Ermənilərin növbəti təxribatı - XİN-in reaksiyası olacaqmı?

11-03-2019, 08:46 382 dəfə baxılıb

Ermənilərin növbəti təxribatı - XİN-in reaksiyası olacaqmı?

Əhəd Məmmədli: “XİN səviyyəsində buna təkzib verilməlidir...”
Ermənistan tərəfin Azərbaycana qarşı təxribatları davam edir. İndi də ermənilər guya Rəşad Əlizadə ad-soyadlı Azərbaycan vətəndaşının qondarma “Dağlıq Qarabağ Respublikası”ndan vətəndaşlıq almaq üçün müraciət etdiyi barədə dezinformasiya yayıblar.

Təcavüzkar Ermənistanın qondarma rejimi bu cür yollarla dövlət kimi sırımaq cəhdləri ölkəmizdə ciddi etirazlar doğurub. Hələ ki Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məsələ ilə bağlı rəsmi bəyanatı olmayıb. Məsələ ilə bağlı XİN-in mövqeyini öyrənməyə çalışsaq da, dünən bazar günü olduğu üçün bu, mümkün olmadı.

Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a bu cür xəbərlərin informasiya müharibəsinin tərkib hissəsi olduğunu bildirdi: “Xəbər açıq şəkildə dezinformasiyaya oxşayır. Bu, ermənilərin anti-Azərbaycan təbliğat vasitəsidir. Ermənilər bununla azərbaycanlıların çarəsizlikdən Ermənistana, hətta Dağlıq Qarabağa qaçdıqlarını göstərirlər. XXI əsr informasiya, həmçinin dezinformasiya əsridir. Əsas o deyil sən həqiqət və ya yalan danışdın, əsas olan dediklərinə ətrafı inandırmaq bacarığındır. Biz ilk növbədə ermənilərin təbliğatına ətrafın inanmasına imkan verməməliyik. Ermənilərin saxta ”Dağlıq Qarabağ Respublikası"nı dövlət kimi sırımaq cəhdləri çoxdan var. Dağlıq Qarabağa Rusiya, Fransa, ABŞ-dan parlamentariyalar təşrif buyurur. Qondarma rejimin nazirləri Rusiyaya tədbirlərə dəvət edilir. 25 il ərzində torpağı geri almayanda ermənilər hələ daha betərini edəcəklər. Torpaqlarımızı qaytarmaq lazımdır ki, bu cür provakasiyalardan birdəfəlik qurtulaq. Azərbaycan tərəfi təkcə bu məsələ ilə bağlı deyil, ümumiyyətlə, Dağlıq Qarabağda antiterror əməliyyatı aparmalıdır. Ermənilər əndazəni çoxdan aşıb. Azərbaycana qarşı provokasiyalar, hədyanlıq, hədə-qorxular, dezinformasiyalar, hər cür sabotaj edirlər. Bunu dayandırmağın bir yolu var, o da hərbi gücümüzü nəhayət, düşmənə göstərmək. Konkret bu olaya gəldikdə isə XİN səviyyəsində buna təkzib verilməlidir.
Картинки по запросу Politoloq Əhəd Məmmədli

Ardınca bu xəbəri yalan çıxardan təbliğat maşınından istifadə edilməlidir. Media, sosial şəbəkələrdə ermənilərin bu xəbərini yalanlamaq, qeyri-ciddi xəbər, növbəti xəstə erməni təxəyyülü kimi göstərmək lazımdır. Həmin şəxsin səsini, video görüntüsünü tələb etmək lazımdır. Çünki Azərbaycan tərəfi sussa, bu xəbərin doğru olduğu anlaşıla bilər. Lakin görsək ki, ermənilər də bu xəbəri o qədər də yaymırlar, sakit dururlar, onda biz də protokol qaydası cavabla kifayətlənməliyik. Bu, əgər doğru xəbər olsa və doğurdan da vətəndaşımız düşmən tərəfə həqiqətən keçibsə, buna da hazır olub tutarlı cavablar verməliyik. Ermənilər son dönəmlər Dağlıq Qarabağda bir sıra işlər görürlər. Fizuliyə yürüş edirlər, Laçında məskunlaşırlar, Cəbrayılda yeni evlər tikirlər, Kəlbəcəri turist məkanına çevirirlər, torpaqlarımızda bizə hədə-qorxu gəlirlər, hədyanlıq edirlər. Bundan əlavə, Ermənistan rəsmiləri tez-tez Qarabağa səfər edirlər. Erməni baş nazirin oğlu Qarabağda rahat şəkildə hərbi xidmət edir. Azərbaycan ordusu bütün bunlara səssiz qaldıqca hələ düşmənlərimizdən çox belə provokasiyalar görəcəyik. Bütün bunlara ən gözəl və yeganə cavab Qarabağı azad etməkdir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR