İcbari tibbi sığorta pulu nə vaxtdan yığılacaq? - Agentlikdən hamını düşündürən suala CAVAB

5-12-2019, 00:55 441 dəfə baxılıb

İcbari tibbi sığorta pulu nə vaxtdan yığılacaq? - Agentlikdən hamını düşündürən suala CAVAB

İcbari tibbi sığortanın 2020-ci ildə ölkə üzrə mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə əlaqədar təkliflərini hökumətə təqdim edib.Gələn il respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsi təklif olunur. Təklifə əsasən, birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və bu proses yanvar-mart aylarını əhatə edəcək. Qeyd olunan regionlara Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları daxildir. Qeyd edək ki, hazırda pilot layihənin həyata keçirildiyi inzibati ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) də icbari tibbi sığorta sisteminin tətbiqi 1 yanvar 2020-ci ildən başlanacaq. İlkin mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək. İkinci mərhələdə - aprel-iyun aylarında 17 region – Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan sözügedən sistemə qoşulacaq. Belə ki, bu regionlarda yaşayan ölkə əhalisinin 24.60 faizi icbari tibbi sığortanın xidmətlər zərfindən yararlanacaq. İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabadda icbari tibbi sığorta tətbiq olunacaq. Sözügedən regionlarda ölkə əhalisinin 19.53 faizinə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmət göstəriləcək. Dördüncü mərhələdə - oktyabr-dekabr aylarında - Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək. Bu isə ölkə əhalisinin 32.05 faizini təşkil edir. İcbari Tibbi Sığortada əhalinin adambaşına 90 manat olmaqla dövlət büdcəsi hesabına sığortalanması nəzərə tutulub.

Bu, üç il ərzində baş verməlidir.

Maraqlıdır, vətəndaşların İcbari Tibbi Sığorta üçün aylıq ödəmələri də mərhələli olacaq? Yoxsa ilin əvvəlindən sigorta haqları toplanacaq? Əməkhaqqıdan aylıq tutulmalar nə vaxtdan baslayacaq?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Cebhe.info-nun sorğusuna verilən cavabı təqdim edirik:

“Milli Məclisin 03 dekabr 2019-cu il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) dəyişikliklər qəbul edilib. Dəyişikliyə əsasən, icbari tibbi sığortanın xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olmayacaq. Zərf vahid toplu şəklində ambulator-poliklinika və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edəcək. Qanuna görə 2020-ci ilin yanvar ayının 1-dən etibarən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Bu isə o deməkdir ki, misal üçün vətəndaş aylıq olaraq 8500 manat əməkhaqqı alırsa 8000 manatın 2%-i, qalan 500 manatın isə 0.5%-i miqdarında icbari tibbi sığorta haqqı hesablanacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. 2021-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub. Həmçinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.

Qanuna əsasən, dövlət büdcəsi hesabına ödənilən icbari tibbi sığorta haqları, tütün məmulatları, alkoqollu və energetik içkilərə tətbiq edilən sığorta haqları istisna olmaqla, digər icbari tibbi sığorta haqlarının 1 aprel 2020-ci ildən toplanılması nəzərdə tutulur. 2023-cü ildən etibarən isə qanunun 15-2.3.6-cı maddəsinə əsasən, müstəqil ödəyicilər üzrə təqvim ili üçün minimum aylıq əməkhaqqının 48%-i miqdarında icbari tibbi sığorta haqqı nəzərdə tutulub.

Məsələn, hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250 manatdır. Həmin məbləğin 48%-i miqdarında – təqvim ili üçün 120 manat - icbari tibbi sığorta haqqı hesablanır. Həmçinin qanunda “Azadolma məbləği və gözləmə müddəti” maddəsi silinərək “Müştərək maliyyələşmə məbləği” maddəsi ilə əvəz olunub. Müştərək maliyyələşmə məbləği dedikdə, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsi nəzərdə tutulur. Müştərək maliyyələşmə məbləği xidmətlər zərfi ilə müəyyən olunur və tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə birbaşa ödənilir. Müştərək maliyyələşmə məbləğinin tətbiqinə də 1 aprel tarixindən başlanılacaq.

Qanuna əsasən, bütün əhali sığortaolunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaqda bərabər hüquqa malikdir. Qanunun əhatə dairəsinə gəldikdə isə qeyd edilməlidir ki, bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərə, cəzaçəkmə müəssisələrində (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) cəza çəkən şəxslərə, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla Miqrasiya Məcəlləsinə əsasən, Respublikada müvəqqəti olan, müvəqqəti və daimi yaşayan şəxslərə şamil edilmir. Qanuna edilən dəyişikliyə görə, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə Agentlik tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq".

Qeyd edək ki, qanun Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR