Ramiz Mehdiyev bu başçını NECƏ XƏRCLƏDİ..

23-09-2020, 12:47 189 dəfə baxılıb

Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri, “5-ci kolon”un “xaç atası” Ramiz Mehdiyevin ona tabe olmayan və ölkə başçısına sadiq məmurları necə “vurduğu” haqda ötən yazılarımızda məlumat vermişdik. Belə ki, 2012-13-cü illərdə sabiq müdafiə naziri Səfər Əbiyevin, 2015-16-cı illərdə isə Slayan rayonunun keçmiş icra başçısı Tahir Kərimovun qarayaxma kampaniyası ilə cəmiyyətdə necə nüfuzdan salmağa çalışıldığı və yekunda vəzifədən uzaqlaşdırıldığı haqda artıq dəyərli oxucularımızın az da olsa məlumatı var. Amma konkret olaraq T.Kərimovla bağlı daha dəhşətli faktların olduğu və bütün bunlarla əlaqədar mötəbər qaynaqlardan əldə etdiyimiz informasiyaları paylaşacağımızı da vəd etmişdik. Bundan əlavə oxucularımıza onu da söz vermişdik ki, Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırdığı, yaxud həbs etdirdiyi bir sıra məmurlar, deputatlar və iş adamlarının başına açıqlan oyunlarla bağlı da geniş yazacağıq.

Tahir Kərimova qarşı hücumların pərdəarxası

Ötən yazımızdan da bəlli olduğu kimi, Salyanın keçmiş başçısı Tahir Kərimovun vəzifədən azad edilməsinin görünən tərəfi gül çələnginin altından keçməsi haqda mətbuatda və sosial şəbəkələrdə yaradılan süni ajiotaj oldu. Halbuki, 2012-ci ildə Salyan Rayon Təhsil Şöbəsi ilə YAP-ın yerli şöbəsinin sədri Rəşad Cəbrayılovun birgə təşkil etdiyi “gül bayramı” zamanı icra başçısı Tahir Kərimovla yanaşı, bir çox şəxslərgül çələnginin altından keçərək, tədbirə daxil olmuşdu. Sadəcə, həmin vaxt PA rəhbəri tərəfindən T.Kərimovu “vurmaq” göstərişi verildiyindən, onun rayondakı əlaltıları 3 il əvvəl çəkilən fotoları 2015-ci ildə üzə çıxararaq, mətbuatda və sosial şəbəkələrdə belə bir fikir formalaşdırmağa çalışdılar ki, guya, T.Kərimov bununla “özünü Osmanlı sultanlarına bənzədib” və “hakimiyyət iddiasındadır”. Ən maraqlısı isə odur ki, bu fotolar hakim Yeni Azərbaycan Partiyasının (YAP) Salyan rayon şöbəsinin sədri, hazırda icra başçısının müavini vəzifəsində işləyən Rəşad Cəbrayılovtərəfindən siyasi mühacirətdə olan Günel Mövludə ötürülüb və Mehdiyevə bağlı media orqanlarının, eləcə də PA-dan qidalanan sosial şəbəkə istifadəçilərinin – “trolların” köməyi ilə ictimailəşdirilməsinə nail olunub.

Əlbəttə, Salyanın keçmiş icra başçısının vəzifədən azad olunması heç də təkcə məlum görüntülərlə bağlı deyil. Bu fotonun 3 il sonra ortaya çıxarılması və cəmiyyətə tamamilə fərqli istiqamətdən təqdim olunması sadəcə R.Mehdiyevin göstərişlərinə uyğun olaraq, icra başçısını nüfuzdan salmağa çalışmaq cəhdi idi. Çünki əksər rayon rəhbərlərindən fərqli olaraq Tahir Kərimov Prezident Administrasiyası başçısının qarşısında boyun əymir, əksər hallarda onun göstərişlərini yerinə yetirməkdən imtina edirdi. Ona görə ki, o, Ramiz Mehdiyevin cinayət əməllərinə şərik olmaq istəmirdi və ölkə başçısı İlham Əliyevin onu vəzifəyə təyin edərkən verdiyi tapşırıqlara əməl etməyə və prezidentə sadiq qalmağa çalışırdı. Bu isə R.Mehdiyevin idarəçilik prinsipinə zidd iddi.

“Boz kardinal” Prezident Administrasiyasına rəhbərlik etdiyi dönəmdə çalışırdı ki, bütün məmurlar ölkə başçısına deyil, yalnız ona hesabat versinlər və ona qarşı sədaqət nümayiş etdirsinlər. Əksər məmurlar Mehdiyevin bu “dəmir iradəsi” ilə hesablaşmağa, ona boyun əyməyə məcbur olsa da, ölkənin inkişafına töhfə vermək istəyən şəxslər tamamilə fərqli düşünürdülər. Onlar bilirdilər ki, Ramiz Mehdiyevin idarəçilik üsulu və düşüncə tərzi ölkədə korrupsiya və rüşvətxorluğun günbəgün çiçəklənməsinə rəvac verməklə yanaşı, Azərbaycanın inkişafının qarşısında ən böyük sipərdir. Odur ki, öz vicdanını vəzifəyə, var-dövlətə satmayan məmurlar yeri gəldikdə gələcək aqibətlərini də gözə alaraq, PA rəhbərinə etiraz etməkdən çəkinmirdilər. Lakin təəssüflə qeyd etməliyik ki, bu məmurların prezidentə gedən yolunun qarşısında R.Mehdiyev hər zaman “tikanlı qanqal”a çevrildiyindən, əksər hallarda həqiqətləri ölkə başçısını çatdırmaq mümkün olmurdu. “5-ci kolon”un isə ən azı bir neçə mənbədən prezidentə informasiya ötürmək imkanı olduğundan, Ramiz Mehdiyevin göstərişi ilə ona “baş qaldıran” məmurlar haqqında ölkə başçısına yanlış informasiyalar verilir, nəticədə həmin məmurun istefasına nail olunurdu. Son günlər Tahir Kərimovun vəzifədən azad olunması ilə bağlı apardığımız araşdırmalara əsasən deyə bilərik ki,Salyanın sabiq icra başçısı da məhz prezidentə çatdırılan qeyri-dəqiq məlumatlar nəticəsində öz postundan uzaqlaşdırılıb.

Tahir Kərimovun “vurulması”nda kimlər iştirak edib?

Yuxarıda qeyd etdiyimiz kimi, T.Kərimov haqqında “kompromat fotolar”ın mətbuata və sosial şəbəkələrə ötürülməsini YAP-ın Salyan rayon təşkilatının sədri, hazırda icra başçısının müavini işləyən Rəşad Cəbrayılov təşkil edib. Məlumat üçün bildirək ki, R.Cəbrayılov istər YAP-ın rəhbəri, istər də icra başçısının müavini vəzifəsinə heç də öz bilik və bacarığı hesabına gəlməyib. Belə ki, onun qaynatasının qardaşı – Prezidentin Mühafizə Xidmətinin sabiq rəisi Vaqif Axundovun hesabına irəli çəkildiyi bildirilir. Elə indiyədək də qaynatasının “kölgəsi”ndə yaşayır və hətta hazırda Vaqif Axundovun mənzilində qalır…

Mənbə deyir ki, Rəşad Cəbrayılov icra başçısını “vurmaq” üçün təlimatları birbaşa Ramiz Mehdiyevdən deyil, Salyan rayonunun keçmiş deputatı Əliağa Hüseynovdan alıb. Məlumata əsasən, o, Əliağa Hüseynovdan aldığı vəsait hesabına təkcə öz tərəfdarlarına deyil, radikal müxalifətin bəzi simalarına da icra başçısının əleyhinə əsassız şikayətlər yazdırıb, hətta sosial şəbəkələrdə T.Kərimovun ünvanına “söyüş kampaniyası” təşkil edib.
Yeri gəlmişkən, keçmiş “baş voenkom” Əliağa Hüseynovun da “Mehdiyevin deputatları” sırasında adı çəkilir. Əldə etdiyimiz bilgilərə görə, o, deputat seçilməsi üçün Ramiz Mehdiyevə külli miqdarda vəsait ödəyib. Hətta, nə qədər qəribə olsa da, Ə.Hüseynovun mandat alması üçün Prezident Administrasiyasının regionlarla iş şöbəsinin rəhbəri Zeynal Nağdəliyevə və YAP-ın icra katibinin keçmiş müavini Siyavuş Novruzova da külli miqdarda “şirinlik” verdiyi iddia olunur.Mənbənin sözlərinə görə, bu haqda Ə.Hüseynovun özü danışıb…

Bu gün o da məlum olur ki, Vaqif Axundovun və Əliağa Hüseynovun vaxtilə icra başçısına qarşı kəskin münasibətdə dayanmasının əsas səbəblərindən biri də Tahir Kərimovun onların illərdir rayonda insanların haqlarını tapdalayan qohumlarının əməllərinə qarşı amansız mövqe göstərməsi olub.

Rayonlara ayrılan büdcənin 40 faizi Mehdiyevə qayıdırmış…

Apardığımız araşdırmaya əsasən deyə bilərik ki, Salyanın keçmiş icra başçısının PA rəhbərinin “qara siyahı”sına düşməsinin ən başlıca səbəblərindən biri də T.Kərimovun digər rayon rəhbərlərindən fərqli olaraq R.Mehdiyevin “katyol”una “çatmalı olan” vəsaiti ödəməkdən imtina etməsidir. Hansı ki, ötən yazımızda bu vəsaitin nə az, nə çox, düz 40 faiz təşkil etdiyini qeyd etmişdik. Həmçinin, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyevin də bu barədə açıqlamasını dərc etmişdik: “Rayonlara gedən büdcənin 40 faizi Ramiz Mehdiyevə gəlirdi. İcra başçılarını məcbur edirdilər ki, qaytar. Məsələn, Salyan rayonunun keçmiş icra başçısı Tahir müəllimdən soruşun, sizə deyəcək, Ramiz Mehdiyev onu məcbur edirdi ki, rayona ayrılan pulların 40 faizini mənə verməlisən. Verməyəndə, onu işdən çıxartdırmaq üçün şantaj etdirməyə başladı”. Təbii, biz H.Hacıyevin təklifini nəzərə alıb, bu məsələ ilə bağlı Tahir Kərimovun mövqeyini dərc etməyə çalışsaq da, çox təəssüf ki, onunla əlaqə yarada bilmədik. Amma sabiq başçının özü bu haqda qəzetimizə danışmaq istəyərsə, mövqeyini hər zaman dərc etməyə hazırıq.

Prezidentin əhali ilə görüşünə mane olmaq

Salyanın keçmiş icra başçısının Ramiz Mehdiyevin “qara siyahı”sına düşməsinin bir səbəbi də, onun iradəsinə zidd olaraq, prezidentin bu rayona səfəri zamanı əhali ilə görüşünü təşkil etməsi olub. Hansı ki, bu məsələ R.Mehdiyevi çox qəzəbləndirib və o, Tahir Kərimovu “özbaşınalıqda”ittiham edib. Buradan isə aydın olur ki, son vaxtlaradək əhalinin prezidentlə ünsiyyətinin qarşısı məhz Ramiz Mehdiyev tərəfindən alınıb və məqsəd xalqı İlham Əliyevdən uzaq tutmaq və həqiqətləri ondan gizlətmək olub.

İcra başçısını prezidentin gözündən salmaq cəhdləri

Ramiz Mehdiyev icra başçısını nüfuzdan salmaq üçün keçmiş nəqliyyat naziri Ziya Məmmədovun həmin dönəmdə polis rəisi işləyən qardaşı oğlunun dəstəyindən də yararlanıb. Bu haqda məlumat verən mənbə bildirir ki, icra başçısı ictimaiyyət nümayəndələri ilə birgə Heydər Əliyevin abidəsinin ziyarət edən zamano zaman polis rəisi işləyən Fuad Məmmədov əsəbi halda gülü yerə atıb və nümayişkəranə şəkildə abidənin önündə təzim etməyib. Üstəlik, o, kəndlərdə qəbul zamanı prezidenti alqışlayan insanlara qarşı qəzəb nümayiş etdirib, insanları şərləyərək incidib, yaşadığı binada liftin qapısına kilid vurub, yas məclislərində belə, digərlərinə liftdən istifadə etməyə icazə verməyib və s. Fuad Məmmədov bununla insanları dövlətdən, eləcə də icra başçısından narazı salmağa çalışıb. Ən qəribəsi isə odur ki, polis rəisinin bu əməlləri ilə bağlı T.Kərimov tərəfindən Ramiz Mehdiyev və dönəmin daxili işlər naziri Ramin Usubova müraciət edilsə də, hər dəfə başçının özünə irad tutulub və ona təzyiq ediblər. Həmçinin, T.Kərimov vəzifədən azad olunduqdan sonra da polis şöbəsinə tapşırıq verilərək, ona yaxın insanlara qarşı şər-böhtan kampaniyası aparılıb, onların bəziləri həbs edilib, bəzi qohumlarını sabiq başçıya qarşı qoymağa cəhdlərolunub…

Prezidentin kartejinin önünə bayraqlar və it leşi atılması…

R.Mehdiyevin rayondakı əlaltılarının dəhşətli əməllərindən biri də prezident İlham Əliyev Masallı və Cəlilabad rayonlarına səfərdən qayıdarkən, yol kənarlarındakı işıq dirəklərinə bağlanılan silsilə bayraqların kəsilərək kartejin yoluna atılması olub. Bu işə birbaşa Rəşad Cəbrayılov tərəfindən nəzarət edilib, məqsəd kartejin hərəkətinə maneə yaratmaq və icra başçısının istefasına nail olmaq olub.

Ən dəhşətli fakt isə odur ki, prezidentin Salyana səfəri zamanı magistral yolun ortasına böyük it leşi atılıb. Hansı ki, həmin leş icra başçısına yaxın şəxslər tərəfindən yoldan götürüldükdən cəmi bir neçə saniyə sonra prezidentin karteji yoldan keçib.

Bundan əlavə, ədliyyə naziri Fikrət Məmmədov rayona gələn zaman onlara xidmət edən radikal müxalifətçilərin əli ilə magistral yolu bağlatdırmağa cəhd olunub. Bu zaman da məqsəd rayonda insanların başçıdan narazı olduğu görüntüsünü yaratmaq olub.

Son olaraq qeyd edək ki, bütün sadaladıqlarımız Ramiz Mehdiyevin göstərişi ilə Salyanın keçmiş icra başçısı Tahir Kərimovu vəzifədən azad etdirmək üçün həyata keçirilən qanunsuz əməllərin yalnız bir hissəsidir. Amma bu faktların özü də sübut edir ki, vəzifədə olduğu dönəmdə, eləcə də ondan sonra T.Kərimova qarşı aparılan çirkin kampaniya onun məhz dövlət başçısının tapşırıqlarına əməl etməsi, dövlətçiliyə bağlı və xalqın yanında olması ilə əlaqədar olub.

Növbəti sayımızda isə biləcəksiniz ki, T.Kərimovun aqibətini yaşayan məmurların sayı heç də az olmayıb. Bizi izləyin.

“Hürriyyət”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR