Putin-Bayden görüşü: “Ermənistan-Azərbaycan məsələsi liderlərin masasında...”

8-06-2021, 14:48 130 dəfə baxılıb

Putin-Bayden görüşü: “Ermənistan-Azərbaycan məsələsi liderlərin masasında...”İyunun 16-da Cenevrədə ABŞ və Rusiya prezidentləri – Co Bayden və Vladimir Putin arasında görüş keçiriləcək. Liderlərin bu görüşü beynəlxalq təhlükəsizlik sisteminə və qlobal siyasətə müsbət perspektivlər vəd etmir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, liderlər görüşdə Yaxın Şərq, Ukrayna, Əfqanıstan, Belarus, Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya məsələlərini müzakirə edəcəklər.

Məhəmməd Əsədullazadə Bayden və Putinin bu məsələlərdə ortaq məxrəcə gələcə bilməyəcəyini iddia edib:

"ABŞ və Rusiya prezidentlərinin bu görüşü əvvəlki görüşlərdən fərqli olaraq daha da ciddiləşən beynəlxalq böhran fonunda keçirilir və tərəflər dünyada yeni nizamnın formalaşaması fonunda öz nüfuz dairələrini müəyyən etməyə çalışır. Təsadüfi deyil ki, NATO bu görüş ərəfəsində Baltik dənizində hərbi təlim keçirilir. Hərbi məşqlər Putin-Bayden görüşündən iki gün sonra başa çatacaq. Təlimlərə də ABŞ -ın Avropada hərbi komandalığı rəhbərlik edir. Liderlərin görüşündən əvvəl başlayan təlimlərin Rusiyaya qarşı "əzələ nümayişi” və təzyiq olduğu qənaətindəyəm. ABŞ bununla Avropanın təhlükəsizliyinin qarantı olduğunu nümayiş etdirir.

ABŞ-ın məqsədi budur ki, Rusiyanı böyük oyunlardan kənarda saxlayıb, öz daxilindəki problemlərə çəksin. Bunun nə qədər uğurlu olub-olmayacağı Qərbin atacağı addımlardan aslıdır. Lakin Qərbin sanksiyaları Rusiyanı geri çəkmək üçün kifayət etmir. Putin də son mesajlarında bununla barışmayacağını və yürütdüyü siyasəti daha qərarlılıqla davam etdirəcəyini bildirib”.

Bununla belə, politoloq hesab edir ki, görüşdən sonra iki ölkə arasındakı gərginlik səngiyə bilər:

"Bundan sonra diplomatik əlaqələrin qaydasına düşməsi mümkün ola bilər. Həmçinin geri çağrılan səfirlər öz işlərinə qayıda biləcək. Amma iki ölkənin Donbas məsələsinin həllində razılığa gələcəyini düşünmürəm, bununla belə bölgədə yeni müharibənin ertələnəcəyi mümkündür. Habelə Bayden görüşdə Belarus məsələsini qabartsa da, Putinin güzəştə gedəcəyini zənn etmirəm. Çünki Belarus Rusiyanın "Qərb qalası”dır.

Qara dənizdə problemlər davam edəcəyi gözlənilir. Yaxın Şərqlə bağlı da tərəflərin arasındakı fikir ayrılıqlarının aradan götürüləcəyini düşünmürəm. Amma İranla yeni nüvə anlaşması imzalamağa hazırlaşan ABŞ-ın bundan Rusiyanın sözügedən bölgədəki mövqelərinin zəiflədirilməsi üçün istifadə olunacağı istisna deyil”.

Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ və Rusiya liderlərinin bu görüşü sadəcə diplomatik əlaqələrin qaydaya salınması və Şərqi Avropadakı gərginliyin azaldılmasına hesablanıb:

"Həmçinin iki ölkə arasında ballistik raketlərlə bağlı yeni müqavilələrin bağlanması istisna deyil. Bayden ABŞ-ın klassik siyasətinin davamçılarındandır, buna görə də onun Putinlə görüşdən sonra Rusiya ilə mübarizəni davam etdirəcəyi istisna deyil. Amma diplomatik danışıqlar və dialoq mühiti qorunub saxlanılacaq.

Cənubi Qafqazla bağlı vəziyyətə gəldikdə, tərəflərin bu görüşdə və ondan sonra da öz mövqelərində qalacağı gözləniləndir. Yəni liderlərin görüşündə müzakirə olunacaq məsələlərdən biri də, Ermənistan Azərbaycan arasında baş verən son gəlişmələr olacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR