İlham Əliyev: Üç ölkə arasında yeni əməkdaşlıq formatı yaranır

9-08-2016, 09:24 523 dəfə baxılıb

İlham Əliyev: Üç ölkə arasında yeni əməkdaşlıq formatı yaranır














Bu gün Bakıda tarixdə ilk dəfə olaraq İran, Rusiya, Azərbaycan prezidentlərinin üçtərəfli görüşü keçirilir.

Bunu Prezident İlham Əliyev bu gün Bakıda keçirilən sammitdə çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bu, tarixi hadisədir və bu gün üç ölkə arasında yeni əməkdaşlıq formatı yaranır.

Prezident İlham Əliyev qeyd edib ki, son vaxtlar yaşadığımız regionda risklər və təhdidlər artır:

“Biz beynəlxalq terrorizmə qarşı səylərimizi daha da birləşdirməliyik. Əslində bütün dünya səylərini birləşdirməlidir. Ancaq bu halda biz beynəlxalq terrorizmə qalib gələ bilərik. Azərbaycanın terrorizmə qarşı mübarizədə prinsipal mövqeyi dəyişməzdir.

2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliklə bağlı mühüm məsələləri müzakirəyə çıxarıb, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi təşəbbüsünü irəli sürüb. 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi ilə terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər mövzusunda keçirilmiş yüksək səviyyəli iclası xüsusi qeyd etmək istərdim. İclasın yekununda bəyanat qəbul olunub, terrorun bütün formaları və təzahürləri bir daha pislənib”.

Prezident İlham Əliyev sonra vurğulayıb ki, Azərbaycan nadir dövlətlərdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatında, həm də Avropa Şurasında təmsil olunur:

“Ölkələrimiz bu təşkilatlar daxilində uğurla əməkdaşlıq edir. Hörmətli həmkarlarımız, yaratdığımız üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir. Bu çox önəmli, yeni təşəbbüsdür. Üçtərəfli əməkdaşlıq regionda sülhü, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək. İqtisadi əməkdaşlıq, nəqliyyat, energetika sektorunda 3 tərəfli əməkdaşlıq xalqlarımızın rifah halının yaxşılaşmasını təmin edəcək. Əsasını qoyduğumuz bu format beynəlxalq aləmdə özünə layiqli yer tutacaq.

Biz bu gün mehriban qonşuluq nümunəsi göstəririk. Bu gün sübut edirik ki, əgər qarşılıqlı hörmət, xoş niyyət varsa, arzularımız səmimidirsə, bizim qeyri-sabit, böhran və münaqişələrlə dolu regionumuzda ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə, əməkdaşlığı dərinləşdirə bilərik”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR