Şəmkirin icra başçısı maral biznesinə girişir

18-07-2015, 13:06 1190 dəfə baxılıb

Şəmkirin icra başçısı maral biznesinə girişir


















Onun bu biznesi 48 bələdiyyə, 42 icra nümayəndəsinə baha başa gəlib; rayon sahibkarları icra başçısının “abadlıq işlərinin” girovuna çevrilib

Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun bərbad idarəçiliyi rayonda gərginlik yaradıb. Başçının dəyişkən xasiyyəti onun idarə, müəssisə və təşkilat rəhbərləri ilə xoş olmayan münasibətinin yaranmasına səbəb olub. Qeyri-səmimi mühit, qərarların tez-tez dəyişdirilməsi 210 min əhalisi olan rayonu qarışdırıb. Ötən saylarımızdan birində “Şəmkirin icra başçısı rayonu qarışdırıb” sərlövhəli yazıda bu haqda məlumat vermişdik. Bu sayımızda icra başçısının iş adamları, bələdiyyə və icra nümayəndələri ilə münasibətlərinə toxunacağıq.

Şəhidlər Xiyabanında baş tutmayan xurma biznesi

A.Məmmədov rayona başçı təyin olunandan sonra özünə xurma biznesi yaratmağa can atıb. Aldığı minlərlə xurma tingini rayon ərazisində boş olan sahələrə əkdirməyə başlayıb. A.Məmmədov hətta Şəmkirdəki Şəhidlər Xiyabanının ərazisinə də xurma ağacları əkdirib. Amma başçının xurma biznesi alınmayıb. Tinglər quruyub...

Maralçılığa meyl salan icra başçısı...

A.Məmmədov bu dəfə özünü maralçılıq biznesində sınamağa qərar verib. Rayondakı qaynağımız deyir ki, başçı istəyini gerçəkləşdirmək üçün Çənlibel kəndi ərazində fermer təsərrüfatı yaradıb. Həmin təsərrüfata vaxtilə Çənlibel bələdiyyəsinin sədri olmuş Sabir adında şəxsi rəhbər təyin edib. Ən maraqlı məqamlardan biri də odur ki, başçı fermada bəslənəcək maralların yem təminatını yerli icra nümayəndəliklərinə və bələdiyyələrə həvalə edib. Şəmkirdə 48 bələdiyyə, 42 icra nümayəndəliyinə ildə maral fermasına 1000 manat civarında qeyri-rəsmi yardım göstərilməsi tapşırılıb.

Təsərrüfat qısa müddətdə yaradılsa da, ora marallar gətirilməyib. Amma maralların yeminin pulunu 48 bələdiyyə və 42 icra nümayəndəliyindən artıq alıblar...

Şəmkir bələdiyyələrinə ayrılan milyonlarla dotasiyanın şəhər bələdiyyəsinin hesabına köçürülməsinin sirri...

A.Məmmədov rayona başçı təyin olunandan sonra Şəmkir rayonu ərazisində yerləşən bələdiyyələrin maliyyə durumu həddindən artıq pisləşib. Dövlət büdcəsindən hər il bələdiyyələrə ayrılan dotasiya Şəmkirdə təyinatı üzrə çatmayıb. Belə ki, bu il iyulun əvvəlində Maliyyə Nazirliyinin Şəmkir bələdiyyələrinə ayırdığı dotasiya icra başçısının göstərişinə əsasən Şəmkir Şəhər Bələdiyyəsinin hesabına köçürülüb. Bu köçürmədə A.Məmmədovun özəl marağı var. Ərazisi nisbətən az olan kənd bələdiyyələrinə 60-70 min manat, daha böyük əraziyə malik olan kənd bələdiyyələrinə isə 100-120 min manat dotasiya ayrılsa da, bu pullar kəndlərin sosial problemlərinin həllinə, bələdiyyələrin inkişafına xərclənmir. Şəhər bələdiyyəsinin sədri Vüqar Həsənovla icra başçısı Alimpaşa Məmmədovun yaxın olması da hər kəsə bəllidir. Bu yaxınlıq təsadüfi deyil. İcra başçısının anadan olduğu Salyan rayonunda biznesi var. Rayonun polis rəisi isə şəhər bələdiyyəsinin sədri V.Həsənovun qardaşı Namiq Həsənovdur. Salyanda və Şəmkirdə biznes və vəzifə maraqları A.Məmmədovla şəhər bələdiyyəsinin sədrinin münasibətlərinin daha sıcaq edib. Bu münasibətlər milyonlarla dotasiyanın təyinatından kənar xərclənməsinə yol açıb. Şəmkir kəndlərində yolsuzluq, sosial problemlər də həll edilməmiş qalır.

Şəmkirdə keçirilən tenderlərin qalibi - icra başçısına yaxın MMC...

Büdcədən rayona ayrılan vəsaitlərin dağıdılması, mənimsənilməsi də adi haldır. Şəmkirdə tenderlərin əksəriyyətinin qalibi “21-ci Əsr” MMC olur. Bu MMC-nin icra başçısına bağlılığı haqda məlumatlar var. Qeyd olunur ki, tenderlərin əsas devizi olan “Ucuz qiymət, yüksək keyfiyyət” Şəmkirdə keçərli deyil. Rayonda keçirilən tenderlərdə “21-ci Əsr” MMC-dən savayı bir neçə MMC də iştirak edir. Lakin həmin MMC-lər bir qayda olaraq qiyməti “21-ci Əsr” MMC-nin göstərdiyi qiymətdən artıq göstərirlər. Nəticədə başçıya məxsus olması iddia edilən MMC qalib gəlir. Qaynağımız bildirir ki, tenderlərin nəticələri yoxlanılsa, məlum olacaq ki, A.Məmmədov başçı təyin olunana qədər tender vasitəsilə 60 manata alınan mal o, başçı təyin olunandan sonra 240 manata alınıb. Büdcə pullarının təyinatı üzrə xərclənməməsi başçının gəzdiyi avtomobillərdən də görünür. A.Məmmədovun istifadəsində bir neçə nəqliyyat vasitəsi olsa da, büdcə hesabına bahalı maşınlar almaqdan yorulmur. Sonuncu belə nəqliyyat vasitəsinin alınması üçün büdcədə 30 min manat nəzərdə tutulsa da, A.Məmmədov 70 min manata ən son model “Toyota” markalı maşın alıb.

A.Məmmədovun özünə yaxın olmayan sahibkarlara neqativ münasibəti də rayonda müzakirə olunan mövzulardandır. O, başçı təyin olunandan sonra rayonun Dəllər qəsəbəsinin ərazisindəki obyektlərin köçürülməsi göstərişini verib. Bu köçürmə əməliyyatı abadlaşdırma adı altında baş tutub. Sahibkarlar başçının köçürülmə ilə bağlı qərarına etiraz etsələr də, A.Məmmədov bildiyini edib. Nəticədə onlarla sahibkara daha prespektivsiz coğrafi mövqeyi olan Sabir kəndinin ərazisində yer ayrılıb. Əllərində Dəllərdəki mülklərinin sənədləri olan sahibkarlara Sabir kəndi ərazisində torpaq verilsə də, həmin torpağa aid yalnız icra müqaviləsi təqdim olunub. Hazırda isə icra başçısına yaxınlığı ilə tanınan şəxslər sahibkarlara Dəllərdəki obyektlərinin sökülməməsi haqda vədlər verməklə onlardan pul yığırlar. Pul verməyənlərin, haqqını tələb edən sahibkarların isə obyektləri dağıdılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR