“İlin xərçəngi” Oqtay Şirəliyev

17-12-2019, 17:43 335 dəfə baxılıb

“İlin xərçəngi” Oqtay Şirəliyev

Xalq arasında Səhiyyə naziri Oqtay Şirəliyevlə bağlı bir lətifə var. Deyilir ki, jurnalistlərdən biri nazirə zəng vurub, insanların “Azərbaycan səhiyyəsi ölüb, ağlayan yoxdur” ittihamları ilə bağlı açıqlama istəyir. Nazir telefona Avropadan cavab verir. O, səhiyyəmizin bərbad gündə olması ilə bağlı ittihamları rədd edərək deyir ki, “Almaniyada müalicə alıram, qayıdan kimi hamısının cavabını verəcəm”. Lətifə olsa da, səhiyyəmizin tam gerçək mənzərəsini əks etdirir.

14 ildir xərçəng kimi nazirliyin boğazına keçmiş Şirəliyevin sayəsində ölkə səhiyyəsi metastaz verib. Xəstəliklər bir yandan, səhiyyə sistemi də bir yandan milləti qırır. Hakimiyyət komandasındakı pullu oğrularla məsələ aydındır. Onlar heç bir halda sağlamlıqlarını ölkə səhiyyəsinə etibar etməzlər. Əhalinin azacıq imkanı olan və ya xərc-borc müalicə pulu düzəldə bilən kəsimi də həyatı ilə risk etmədən üz tutur qonşu İrana. Yerdə qalan çoxluq isə həmin metastaz səhiyyəmizin cəngində can çəkişir. Ölkədən bu qədər neft pulları gəlib getdi və hələ də tibbi sığorta sisteminin tətbiqi ilə bağlı ürəkaçan bir xəbər yox. Yetmiş yaşlı nazir də yerini bərkidib oturub, deyəsən heç 14 il də tərpənənə oxşamır.

Oqtay Şirəliyevi boşuna “İlin xərçəngi” nominasiyasının qalibi elan etmədik. Ölkə əhalisi xərçəngdən qırılır. Rəsmi məlumata görə, keçən il Azərbaycanda 11606 nəfərə ilk dəfə onkoloji xəstəlik diaqnozu qoyulub. Məlumatda bildirilir ki, daha çox rast gəlinən onkoloji xəstəlik ağciyər xərçəngidir. Bu siyahıda ikinci yerdə mədə xərçəngi dayanır. Bu hakimiyyətin ölkə insanına bəxş etdiyi həyat budur, zəhərli hava, zəhərli qida və zəhərli səhiyyə. Bundan dəhşətlisi də odur ki, səhiyyənin başında dayananlar bu qorxunc xəstəlik üzərində özlərinə biznes qurublar. Adamlar vicdansızcasına çarəsiz xəstələrin ölüm-qalım mübarizəsi hesabına pul qazanırlar. Özü də qəpik-quruş deyil, milyonlarla, yüz milyonlarla pul. Şirəliyev nazirlikdə tender bazarı açıb. Səhiyyə sahəsində ölkə üzrə elan olunan bütün tenderləri hakim ailəyə yaxın 3-4 şirkət “udub” pulunu qoyur cibinə. Tibb müəssisələrinə alınan avadanlıqlar, ləvazimatlar və dərman preparatları qapıdan gəlib, bacadan çıxır. Pulu olmayan xəstələri ölkənin heç bir tibb ocağında qapıdan içəri buraxmırlar. Xərçəng xəstələri ilə bağlı məsələ isə daha dəhşətlidir. Onkologiya mərkəzində təkcə xəstələrin kimyaterapiyası 300-400 manat, şüaların 28 seansı 1000 manatdır. Onkoloji klinikada 4 min manata başa gələn əməliyyat İran, Gürcüstan və Türkiyədə bundan qat-qat ucuz həyata keçirilir. Nazirliyin tender bazarında isə böyük milyonlar havada oynayır. Əvvəlki yazılarımızda qeyd etmişdik- Milli Onkologiya Mərkəzi isə bu sahədə daha azad hərəkət edir. Mərkəz təkcə keçən il heç bir tender keçirmədən layihələri hakim ailəyə məxsus “Azeri Med” şirkətinə verib, onunla 43 milyon manatlıq alqı-satqı aparıb. Onkologiya mərkəzinin direktorunun və nazir Şirəliyevin də vitse-prezident xanıma yaxın adamlar olduğunu nəzərə alsaq, bütün gizlinlərə işıq düşür. Yəni təhlükə biz düşündüyümüzdən də böyükdür. Həyatımız vicdanı ölmüş adamların əlindədir, xərçəngin kökü çox-çox dərinlərə işləyib.

https://storage.googleapis.com/qurium/azadliq.info/231032.html


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR