Bələdiyyə sədri 40 ailənin torpağını dələduzluq yolu ələ keçirməkdə ittiham olunur

22-05-2019, 11:01 210 dəfə baxılıb

Bələdiyyə sədri 40 ailənin torpağını dələduzluq yolu ələ keçirməkdə ittiham olunur



Qobustan rayonu, Qaracüzlü kənd sakini Hüseynov İbrahim Məhəmmədəli oğlu tərəfindən redaksiyamıza növbəti şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər səlahiyyətli rəsmi qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:

“Biz, Qobustan rayon Qaraçüzlü kənd sakinlərinə yerli Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli qərarına əsasən, yaşadığımız kənd ərazisinə aid kənd təsərrüfatlı torpaqlardan pay torpaqları dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Kəndimizin daxil olduğu Qurbançı bələdiyyəsinin sədri olmuş Əlikram Musayev kəndin 40-a yaxın təsərrüfat rəhbərindən, o cümlədən bizim hüseynovlar ailəsinə məxsus (ailə başçısı) pay torpaını Dövlət Aktında ediləcək düzəliş adı altında hamısını əvvəlcə toplamış və 2006-cı ilin aprelin 2-də Bakı şəhəri, Mustafayev küçəsi,ev 27, mənzil 36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu ilə gizli sövdələşərək, özünün dediyi kimi 1 ha-nı 200 manata saxta sənədlərlə sataraq bizə külli-miqdarda ziyan vurmuşdur.

Belə ki, bələdiyyə sədri Ə.Musayev Qobustan Notariat kontorunun rəisi olmuş(hazırda vəkilliklə məşğul olan) Tofiq Seyidovla əvvəlcədən razılaşaraq alqı-satqı müqaviləsi bağlamaq üçün bizim, 40 ailə başçısının adından öz adına etibarnamə və ailə üzvlərinin hər birinin adından saxta razılıq ərizələri tərtib edərək, eyni reyestr nömrəli 02 aprel 2016-cı il tarixli 2 ədəd alqı-satqı müqaviləsi tərtib etmişlər. Birinci müqavilədə 6 nəfər, ikinci müqavilədə isə 32 nəfər təsərrüfat rəhbərinin adları qeyd edilmişdir.

Müqavilənin saxtalığını sübut edən məqamlardan biri budur ki, 32 nəfərin adı yazılmış alqı-satqı müqaviləsində alıcının imzası və adı göstərilmir. Belə bir saxta müqavilə əsasında alıcı M.Məmmədov 2008-ci ilin aprelin 21-də 14 saylı DƏDRX-nın Şamaxı rayon Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatı haqqında MH seriyalı 4 ədəd çıxarış almışdır. M.Məmmədovun adına cəmi 526,74 hektar torpağa mülkiyyət hüququna dair sənəd verilmişdir.

Torpaq mülkiyyətimizin tam ələ keçirilməsi barədə biz - kənd cammatı - yalnız 2016-cı ilin oktayabr ayında əlimizdə olan Dövlət aktı əsasında çıxarış almaq istərkən ƏMDKDƏDRX-nin 14 saylı Ərai İdarəsinin 08 noyabr tarixli cavab məktubundan aydın olmuşdur ki, “bizlərə məxsus torpaq sahələri 02 aprel 2006-cı il tarixdə Qobustan rayon DNK-da təsdiq olunmuş 4-ə-13 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhər sakini Məmmədov Malik Xeyrulla oğlunun adına JN-571, kod 30708038 saylı Dövlət aktı hazırlanmışdır. Torpaq sahələr hazırda başqa mülkiyyətçinin adına qeydiyyata alındığı üçün həmin torpaqların üzərində sizin mülkiyyət hüququnuzun qeydiyyata alınması qeyri-mümkündür”.

Rəsmi cavab məktubundan bizlərə aydın olmuşdur ki, torpaqlarımız dəlduzluq yolu ilə - etimadımızdan süi-istifadə edən bələdiyyə sədri tərəfindən razılığımız olmadan digər fiziki şəxsə satılmışdır. Və çox təəssüflər olsun ki, orqanlara etdiyimiz müraciətlər nəticəsiz qalmışdır. Məsələni araşdırdığımız zaman bizlərə o da məlum olmuşdur ki, “Alıcı” hesab olunan Malik Məmmədov ələ keçirdiyi 526 ha torpağımıza görə son 10 ildə saxta sənədlərlə taxıl əkmək adı ilə dövlətdən hər hektarına 90 manat olmaqla təxminən hər il 36-45000 manat pulu subsidiya alaraq mənimsəmişdir.

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini cənab Canpolad Danovun bizə yazdığı 07 mart və son dəfə 08 may 2018-ci il tarixli rəsmi cavab məktubundan aydın olur ki, “ Qobustan Rayon polis Şöbəsində toplanan materiallar üzrə Qobustan Rayon Prokurorluğunda araşdırma davam edilərkən, cinayət hadisəsninin olmadığını və cəlb etmə müddətinin keçdiyinə görə AR cinayət Prosessual Məcəllənin 39-cu maddəsinin 1.2 və 1.3-cü hissələrinə əsasən cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir”. Qobustan Rayon prokurorluğu və Qobustan polis şöbəsi isə gəldikləri və verdikləri əsassız qərarın bir nüsxəsini Qobustan rayonunun Qaracüzlü kəndinə göndərməkdə zülm çəkirlər.

Biz DİN-nin rəsmi cavabına əsasən bir daha qeyd etmək istərdik ki, torpaqlarımıza Şamaxı Reyestr İdarəsindən 2016-cı ildə müraciət edərək çıxarış almaq istərkən rəsmən bildirmişlər ki, sizlərə məxsus torpaq sahələri 2006-cı ildə Məmmədov Malik Xeyrulla oğlunun adına 526 ha torpaq sahəsinə çıxarış verilmişdir. Biz də hüquqlarımızın pozulduğunu bildikdən dərhal sonra yerli və yuxarı orqanlara şikayətlər etmişik. Daha nə etməli idik ki? Bəs Prokurorluğa təqdim olunan Şamaxı Reyestr İdarəsinin 2016-cı il tarixli rəsmi məktubunu niyə nəzərə almadan belə bir əsassız qərar qəbul edib? Bəs prokuror öz vəzifə səlahiyyətini icra etməklə niyə son 10 il ərzində dövlətdən 526 ha torpaq sahəsinə görə dövlət büdcəsindən “formal” sənədləşmə əsasında oğurlanmış hər ili üçün 45000 manat dövlət vəsaitinin geri qaytarılması barədə niyə cinayət işi qaldıra bilmir? Əkilmiş taxılı kim və nə vaxt görüb? Görübsə kimə satılıb və nə qədər dövlətə vergi ödənilib?



Bütün kənd sakinləri özləri Allah şahididir ki, onlara məxsus yüzlərlə hektar torpaq sahələrində heç vaxt bir kv.m də olsa taxıl əkilməmişdir. Bunu kənd təsərrüfatı mütəxəssisləri olan ekspertlər də yerində baxış keçirib, rəy verə bilər.

Digər tərəfdən DİN BİSTİ idarəsinin rəis müavini cənab Canpolad Daanova nəzərinə çatdırmaq istəyirik ki, yuxarı direktiv orqanlara göndərdiyimiz və Kənd Təsərrüfatı Nazirliyinin rəsmi veb saytına istinadən Subsidiyaların verilməsilə bağlı təqdim etdiyimiz rəsmi sənədlər 2015-2018-ci illəri əhatə edir. Və bu fakt Sizin əsaslandığınız CPM-nin 39.1.1 və 39.1.3 maddələrinə uyğun gəlmir. Niyə DİN-nin rəis müavini korrupsiyalaşmış mütəşəkkil dəstənin son 10 il ərzində dövlətdən taladığı milyonlarla manat mənimsənilən dövlət vəsaitinə belə bir don geyindirmək istəyir? Ona görə də dövlətdən son illər talanan pulların konkret kimlər tərəfindən həyata keçirildiyini bir daha cənab Daanova xatırlatmaq istərdik:

2015-ci il üzrə Qobustan rayonun Qaracüzlü kəndi üzrə: Malik Məmmədov 404 ha-a torpağa görə 20200 AZN, Musayev Əlikram Ələkbər oğlu 148 ha üçün 7400AZN (bələdiyyə sədridir), Əlikramın qardaşı Musayev İlyas Ə. 77 ha üçün 3850 AZN, Əlikramın qardaşı – Musayev Vahid Ə. 10 ha üçün 500 AZN, Əlikramın oğlu- Ələkbərli Emin Ə. 48 ha üçün 2400 AZN vəsait əldə etdmişdir.

2016-cı il üzrə : Malik Məmmədov 491 ha üçün 32 200 AZN, Musayev Əlikram 71 ha üçün 6 350AZN, Əlikramın oğlu Ələkbərli Emin 40 ha üçün 3 620 AZN, qardaşı Musayev İlyas 71 ha üçün 6 390 AZN mənimsəyib.

2017-ci il üzrə: Malik Məmmədov 480 ha üçün 24 000 AZN, Musayev Əlikram 20 ha üçün 1 824 AZN, qardaşı Musayev İlyas 13 ha üçün 1210 AZN mənimsəyib.

Xatırladaq ki, bələdiyyə sədri olmuş Əlikram Musayev və onun qohum qardaşına məxsus bütün torpaqlar M.Məmmədova 2006-cı ilin aprelin 2-də satıldığı halda, o, yenə də kağız üzərində dövlətdən guya torpaq əkməsi barədə yalan hesabat verməklə, külli-miqdarda vəsaiti alıb mənimsəmişdir. Hər ilə cəmi 1000 hektara yaxın torpaq üçün vəsait əldə olunmuşdur. Bunun yarısı Malik Məmmədova, yarısı yerli bələdiyyə sədrinin özü və qohumlarına məxsus olub.

Bizim müraciətimizdən sonra Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramovun bizə və Qobustan Rayon Kənd Təsərrüfatı İdarəsinə yazdığı 04 may 2018-ci il tarixli cavab məktubunda qeyd edilir ki, “Vəfat etmiş şəxslərə və digərlərinə məxsus torpaqların saxta etibarnamə əsasında Malik Xeyrulla oğluna satıldığı və istifadə olunmayan 526 ha əkin sahəsinə görə hər il 35-36000AZN vəsaitin dövlət yardımı adı ilə mənimsənildiyini və dəgər məslələri kimi qanunpozuntusu hallarının araşdırlıması xahiş edilir. Qaldırılan məsləyə aidiyyatı yerli qurumlarla birlikdə, müəllifin iştirakıilə qanunvericiliyə uyğun olaraq baxılması, nəticəsi barədə mümkün qısa vaxt ərzində ərizəçiyə və Nazirliyə məlumat verilməsi Sizə tapşırılır”.

Eyni məzmunlu 11 may 2018-ci il tarixli məktub Kənd Təsərrüfatı Nazırinin müavini cənab İlham Quliyev tərəfindən bizə və Qobustan Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsənağa Hüseynova həvalə edilsə də son 46 gündə bir addım belə atılmayıb.

Doğrudur, 10 ay əvvəl Qobustan rayon prokuroru kənddə Ə.Musayev barədə biz şikayətçıləri bir bir çağırıb izahat alıb işi araşdıracağını vəd etmişdir. Baxmayaraq ki, prokurorun dəfələrlə Ə.Musayevin əməlində cinayət tərkibi olmaması barədə gəldiyi rəsmi qərara etiraz olaraq biz işin qonşu rayonlardan birində araşdırılmasını tələb etmişdik.

Bir daha xatırlatmaq istəyirəm ki, kəndimizdə yaşayan 40-a yaxın təsərrüfat rəhbərindən (ailə başçısından) Ə.Musayevin adına etibarnamə alması (o cümlədən vəfat etmiş 6-7 şəxsin də daxil olmaqla) və şəxsən bizim Hüseynovlar ailəsinə daxil olan 10 nəfərlik subyektlərdən razılıq ərizələri tərtib edilsə də reallıqda nə mənim valideynlərim, nə də mən başda özüm olmaqla ailə üzvlərim heç bir rəsmi sənədə faktiki olaraq imza atmamışıq. Doğrudur, kəndimizin 5-6 sakini məhkəməyə mülki qaydada müraciətlər etsə də, şəxsən mən və ailəm bunun birbaşa cinayət tərkibi olduğunu başa düşərək məhkəməyə müraciət etmirik. Çünki bizim ailəyə məxsus 31.4 ha pay torpağını Hazırkı Fövqəladə Hallar Nazirinin müavini Məmmədov Nazim Xeyrulla oğlunun qardaşı Məmmədov Malik və yerli bələdiyyə sədri olmuş Əlikram Musayevin qabaqcadan əlbir olaraq ailə üzvlərimizin adından sənəd saxtakarlığı edərək qanunsuz ələ keçirdikləri mülkiyyətimiz olan 31.4 ha pay torpağının geri qaytarılması üçün baş vermiş ağır cinayətin araşdırılmasını və hüquqi qiymətinin verilməsini istəyirik.

Bu barədə 7 may 2019-cu il tarixində cənab Prezident İlham Əliyevin Qobustan rayonuna rəsmi səfəri zamanı da yazdığım ərizəni Prezidentə vermək üçün onun yaxın təmsilçilərinə təqdim etmişəm.

İndi torpağı əlindən saxtakarlıqla alınmış ailəmizin ümidi yalnız Dövlətimizin başçısı çoxhörmətli İlham Əliyevə qalmışdır. Biz istəyirik ki, ailəmizə məxsus mülkiyyətimizi (pay torpağını) saxtakarlıq və dələduzluqla mənimsəmiş, şikayət verdikdə isə vəzifə səlahiyyətindən süi-istifadə edərək ağır cinayətləri rüşvət müqabilində ört-basdır edən korrupsiyalaşmış mütəşəkkil dəstənin qanunazidd hərəkətlərinə tezliklə hüquqi qiymət verilsin. Başqa heçnə”.
Hurriyyet.org


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR