İlham Pirməmmədov: Azərbaycan təhsilinin inkişafı ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır

29-08-2015, 11:01 1868 dəfə baxılıb

İlham Pirməmmədov: Azərbaycan təhsilinin inkişafı ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır












Azərbaycan təhsilinin mühüm inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin təhsil sahəsinə diqqət və qayğısı əvəzsiz olub

Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu Öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar.

Görkəmli dövlət xadimi Heydər Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Xeyli sayda məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz verilib. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib.

1998-ci ildə Azərbaycan müəllimlərinin qurultayında ümummilli lider Heydər Əliyev geniş nitq söyləyib. Ulu Öndər təhsilimizin inkişafı ilə bağlı fikirlərini bildirib, tövsiyələrini verib. Müəllimlik peşəsini, müəllim əməyini həmişə yüksək qiymətləndirən müdrik rəhbər Heydər Əliyev deyirdi: “...Bizim müstəqil respublikamızda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir”.

Dahi rəhbər Heydər Əliyev təhsil sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalayıb və bu sahənin inkişafında həmin sənədlərin xüsusi rolu olub.

Müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verir. 2005-ci ildə Azərbaycan dünya təhsil məkanına - Bolonya prosesinə qoşulub. Təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc Türkiyə, Almaniya, Fransa, Kanada, Rusiya, Sinqapur, ABŞ, Litva, Böyük Britaniya, İtaliya və digər ölkələrin ən nüfuzlu universitetlərində təhsilin müxtəlif pillələrində oxumağa göndərilib. Onlar respublikamız üçün zəruri olan ixtisaslar üzrə təhsil alırlar. Xaricdə oxumağa göndərilmiş gənclərin müəyyən hissəsi artıq təhsilini uğurla başa vuraraq ölkəmizə qayıdıb və müxtəlif qurumlarda çalışır.

Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırılmış “Yeni Azərbaycana - yeni məktəblər” layihəsi çərçivəsində son illərdə ölkəmizdə müasir tələblərə cavab verən üç mindən çox məktəb binası tikilib istifadəyə verilib. Məktəblər yeni avadanlıqla təchiz edilib. Təhsil sahəsində informasiya–kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb.

Bu gün Azərbaycanda təhsil sahəsi ilə yanaşı, iqtisadiyyat, elm, mədəniyyət və digər sahələr də çox sürətlə inkişaf edir. Azərbaycan öz inkişafına görə dünyanın öndə gedən ölkələrindən biridir. Bütün bu nailiyyətlər isə yalnız və yalnız ümummilli lider, qüdrətli şəxsiyyət Heydər Əliyev siyasətinin bəhrələridir.

İlham Pirməmmədov,
Təhsil Nazirinin müşaviri.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR