Müsavat Partiyasının adı keçən daha bir saxta mühacir qalmaqalı - Çəkişmə

18-04-2019, 13:50 352 dəfə baxılıb

Müsavat Partiyasının adı keçən daha bir saxta mühacir qalmaqalı - Çəkişmə

Zakir Ağayev adlı facebook istifadəçisi Orxan Qəhrəmanov adlı şəxsə məxsus Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin vəsiqəsinin şəklini yayıb. Onun iddiasına görə Orxan Qəhrəmanova saxtakarlıqla vəsiqə verilib. Z.Ağayevin yazdıqları bunlardır: “Şəkildə gördüyünüz Müsavat AKM vəsiqəsi Orxan Qəhrəmanova məxsusdur. O, 2016-cı ildə Almaniyaya gəlib. Onu tanıyanların nəzərincə, hakimiyyətlə yaxın əlaqələrini nəzərə alıb, ”göndərilib" də demək olar. Onu yaxından tanıyanların dediyinə görə, onu Almaniyada Müsavat AKM-in yüksək vəzifəli şəxsləri qarşılayıblar (Bakıdan gələn tapşırıq əsasında). Dərhal AKM-ə üzv edib siyasi mühacir, həm də guya köhnə müsavatçı kimi miqrasiyaya təqdim ediblər. 2017-ci ildə Almaniyada Müsavat Partiyası üzvlərinə cinayət işi açıldıqdan bir müddət sonra müəmmalı şəkildə Almaniyanı tərk edib Azərbaycana qayıdıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, həmin cinayət işində Azərbaycan hökumətinin Avropaya siyasi mühacir adı altında öz agentlərini yerləşdirməsi ilə bağlı da bəndlər var. İddialara görə, bu işdə hakimiyyətə bəzi tanınmış Müsavat AKM üzvləri də kömək edirmiş. Bunları nəzərə alıb Orxan Qəhrəmanovun Almaniyanı niyə tərk etməsini anlamaq olar. Hazırda Orxan Bakıda bir neçə hamam-sauna işlədir. Bu haqda onun öz facebook səhifəsindəki paylaşımlarından da görmək olar.

Müsavat üzvlərinə səslənirəm. Belə bir müsavatçı tanıyırsınızmı? Əgər tanımırsınızsa, necə olub ki, onu Müsavat AKM-ə üzv qəbul edib, miqrasiya idarəsinə də köhnə müsavatçı kimi təqdim ediblər? Sonra deyirsiniz ki, Müsavatın adını belə işlərdə hallandırmayın, fakt təqdim edin. Bu fakt deyilmi?"

Bu iddialara Müsavat Partiyasından və Müsavat AKM-in sədrindən cavab almağa çalışdıq. Lakin partiyadan dünən gün ərzində heç bir cavab olmadı.

AKM sədri İlham Həsən isə iki cümləlik bir cavab yazdı: “Hər yoldan keçənə cavab versək, onda gərək işimizi buraxıb küçə uşaqları ilə uğraşaq. Tamamilə saxta ittihamdır, boş verin”...

Sosial şəbəkədə Müsavata qarşı bu tipli yazılar yayıldığı bir vaxtda partiyanın rəhbərliyinə daxil olan şəxslər arasında gərginlik hökm sürdüyünü nümayiş etdirən söz atışmaları ortaya çıxıb. Belə ki, partiyanın rəhbərliyinə daxil olan şəxslər sosial şəbəkələrdə bir-birinə ağır sözlər yazırlar. Öncə Müsavatın Divan üzvü Yadigar Sadıqlı özünün facebook səhifəsində bu statusu yazıb: “Müsavat Partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız”.

Bu iddiadan sonra Müsavat başqanının müavini Səxavət Soltanlı Yadigar Sadıqlıya aşağıdakı ağır cavabı verib: “Əlbəttə, ürək ağrısı ilə bu statusu yazıram. Söhbət Müsavat Partiyasına və yüzlərlə ləyaqətli və vicdanlı müsavatçıya atılan böhtandan gedirsə, cavab verməmək mənim kitabımda yoxdur. Deməli belə, Yadigar Sadıqlı bütünlüklə Müsavat Məclisini təhqir etdikdən, provokativ hərəkətlər etdikdən sonra növbəti dəfə müsavatçılar haqqında böhtan və yalan yayması, guya müsavatçılar kiminsə göstərişi ilə ona ”satqın" deyiblər... (belə bir fakt yoxdur, mümkün deyil). Bu, müsavatçıları təhqir etməkdir. Məsələnin mahiyyəti odur ki, Məclisdə etdiyi dözülməz davranışdan sonra hər kəs onun bu davranışını qınadı, ondan səhv etdiyini etiraf edib, üzr istəməsini tələb etdilər. O da müsavatçılardan dəstək görmədiyi üçün əsasən antimüsavatçılardan və bu söhbətlərin detallarını bilməyən səmimi insanları çaşdırmaqla onların dəstəyini qazanmaq, Müsavat Partiyasına zərər vurmaq bahasına yalan və böhtan dolu status yazdı.

Siz siz olun, həyatda yaşadığı halda, fəaliyyət göstərdiyi müddətdə heç kim haqqında yüksək fikirlər yazıb özünüzü yazdıqlarınızın girovuna çevirməyin. Siz siz olun, yalan-böhtan danışmayın. Bir dəfə yalan-böhtan danışdızsa, məcbursuz ki, növbətiləri uydurasız".

Dalaşan Müsavat rəhbərlərindən hər ikisinin tərəfdaraları bu statusların altında ciddi dartışmalara başlaylblar. Qarşılıqlı iddia və ittihamlar davam edir.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülaga Aslanlı isə sosial şəbəkədə yazıb: “Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlının yazdıqları və 20-yədək, əsasən hakimiyyətin nəzarətində olan saytların tirajladığı məlumatlar həqiqəti əks etdirmir.

Əvvəla, partiyanın başqanı Arif Hacılının müsavatçıların daxili qrupunda kiməsə qarşı kampaniya aparmaq tapşırığı və ya belə kampaniyaya xeyir-dua vermək faktı ortada yoxdur. Belə tapşırıq ola da bilməz.

Müsavat Partiyasında formalaşmış münasibətlər sistemi buna imkan tanımır.

İkincisi, qapalı qrupda Yadigar bəyə qarşı, onun iddia etdiyi kimi, hər hansı kampaniya olmayıb. Kimsənin onu satqınlıqda və bölücülükdə ittiham etməsi faktı yoxdur.

Bəzi partiya üzvləri Yadigar bəyin partiyanın son məclisindəki davranışlarından narazılıqlarını bildirib, ondan səsləndirdiyi təhqirə görə üzr istəməsini tələb ediblər. Onun yazdıqlarından razı olub-olmadıqları məqamlara münasibət bildiriblər. Mümkündür ki, bu münasibət həmişə arzuolunan səviyyədə olmayıb və belə hala görə ancaq münasibət bildirən şəxs cavabdeh ola bilər.

Yadigar bəyin həqiqətə uyğun olmayan son açıqlamalarının motivləri mənə aydın deyil.

Ümid edir və inanıram ki, Yadigar bəy yaxın zamanlarda, yol verdiyi yanlışlıqların nəticələrini aradan qaldırmaq üçün lazımi addımlar atacaqdır! Etiraf etmək böyüklükdür".
Musavat.com


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR