Aprel şəhidinin həyat yoldaşından müraciət - "Bizim də mənzillə təmin olunmağa haqqımız var"

30-03-2018, 13:28 509 dəfə baxılıb

Aprel şəhidinin həyat yoldaşından müraciət - "Bizim də mənzillə təmin olunmağa haqqımız var"
















Şanlı aprel döyüşlərimizin qəhrəmanı, Şəhid gizirimiz Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva Moderator.az-a ünvanladığı məktubunda, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib.

Müraciətdə deyilir:

Hörmətli Mehriban xanım!

Mən aprel Şəhidi Rahim Tağıyevin həyat yoldaşıyam. Mənim ailəm Ağdam rayonundandır. Hal-hazırda Mingəçevir şəhərində yaşayırıq. Həyat yoldaşım 1979-cu ildə Şəki şəhərinin Əliyar kəndində anadan olub. 1999-cu ildən Rahim Silahlı Qüvvələrimizin giziri kimi orduda xidmət edirdi. 2001-ci ildə ailə həyatı qurduq. Rahimin iş yeri cəbhə bölgəsi olduğu üçün 12 il Goranboyun Qızılhacılı kəndində kirayədə yaşadıq.

Üç ovladımız var: İki oğlan və bir qız. Həyat yoldaşım gizir Rahim Tağıyev aprel döyüşləri zamanı ağır yaralandı və 3 ay 7 gün komada qaldıqdan sonra iyulun 10-da Silahlı Qüvvələrimizin Baş Klinik Hospitalında dünyasını dəyişdi. Həmin gün Mingəçevir şəhərində Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edildi. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edildi. Üç uşaqla ipotekaya götürdüyümüz iki otaqlı mənzildə yaşamağa başladıq. Siğortamız olduğu üçün kreditimizin qalanı siğorta şirkəti tərəfindən ödənildi.

Hörmətli Mehriban xanım!

Mingəçevir şəhərində təəssüflər olsun ki, bir şəhid ailəsi kimi bizə mənzil verilmədi. Qızımın 15 yaşı var. Həkim olmaq üçün universitetə hazırlaşır. Oğlanlarım da böyüyür. Evdə bir otaqda yatmağa utanırlar. Axı bir şəhid zabit ailəsi kimi bizim də mənzillə təmin olunmağa haqqımız var. Həm də Mingəçevir şəhərində aprel şəhidlərinin hər bir ailəsinə 10 min manat pul verilib. Bəs necə olur ki, bizə bu pul verilmir? Özüm orta təhsilliyəm. Heç yerdə işləmirəm. Həyat yoldaşım Rahimin şəhidliyinə görə aldığım pul isə ancaq ehtiyaclarımızı ödəyir. Sizdən xahişim odur ki, bizə mənzil və 10 min manat yardımın verilməsi üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.

Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR