"Azərbaycan Xalq Hərəkatının üzvü deyiləm" - Keçmiş baş nazir

2-04-2019, 10:36 357 dəfə baxılıb

"Azərbaycan Xalq Hərəkatının üzvü deyiləm" - Keçmiş baş nazir

Yazıçı Alber Kamyu deyirdi ki, dərd insanları birləşdirir. Amma Azərbaycan müxalifətini eyni dərd, eyni amal və hədəflər belə birləşdirə bilmir. Zaman-zaman yaranan birliklər, bloklar “ölü doğuldular” və ya “beşikdə boğuldular”.

Bu tendensiya nə digər keçmiş sovet respublikalarında, nə də Türkiyədə var. Bizdə isə müxalif firqələrin vahidliyi nəinki alınmır, artıq buna inam da dəfn olunub.

Əslində ilin əvvəlindən müxalifət düşərgəsində bir dinamika, “kabinetdən çıxma” halları müşahidə olunurdu: bir tərəfdə Azərbaycan Xalq Hərəkatı elan olunmuşdu, digər tərəfdə Qarabağ Komitəsinə müxalif simalar toplanmışdı, paralel olaraq Milli Şura və Müsavat mitinqlərə başlamışdı. Lakin yenə möcüzə baş vermədi, AXH-də didişmələr baş qaldırdı, Qarabağ Komitəsində qopmalar, parçalanmalar dərinləşdi.

Milli Şura ilə Müsavat 6 və 7 aprel mitinqləri üstündə sosial şəbəkədə qırğına çıxıblar, bir sözlə, bu cəbhənin vitrinində qarşıdurma mənzərəsi var. Niyə? Səbəb nədir? Müxalifət nə üçün bir araya gələ bilmir?

Ortada neft sərvəti yoxdur ki, bölə bilməsinlər, yaxud iqtidara gəlməyiblər ki, vəzifələr uğrunda savaşsınlar...

Qarabağ Azadlıq Təşkilatının sədri, Qarabağ Komitəsinin həmtəsisçilərindən olmuş və sonra qurumu tərk eləmiş Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, səbəblərini birmənalı söyləmək çətindir. Onun sözlərinə görə, Qarabağ Komitəsi ilə cəhd göstərildi və bu qüvvələr bir araya gətirildi: “Avqustda bir qurum meydana gəldi, amma parçalanma başladı. Mən müşahidə elədim ki, burada maraqlar səthidir, şəxsi qəbul edilməzlik nümunələri var, mübarizə ideoloji müstəvidə deyil.

Hiss olunur ki, kənar qüvvələr tərəfindən idarə olunanlar var, özləri qərar vermirlər, bu, şəxsi ambisiyalardır".

A.Nağı təəssüf edir ki, belə vəziyyət yarandı: “Hətta Qarabağ məsələsində də birlik olmadı. Bu proses mənim üçün o adamları tanımaq baxımdan təcrübə oldu”.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bildirdi ki, Qarabağ Komitəsi siyasi birlik olmadığını elan edib: “Azərbaycan Xalq Hərəkatının üzvü deyiləm və oradakı prosesləri özlərindən soruşsanız yaxşı olar. Üçüncüsü, parçalanmalar, birliklərin dağılması mövcudluğun formasıdır. İqtidarda da işdən çıxarılan nazirlər olur, kadrlar dəyişir, burada faciə yoxdur”.

AĞ Partiya başqanı Tural Abbaslının sözlərinə görə, müxalifət düşərgəsində tez-tez blokların yaranması və parçalanması doğrudur: “Amma bu proseslərin qurucu tərəfi də var və müxalifət iqtidarın xarakterinə baxmayaraq, cəhdlər edir, birliklər yaradır, aktivlik göstərir”.

T.Abbaslının fikrincə, partiyalarda birliklər seçkidən-seçkiyə olan dövrü əhatə edir: “Hər partiyanın öz hədəfi var və daimi onları bir yerdə saxlamaq doğru və mümkün deyil. Blokların tez-tez dağılması əsas deyil, nəticə olmalıdır, siyasi müxalifət ayaq üstə qalmalıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR