Yeni iqtisadi rayonlaşma: uzaqgörən iqtisadi və siyasi planın tərkib hissəsi - TƏHLİL

8-07-2021, 17:41 132 dəfə baxılıb

Azərbaycanda iqtisadi rayonlara bölgü yenilənib. Dəyişiklik Prezident İlham Əliyevin dünən imzaladığı "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanında əksini tapıb.

Fərmanda qeyd olunur ki, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişib, regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, əhalinin rifah halı yüksəlib: "Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb”.

Sənəddə vurğulanır ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə-Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir.

Bütün bunlar nəzərə alınaraq, Azərbaycanda 1991-ci ildən tətbiq olunan bölgü dəyişdirilir: əvvəlki 10 iqtisadi rayon (Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Lənkəran, Naxçıvan) əvəzinə 14 rayon yaradılır. Yeni bölgü aşağıdakı kimidir:

- Bakı iqtisadi rayonu (Bakı şəhəri);

- Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

- Abşeron-Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

- Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

- Gəncə-Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

- Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

- Qazax-Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

- Quba-Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

- Lənkəran-Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

- Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

- Mil-Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

- Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

- Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

- Şirvan-Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

İqtisadi rayonların yeni bölgüsünü şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi iqtisadi rayonlar üzrə bölgüyə yenidən baxılmasını şərtləndirir: "Fərmanda göstərildiyi kimi, bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Onun üçün Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb. Ümumilikdə, iqtisadi rayonların sayı 10-dan 14-ə çatır. Çünki Azərbaycan iqtisadiyyatı üç dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektoral strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar yaradıb”.

Ramil Hüseyn vurğulayıb ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması həm də tarixi ədalətin bərpasıdır: "Fərmanda Qarabağa vahid yanaşma var, yəni dağlıq və aran Qarabağ bir götürülür. Qeyd olunur ki, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla, özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir”.

İcraçı direktorun müavini Gəncə-Qazax və Aran iqtisadi rayonlarının tərkibinə yenidən baxılmasının da günün tələbi olduğunu deyib: "Diqqət yetirsəniz görərsiniz ki, fərmanda azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə-Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasının zəruriliyi vurğulanır. Onun üçün də Gəncə-Qazax iqtisadi rayonunun əvəzinə Gəncə-Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları) və Qazax-Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları) yaradılıb. Ölkənin ən böyük iqtisadi rayonu olan Aran iqtisadi rayonunun da tərkibinə yenidən baxılıb və 3 iqtisadi rayon - Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları); Mil-Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları); Şirvan-Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları) yaradılıb”.

Sonda Ramil Hüseyn qeyd edib ki, iqtisadi rayon - ölkə miqyasında təsərrüfatın ixtisaslaşma istiqamətlərinə görə fərqlənən ərazilərdir: "Yeni reallıq iqtisadi rayonlaşdırmaya yeni yanaşmanı əsaslandırır. Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü, xüsusən Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına töhfə verəcəkdir. Ölkədə iqtisadi idarəetmədə çevikliyin təmin olunmasına, institutsional islahatlar aparılmasına xidmət edəcəkdir. Xüsusən də iqtisadi rayonlar üzrə planlaşdırma işinin səmərəliliyini artıracaqdır. Regionların sosial-iqtisadi inkişaf proqramı, eyni zamanda Qarabağın inkişaf strategiyası da iqtisadi rayonların yeni bölgüsünə uyğunlaşdırılacaq”.

Məlumdur ki, regionlarda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Yeni bölgü bu sahənin inkişafı baxımından hansı üstünlüklər yaradır? Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin "Yeni Müsavat”a dediyinə görə, yeni bölgü iki baxımdan önəmlidir: "Birinci budur ki, azad olunmuş ərazilərin iqtisadi region kimi yenidən qruplaşdırılması baş verir. Bu, azad olunmuş ərazilərimizdə sosial-iqtisadi inkişafın planlaşdırılmasında ciddi üstünlüklər yaradacaq. İqtisadi regionlar üzrə yeni bölgüdə Aran iqtisadi rayonunun bir neçə rayona ayrılması ikinci mühüm məsələdir. Bu rayonda çoxşaxəli fəaliyyət sahələri olan çoxlu sayda rayonlar birləşdirilmişdi. İndi bölgü kənd təsərrüfatı istehsalının ixtisaslaşmasına uyğun aparılıb. Bunu Gəncə-Qazax iqtisadi rayonu üzrə aparılan dəyişikliklə bağlı da demək olar”.

İqtisadçı-ekspert Natiq Cəfərli Prezident fərmanında 3 mühüm məqama diqqət yetirməyin vacib olduğu fikrindədir: "Əvvəla, qeyd edim ki, iri iqtisadi rayonlar işlək mexanizm deyildi. Biz dəfələrlə iqtisadi baxımdan daha kiçik rayonlaşmaya gedilməsini təklif etmişik. Bundan sonrakı addım inzibati bölgünün bu rayonlara uyğunlaşdırılması, idarəetmənin həmin rayonlar üzrə təşkili olmalıdır. Bu gün imzalanan fərmanda diqqəti cəlb edən birinci məqam Bakının ayrıca iqtisadi rayon kimi götürülməsidir. Ümid edirik ki, bu, gələcəkdə Bakıda böyük şəhər bələdiyyəsinin, seçkili mer institutunun yaradılması üçün belə edilib. Çünki ərazi bölgüsündə dəyişiklik olmasa, kiçik rayonlara bölgü ilə yola davam etmək, iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil - təcrübə bunu sübut edib artıq. Biz bunu nəzərə alaraq təklif edirik ki, 3-4 rayon bir inzibati vahiddə birləşdirilsin. İndi belə bir bölgü iqtisadi baxımdan aparıldı, vacibdir ki, ardınca inzibati bölgü də ona uyğunlaşdırılsın”.

N.Cəfərli Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasını mühüm məsələ kimi qiymətləndirir: "Bu, həm iqtisadi, həm siyasi, həm psixoloji, həm də tarixi baxımdan uğurlu addımdır. Şərqi Zəngəzur varsa, demək, Qərbi Zəngəzur da var. Bu, gələcəkdə məsələnin gündəmə gətirilməsində mühüm rol oynayacaq. Zəngəzur məsələsini biz gündəmə gətirməklə onu Ermənistanın ölkəmizə qarşı hər hansı ərazi iddiasına qarşı qoya biləcəyik”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR