"İlqar Məmmədov bu il də azadlığa çıxmasa, ReAL-ın təsis qurultayı keçirməsi mümkünsüz olacaq" — Natiq Cəfərlidən açıqlama

6-01-2018, 12:30 513 dəfə baxılıb

"İlqar Məmmədov bu il də azadlığa çıxmasa, ReAL-ın təsis qurultayı keçirməsi mümkünsüz olacaq" — Natiq Cəfərlidən açıqlama














2017-ci ildə ReAL Hərəkatının bütün cəhdlərinə baxmayaraq təsis qurultayı keçirməsi baş tutmadı.
Son olaraq Müsavat partiyasının qərargahında ReAL-ın təsis qurultayı keçirməsi qərar alınsa da, Müsavat partiyasına qarşı edilən təzyiqlərdən sonra ReAL-ın qurultayı baş tutmadı.

Bütün cəhdlər boşa çıxdıqdan sonra bir çoxları təklif edir ki, ReAL təsis qurultayını Tiflisdə keçirsin.

Bütün bunlarla bağlı Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli "Ölkə.Az"-a açıqlama verib:

"Xaricdə partiyanın təsis olunması Azərbaycan qanunlarına ziddir. Əgər biz ölkə qanunvericiliyinə görə partiyanı qurub, Ədliyyə nazirliyindən qeydiyyatdan keçirmək istəyiriksə və istəyimizdə bundan ibarətdir, onda Gürcüstan ərazisində qurultayın keçirilməsi, həmin sənədlərin Ədliyyə nazirliyinə verilməsi mümkünsüz olar. Buna görə də, bu addımı atmadıq".

2018-ci ildəki planlara gəldikdə isə ReAL Hərəkatının icraçı katibi bildirib ki, bu il də bütün variantlardan istifadə edib, təsis qurulyatını keçirməyə çalışacaqlar:
"Hər kəs gördü ki, ötən il bütün mümkün variantlardan istifadə etməyə çalışdıq, ancaq təsis qurultayını keçirməyimizə maneələr yaratdılar. Son olaraq siyasi partiyalara müraciət etdik ki, onların ofislərində təsis qurultayını keçirək, onlara da ciddi təzyiqlər etdilər. Müsavat partiyasına bir daha təşəkkür edirəm ki, ilkin olaraq razılıq vermişdilər təsis qurultayını onların ofisində keçirməyə, ancaq "Müsavat" da bizə görə böyük təzyiqlərə məruz qaldı. 2018-ci ildə qanuni yollarla müraciətlərimiz davam edəcək. Məhz həmin obyektlərə müraciətlər olunacaq ki, orada Müsavat partiyası, Azərbaycan Xalq Cəbhəsi partiyası öz qurultaylarını keçiriblər".

Ümumiyyətlə, ReAL-a təsis qurultayı keçirmək üçün yer verilməyəcəyi təqdirdə atacaqları addıma gəldikdə isə Natiq Cəfərli qeyd etdi ki, ümid edirik yaxın zamanda İlqar Məmmədov azadlığa çıxacaq:

"İlqar Məmmədovun azadlığa çıxması təsis qurultayı ilə bağlı müəyyən irəlləyişin əldə olunmasına səbəb ola biləcək addım olar. Hər kəsə aydındır ki, ReAl partiyasının sədri İlqar Məmmədov olacaq. O həbsdə olarkən partiyanın təsis edilməsi hökumətin planlarına uyğun deyil. Düşünürəm ki, mart ayına qədər İlqar Məmmədov azadlığa çıxacaq. İlqar Məmmədov azadlıqda olarkən ReAL-ın təsis qurultayı keçirməsi daha az aqresiya ilə qarşılanar.

İlqar Məmmədov bu il də azadlığa çıxmasa, ReAL-ın təsis qurultayı keçirməsi mümkünsüz olacaq. Açığı biz bunu bilirik. Bunun uzanması həm tərəfdarlar tərəfindən, həm də cəmiyyət tərəfindən ruh düşgünlüyü yarada bilər ki, "biz bacara bilmirik". Biz gənclərimizi, üzvlərimizi təzyiqlərlə üzbəüz qoymaq istəmirik. ReAl yaranan gündən bizim əsas qayəmiz bu olub ki, əsas zərbələr, təzyiqlər ancaq idarə heyətinə gəlsin. Biz hər hansı formada qurultayın keçirilməsinə cəhd etdikdə bunun qarşısının alınacağını bilirik. Digər siyasi partiyalardan fərqli olaraq gənclərimizi qorumağa çalışırıq, gənclər üzərindən, onların həbsi üzərində piar qurmaq istəmirik".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR