Nazim Babayev: Sahibkarlığın inkişafı dövlətin xüsusi diqqət mərkəzindədir

24-08-2015, 18:55 1226 dəfə baxılıb

Nazim Babayev: Sahibkarlığın inkişafı dövlətin xüsusi diqqət mərkəzindədir















Azərbaycan öz dinamik iqtisadi tərəqqisinə görə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Belə ki, həyata keçirilən rasional iqtisadi strategiyanın fonunda müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, kompleks səciyyəli iqtisadi islahatların həyata keçirilməsi, iqtisadi subyektlərin fəaliyyət mexanizminə əlverişli şəraitin yaradılması və digər bu kimi istiqamətlər prinsipial vəzifələr kimi müəyyən edilib. Eləcə də, Azərbaycan dövləti bütün bu vəzifələrin öhdəsindən layiqincə gələrək milli inkişafı ən yüksək səviyyədə təmin edir

Eyni zamanda, ardıcıl surətdə həyata keçirilən rasional iqtisadi islahatlar da Azərbaycan iqtisadiyyatının dinamik inkişafını şərtləndirən mühüm amillərdən biri kimi çıxış edir. Belə ki, ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu da bütövlükdə, milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Təsadüfi deyil ki, beynəlxalq maliyyə institutları da ölkəmizin iqtisadi inkişafını, reallaşdırılan tədbir və islahatları yüksək qiymətləndirirlər. O da qeyd edilməlidir ki, vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir. Qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər də milli iqtisadiyyatımızın tərəqqisində əhəmiyyətli strateji faktor kimi çıxış edir.
Bütün bunların fonunda milli iqtisadi inkişafı təmin edən mühüm faktorlardan biri olan sahibkarlığın inkişafı da dövlətimizin diqqət mərkəzindədir. Ümumilikdə, sahibkarlığın inkişafı özəl sektorun tərəqqisinə əhəmiyyətli töhfələr verir və bu amil öz növbəsində ölkə iqtisadiyyatının dinamik inkişafının davam etməsində mühüm rol oynayır. Dayanıqlı iqtisadi sistemin formalaşmasında və dinamik inkişaf əldə etməsində altqurum institutu kimi mühüm rola malik olan sahibkarlıq fəaliyyəti təkcə iqtisadi tərəqqiyə təkan verən faktor kimi çıxış etmir, eyni zamanda, sosial rifah halının yaxşılaşmasında əhəmiyyətli vasitə rolunu oynayır. Başqa sözlə, Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və sair sosialyönümlü problemlərin həlli sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan sahibkarlığın inkişafı üçün hər cür şəraitin mövcud olduğu ölkədir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər.

Bir məqama xüsusi olaraq toxunmaq gərəkdir ki, ölkəmizdə sahibkarlığın inkişafını təmin edən faktorlar çoxkomponentlidir və sadalananlarla yanaşı, bir sıra faktorlar da sahibkarlığın inkişafında yardımçı vasitələr qismində çıxış edir. Məsələn, bölgələrdə infrastrukturun yüksək tələblərə cavab verəcək səviyyədə yenidən qurulması, müasir standartlar əsasında yolların çəkilməsi, fasiləsiz enerjinin verilməsi, bir sıra rekonstruksiya tədbirləri və digər quruculuq işləri sahibkarların fəaliyyətini asanlaşdırır, yeni müəssisələrin, obyektlərin fəaliyyətinə əlverişli şərait yaradır.

Bunlarla yanaşı, ayrı-ayrı sektorlarda təxirəsalınmaz effektiv tədbirlər planının hazırlanması və icra mexanizmlərinin formalaşdırılması, həmçinin, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi sahibkarlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə bir nümunəyə istinad etmək məqsədəmüvafiq olar: belə ki, yerli istehsalın artması xarici ölkələrlə ticarətdə müsbət saldoya təsir etməklə yanaşı, ölkədə məhsul bolluğu yaradır ki, bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi anlamına gəlir. Sahibkarlara maliyyə dəstəyi ayrılarkən, ilk növbədə, iqtisadiyyatın indiki dövrdə inkişaf etdirilməsinə daha böyük tələbat olan sahələr hədəf seçilir. Bu baxımdan, qarşıya qoyulan məqsədlərdən biri, yəni, ərzaq məhsullarına olan tələbatın daxili istehsal hesabına tam ödənməsi və ərzaq təhlükəsizliyinin tam təmin olunması üçün bu sahəyə xüsusi diqqət ayrılır.

Nəticə etibarilə, sahibkarlığın inkişafı dövlətin diqqət mərkəzindədir. Azərbaycan dövləti sahibkarlığın, xüsusən də, bölgələrdə orta və xırda sahibkarlığın inkişafına maddi və mənəvi dəstək göstərməklə siyasi iradə nümayiş etdirir. Məhz bu amil iqtisadiyyatın dinamik inkişaf tempinin mütəmadi xarakter daşımasını şərtləndirir. Prezident İlham Əliyevin çıxışlarında mütəmadi olaraq sahibkarların fəaliyyətinə verdiyi önəmi vurğulaması, onların problemlərini dilə gətirməsi və sahibkarlığın inkişafı üçün lazım olan tapşırıqlar verməsi sahibkarlara böyük stimul verir, bu isə nəticə etibarilə sahibkarlığın inkişafına təkan və töhfə kimi çıxış edir.

Nazim Babayev,
Azqranat MMC-nin drektoru


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR