii ki, belə bir dəhlizin gündəmə gətirilməsinin səbəblərindən biri də Gürcüstan marşrutunda yarana biləcək problemlərə qarşı alternativ marşrutun yaradılmasıdır. Bilirik ki, Gürcüstan daha çox Amerikaya yaxın olan ölkədir. Amerika isə Çinin "Bir kəmər, bir yol” layihəsinə qarşı çıxır. Bu kontekstdə Zəngəzur dəhlizi alternativ marşrut olacaq. Amma Zəngəzur dəhlizi ABŞ-ın və Fransanın timsalında Avropanın marağında deyil”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Şərq”ə vurğulayıb ki, noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanmasından sonra bölgədə yeni münasibətlərin qurulması üçün mütləq sərhəd problemlərini həll etmək lazımdır. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin işə salınmasının və Azərbaycanla Ermənistan arasında sülhün qorunması sərhədlərin delimitasiyası və demarkasiyası olmadan mümkün deyil:

"May ayının əvvəlindən sərhəd postlarının qurulmasının ikinci mərhələsinə start verilib. Lakin birinci mərhələdən fərqli olaraq, indi məlum mövzu ətrafında Ermənistan hakimiyyəti daha ciddi spekulyasiyalara gedir. Spekulyasiyaların başında isə Ermənistan müxalifəti, müxalifətin liderlərindən sayılan Robert Koçaryana yaxın media qrupları və yerli nümayəndələr dayanır. Sərhədlərin müəyyənləşdirilməsi prosesi Rusiyanın başçılığı altında davam etdiyindən R.Koçaryan bu məsələ haqqında şərh etməkdən çəkinsə də, məlum mövzu ona yaxınlığı ilə tanınan şəxslərin ciddi şəkildə siyasi hakimiyyətə qarşı seçkiqabağı təbliğatda əsas təzyiq alətinə çevrilib. Öz növbəsində, Nikol Paşinyan sərhədlərin delimitasiya və demarkasiya məsələlərinə cığallıqla yanaşaraq, geosiyasi kartlardan istifadə etmək qərarına gəlib. Bu kontekstdə Paşinyan hakimiyyətinin Fransa və ABŞ-la fasiləsiz dialoqu diqqət çəkir. Ələlxüsus, Fransa tərəfinin hadisələrə birtərəfli qiymət verməsi kimlərin son günlər davam etməkdə olan süni gərginlikdə maraqlı olduğunun göstəricisidir. Qərbdə Fransa başda olmaqla bəzi dairələr üçün bölgədə sülhün möhkəmləndirilməsi, Zəngəzur dəhlizinin tez bir zamanda reallaşması Rusiya və Türkiyə ilə geosiyasi qarşıdurma kontekstində arzuolunmaz hesab edilir. Zəngəzur dəhlizinin açılması xaricdəki bəzi qüvvələrin maraqlarına cavab vermir. Onlar regionda sülh və sabitliyin güclənməsini öz şəxsi ambisiyalarına qurban verməyə hazırdırlar. Lakin hər kəs əmin olsun ki, 10 noyabr tarixindən sonra bölgədə yeni geosiyasi və geoiqtisadi əlaqələrin formalaşmasına start verilib. Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə vadar ediləcək”.

Millət vəkili, iqtisadçı Vüqar Bayramov da qeyd edib ki, Zəngəzur dəhlizinin açılması türk dünyasının birləşdirilməsi və regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımından vacib olmaqla yanaşı, bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühümdir:

"Regionun kifayət qədər iqtisadi potensialı var və bu da regional dəhlizlərin əhəmiyyətini daha da artırır. Daha geniş anlamda region ölkələrdən Türkiyə və Rusiya Böyük İyirmiliyə üzv olan ölkələrdir. İran regionun aparıcı ölkələrindən hesab olunur. Cənubi Qafqazın isə dayanıqlı sülh kontekstində inkişaf perspektivləri yüksək qiymətləndirilir. Söhbət 3 trilyon dollarlıq Ümumi Daxili Məhsulu olan region ölkələrinin Zəngəzur dəhlizindən istifadəsindən gedir. Belə ki, Rusiya 1.7 trilyon, Türkiyə 761.4 milyard, İran 454 milyard, Azərbaycan 48.05 milyard, Gürcüstan 17.48 milyard və Ermənistan 13.67 milyard dollarlıq ÜDM-yə malikdirlər. Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir. Birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.
Bütün bunlar fonunda, Zəngəzur dəhlizi regionda kommunikasiyaların bərpasında həlledici layihələrdən hesab olunur. Bölgədə dayanıqlı inkişaf və sülh üçün isə regionda kommunikasiyaların bərpası qaçılmazdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR