Qarabağ “düyünü”nü açmağın ən asan üsulu - TƏHLİL

7-01-2019, 16:06 338 dəfə baxılıb

Qarabağ “düyünü”nü açmağın ən asan üsulu - TƏHLİL


Bir qayda olaraq, hər ilin başlanğıcında Dağlıq Qarabağ ixtilafı ilə bağlı ekspertlər və siyasilər tərəfindən müxtəlif təxminlər səsləndirilir, gözləntilər dilə gətirilir. Builki proqnoz və gözləntilərin əsas özəlliyi isə Ermənistandakı inqilabi hakimiyyət dəyişikliyindən sonra problem ətrafında yaranan yeni situasiyadır.

Bu ay erməni baş naziri əvəzi Nikol Paşinyan 9 dekabr növbədənkənar parlament seçkilərinin nəticələrinə uyğun olaraq, öz hökumətini formalaşdıracaq. Yəqin ki, ondan sonra yeni iqtidarın Qarabağla bağlı bitkin mövqeyini görə biləcəyik. Paşinyan iqtidarı qarşısında duran qəliz məsələlərdən biri isə məhz Dağlıq Qarabağ konflikti ilə bağlıdır.

Məsələ həm də ondadır ki, Nikolun öz sələfləri kimi bu konflikti daha bir il uzatması heç də asan olmayacaq. Çünki münaqişənin həllində real dönüş zamanı yetişib. Bunu həmçinin ABŞ-la Rusiyanın region uğrunda sərtləşən rəqabəti də diktə edir. Qarabağ məsələsində dönüş isə iki cür ola bilər: ya diplomatik həmlə hesabına sülh danışıqları real nəticə verəcək, ya da Azərbaycan Ordusunun növbəti uğurlu həmləsi ilə 1 və ya 2 rayonun işğaldan azad edilməklə düşmənin ədalətli anlaşmaya gəlmək üçün fakt qarşısında qoyulacaq.

*****

Aydındır ki, hansı yolun seçilməsi bilavasitə Ermənistanın yeni rəhbərliyindən asılı olacaq. Politoloqların bu xüsusda ehtimalları maraq doğurur.

Məsələn, Rusiya Zabitləri Ekspertlər Şurasının üzvü, hərbi ekspert Aleksandr Perenciyev hesab edir ki, Dağlıq Qarabağ konfliktinin həlli təkcə siyasi-diplomatik yox, həm də intellektual prosesdir və prosesin bütün iştirakçıları çox güclü şəkildə beyinlərini işlətməli olacaqlar. Bu sözləri o, axar.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafındakı konfliktin həlli iki hissədən ibarət olmalıdır: “Birinci hissə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə heç vaxt daxil olmayan 7 rayonunun azad edilməsi məsələsinə həsr edilməlidir. Fikrimcə, bu rayonlar beynəlxalq və ya regional oyunçuların nizamı təmin etdiyi demilitarizasiya zonası elan edilməlidir. Bu qüvvələrin nə olacağı ayrı məsələdir. Yəqin ki, onlar MDB, ATƏT və BMT himayəsi altında ola bilər. Diskussiya çərçivəsindən kənarda qalmalı olan məsələ isə bu rayonların Azərbaycanın tərkibinə verilməsidir. Başqa bir variant kimi bu 7 rayona Azərbaycan parlamentinin qərarı ilə xüsusi status da verilə bilər. Sözsüz ki, 7 rayonun rəsmi Bakının idarəçiliyinə verilməsi beynəlxalq müşahidəçilərin iştirakı və beynəlxalq hüquq çərçivəsində baş tutmalıdır”.

Ekspertə görə, konfliktin həllinin ikinci hissəsi birbaşa konfliktin həllinə həsr edilməlidir: “Burada ATƏT-in Minsk Qrupunun tərkibində Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı birgə komissiya yaradılmasına baxılmalıdır. Bu komissiya problemin həlli üçün diplomatik və siyasi layihələrlə bərabər, iqtisadi layihələr də təklif etməlidir. Bu iqtisadi layihələr siyasi-diplomatik layihələrin əhəmiyyətini və gücünü möhkəmləndirməlidir”.

Politoloq rəsmi İrəvanın kompromisə getməyə hazır olmadan belə bir yol xəritəsinin reallaşdırılmasının mümkün olmadığını da söyləyib: “Buna görə də güman edirəm ki, bu, yol xəritəsində siyasi yox, məhz iqtisadi komponent üstünlük təşkil etməlidir. Hər şeydən öncə erməni tərəfinin işğal etdiyi Dağlıq Qarabağ və yeddi rayon problemi iqtisadi əsaslarla (yəni siyasi yox, maliyyə-iqtisadi vasitələr burada əsas amil rolunu oynayır - A.P.) həll edilməlidir”.

Ekspert əmindir ki, istənilən formatda - Cenevrə, Minsk, Soçi formatında - bu məsələ ilə bağlı, sadəcə, danışıqların aparılması və Ermənistan-Azərbaycan münasibətləri sistemində konkret layihələr yaratmadan hansısa nəticə əldə etmək mümkün olmayacaq.

*****

Söz yox ki, problemin ən yaxşı və optimal həll yolu Bakı və İrəvanın vasitəçilərsiz anlaşmasıdır. Çünki vasitəçi dövlətlərin münaqişədə öz maraqları var və bu maraqlar heç də Azərbaycanın və Ermənistanın maraqları ilə üst-üstə düşmür. Xüsusən də Rusiyanın öz mənafeyi naminə Qarabağ problemini uzatmaqda maraqlı olduğu sirr deyil. İşğalçı Ermənistan isə yanlış olaraq, illərdir Moskvanın regiondakı hərbi forpostu rolunu öz üzərinə götürüb, özünü Rusiyadan iqtisadi-siyasi və hərbi asılılığa salıb, Türkiyə və İranla sərhədlərinin mühafizəsini belə Rusiya hərbçilərinə (FTX) həvalə edib.

Demək, yeni hakimiyyət Azərbaycanla dinc Qarabağ anlaşması üçün öncə bu asılılığı minimuma endirmək barədə düşünməlidir. Sirr deyil ki, qərbpərəst Paşinyan hökumətinin ürəyindən bu keçir. Bəs Nikol buna cəhd edəcəkmi? Daxili və xarici şərtlər ona imkan verəcəkmi?

“Ermənistanın Rusiyanın qarmağından çıxmaq kimi bir imkanı yoxdur”. Bu sözləri politoloq, deputat Rasim Musabəyov deyib. O, son günlər ekspert dairələrində Ermənistanın Rusiya ilə əlaqələri bərpa etməyə çalışması barədə gedən müzakirələrlə razılaşmayıb. “Ümumiyyətlə, Ermənistan Rusiyadan qopmayıb ki, ona da geri qayıtsın. Sadəcə olaraq, Ermənistanda hakimiyyətə qərbpərəst qüvvələr gəlib. Ancaq heç nə Ermənistanın Rusiyanın forpostu olması reallığını dəyişdirə bilməz. Ermənistan Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətini davam etdirənə qədər Rusiyanın qarmağından çıxa bilməyəcək”.

İrəvan üçün əsas problem də əslində Dağlıq Qarabağ məsələsi yox, elə budur - Azərbaycan və Türkiyə ilə davam etdirdiyi düşmənçilik siyasəti. Bu düşmənçilik aradan qalxarsa, onun fonunda Qarabağ “düyünü” asanca açıla və Ermənistan əsl inkişafa üz tuta bilər. O halda müharibə riski birdəfəlik aradan qalxar, sərhədlər və kommunikasiyalar açılar, bölgəyə çoxdan gözlənilən daimi sülh gələr, inteqrasiya prosesləri sürətlənər, Bakı və İrəvanın hərbiyə xərclədikləri böyük paralar sosial-iqtisadi ehtiyaclara və layihələrə yönəldilər, nəhayət, Rusiyanın “ayağı” regiondan çəkilər... \\musavat.com\\


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR