DYP-nin şöbə rəisinin nömrə biznesi

25-08-2015, 09:58 1021 dəfə baxılıb

DYP-nin şöbə rəisinin nömrə biznesi

















Və ya Müşfiq Rəhimov cüt nömrələrin qiymətini necə 230 min manata qədər qaldırıb?

Ötən günlərdə xəbər vermişdik ki, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimovun təkcə restoran deyil, həmçinin dövlət nömrə nişanları biznesi də var. Redaksiyamıza daxil olmuş məlumatlarda qeyd olunurdu ki, şöbə rəisinin Lənkərandakı «Xəzər Palase» istirahət mərkəzi ilə yanaşı, həm də Bakıda «Neon» adlı restoranı da mövcuddur.

Qeyd edək ki, Rəhimovun əsas gəlir yeri nömrə satışındandır. Avtomobillər üçün nəzərdə tutulmuş bu nişanların dövlət rüsumu 18 manatdan baha deyil. Amma elə bir vətəndaş olmaz ki, şəxsi maşınına nömrə alarkən 250-300 manat xərci çıxmasın. Redaksiyamızın bununla bağlı apardığı araşdırmalar zamanı üzə çıxan məqamlar isə kifayət qədər maraqlıdır.

İlkin araşdırmalar zamanı məlum olub ki, Müşfiq Rəhimovun ixtiyarında olan 10, 90 və 99-la başlayan dövlət nömrə nişanları böyük gəlir mənbəyidir. Belə ki, qöbə rəisi cüt rəqəmli və hərfli nömrələrə xüsusi qiymət qoyub. Məsələn, 10 NN 555 nömrəsinin qiyməti 3000 manatdır. Bu qiymətlər hərflər üzrə dəyişir. Tutaq ki, 10 CC 555 nömrəsinə sahib olmaq istəyən şəxs bunun üçün şöbədə ən azı 4-5 min manat xərcə düşməlidir.

Müşfiq Rəhimovun ən çox qazanc götürdüyü dövlət nömrə nişanları isə 99 ZZ (TT) 999-dur. Məlumatlara görə, bu nömrələrin qiyməti 200-230 min manat arasında dəyişir. Həmin nömrələri hər kəsin almaq imkanı olmasa da, varlı adamları özünün daimi müştərisinə çevirmiş şöbə rəisi rahatlıqla böyük qazanclar əldə edə bilir.

Düzdür, Müşfiq Rəhimovun «cibxərcliyi»ni çıxaran işlər də var. Məsələn, 90 SS 999 və ya sonuncu rəqəmləri 044, 033, 022 və sairələ başlayan dövlət nömrə nişanlarının da qiymətləri ucuz sayılmır. Onlar üçün nəzərdə tutulmuş məbləğ 1000 manatdan başlayır.

Qeyd edək ki, cüt nömrə məsələsi ilə bağlı hələ bir xeyli əvvəl qalmaqal yaşanmışdı. Həmin vaxt Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verərək bildirmişdi ki, dövlət rüsumlarında heç bir dəyişiklik olmayıb və nömrə alveri edənlərin kimliyi müəyyənləşərsə, cəzalandırılacaq. Lakin həmin vaxt adı daha çox hallanan İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşfiş Rəhimovla bağlı hər hansı bir tədbir görülmədi. Və bunun da sonradan müəyyən səbəbləri üzə çıxdı. Hətta Rəhimov ən yaxınlarının yanında böyük bir iddiada bulunub. Həmin iddiası isə ölkənin önəmli fiqurlarından biri haqqında olub və ortaya çıxacağı təqdirdə böyük qalmaqala səbəb ola bilər. Bununla bağlı yaxın günlərdə geniş məlumat verəcəyik.

Müşfiq Rəhimovun sürücülük vəsiqəsi biznesi də var. Ki, bu, artıq cəmiyyətdə geniş yayılmış bir informasiyadır və mahiyyəti də bəllidir. Hazırda Rəhimovun nəzarətində olan şöbədən sürücülük vəsiqəsi almaq istəyənin mütləq 1000 manatı olmalıdır.

Aydın məsələdir ki, nömrə alış-verişindən tutmuş, sürücülük vəsiqəsi əldə etməyə qədər heç bir işdə Rəhimov birbaşa iştirak etmir. O, otağının qarşısında quraşdırdığı kamera vasitəsi ilə əsas müştəriləri ilə təsadüfiləri bir birindən ayırır. Və tanımadığı adam olarsa, onu köməkçisi Aydının üzərinə yönləndirir. Aydın adlı həmin şəxs isə sözün həqiqi mənasında çox peşəkar bir dəllaldır və onun «müştəri»dən nəsə qoparmaması mümkün deyil.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR