Ucarın başçısı imkansız qazini qəbul etmir - NARAZILIQ!

18-12-2020, 19:08 206 dəfə baxılıb

44 gün davam edən Vətən savaşı 10 noyabrda Ermənistanın kapitulyasiya sənədini imzalaması ilə sona çatıb. Şübhəsiz ki, bu qısa müddətdə qazanılan qələbənin arxasında Azərbaycan əsgəri, zabiti dayanır. Onların bəziləri Vətən yolunda canından keçdi, bəziləri də bədənlərinin müxtəlif hissəsini itirərək qazi oldu.Şəhid və qazilərimiz üçün dövlətimiz lazımi tədbirləri zamanla həyata keçirir. Təbii ki, bu işlərin reallaşması üçün zaman tələb olunur. Hər bir şəhid və qazinin üzərində dövlətin ciddi diqqəti, qayğısı və nəzarəti var.

Fəqət, qazilərimizlə maraqlanıb onların problemlərini dövlətə çatdıran İcra Hakimiyyətləri olmalıdır. Onlar mütəmadi olaraq şəhid və qazi ailələrinə baş çəkməli, problemlərini ən qısa zamanda həll etmək üçün səy göstərməlidirlər.

Təəssüflər olsun ki, bu gün biz İcra Hakimiyyətlərini tamam əks mövqedə görürük.

Bir çox qazilərimiz var ki, bu gün onlar dövlət qayğısına ehtiyac duyur. Onlardan biri də Suqovuşan uğrunda ayağından yaralanan qazi Elgün Fərəcovdur.

Ucar rayonundan olan qazimiz bu günlərdə videomüraciət edərək icra başçısı Mənsur Məmmədovun onu qəbul etmədiyini söyləyib.
Müharibə bitən andan 36 gün keçsə də Ucar rayon İcra hakimiyyəti hələ də qazilərimizin evinin yolunu belə tanımır.

Nəzərə alsaq ki, Suqovuşan hələ Vətən müharibəsinin ortalarında azad olunub, Ucar RİH-nin qazimizdən 2 aya yaxındır ki, xəbərinin olmadığını əminliklə deyə bilərik.

Qazi E.Fərəcov deyib ki, sadə vətəndaşlardan ona yardım edən və baş çəkən olsa da Ucar rayon İcra nümayəndəliyindən bir nəfər belə onunla maraqlanmayıb.

Daha sonra ailəsi onu icra başçısı M. Məmmədovun qəbuluna aparsa da, başçı onlara "çıxıb getsinlər, koronadır"- deyib...
Hər halda M.Məmmədov onların şikayətini, dərdini, ağırısını onlayn bağlantı ilə də dinləyə bilərdi. Görünür, Ucar rayonunun İcra başçısı qazilərimizə çox laqeyd yanaşır. Sözügedən videoda da qeyd olunur ki, E.Fərəcov Ucarda qayğıya ehtiyacı olan tək qazi deyil.

Qazinin anasının dediklərinə görə atasını itirən Elgün evdə 10 nəfəri təkbaşına dolandırırdı. Ev də ki, hansısa köhnə müəssisənin təkcə bir otağı...
Qazimizin bu vəziyyətində "koronadır" deyərək qorxub onları qəbul etməyən İcra başçısı M. Məmmədov bilməlidir ki, ucarlı Elgün qazimiz virus, ya da hansısa bir qorxu bilmədən düşmən üzərinə gedirdi. Bu gün virus bəhanəsi ilə onların müraciətinə baxmamaq çox absurd və gülüncdür.

Məsələ ilə bağlı sabiq deputat, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Sherg.az"a öz fikirlərini bildirib:

"Hesab edirəm ki, qazilərimizə və şəhid ailələrinə münasibət kökündən dəyişməlidir.
Azərbaycan Prezidentinin müharibə qəhrəmanlarına, qazi və şəhidlərimizə göstərdiyi qayğı hər kəs üçün bir nümunə olmalıdır.
Sadə vətəndaşdan, icradan tutmuş ən yüksək vəzifəli şəxslərin belə şəhid və qazilərimizin qarşısında bir öhdəliyi var.
Bizim hər birimizin onlara borcu var və həmin borcu müəyyən qədər də olsa ödəməliyik. Bu, vəzifəli şəxsin vəzifəsindən asılı olan bir şey də deyil, bu, mənəvi borcdur. Koronavirusun isə bununla heç bir aidiyyəti yoxdur, onlar istənilən vaxt qəbul edilməlidirlər.

Bilirsiniz, Vətən müharibəsindən sonra 2783 şəhidimiz oldu, 1800-ə yaxın yaralı və qazimiz var. Düşünürəm ki, onlarla, onların ailələri ilə maraqlanmaq hər bir vəzifəli şəxsin ən birinci işi olmalıdır.

Mən Mansur müəllimi tanıyıram, o, belə məsələlərə ehtiyatla yanaşmış peşəkar məmurlardan biridir. Əgər həqiqətən belədirsə bu, çox pis haldır. Çünki cənab Prezidentin məmurların vətəndaşlarla necə münasibəti olması ilə bağlı baxışını çox yaxşı bilirik. Möhtərəm Prezident demək olar ki, hər çıxışında deyir ki, mən xalqın bir nömrəli xidmətçisiyəm. Fikrimcə, məmurlar bundan bir ibrət dərsi götürməlidirlər”.

Ə.Nuriyev məsul orqanların məsələni dəqiqliklə araşdıracaqlarına əminlik ifadə edib:

“Bilirsiniz, kapitulyasiya imzalansa da müharibə hələ davam edir. Düzdür, biz qalib gəldik, amma hələ də erməni silahlıları dəfələrlə təxribatlar törədir. Və əsgərlərimiz onların qarşısını canları bahasına alıb Vətəni qoruyurlar.
Belə bir halda istənilən idarə məmurları və yerli icra nümayəndələri nəinki qazi və şəhid ailələri ilə, həmçinin, hərbi xidmətdə olan əsgərlərimizlə maraqlanıb onların hər bir ehtiyaclarını ödəməlidirlər.

Və mən bilirəm ki, bir çox əsgərlərimiz ailənin tək oğludur və ailəyə məhz onlar baxırdı. İndi ailənin yeganə işləyən şəxsi hərbi xidmətdədir. Bəzilərinin ata-anası xəstədir. Təəssüf ki, onlara baxıb, onları axtaran yoxdur bəzi hallarda.
Ona görə də bu ailələrə xüsusi diqqət olmalıdır ki, əsgərlərimizin də gözü arxada qalmasın”.

Fondu rəhbəri qeyd edib ki, cənab Prezident hər gün şəhid və qazilərinizə, müharibə qəhrəmanlarına digər qayğılar üçün sərəncamlar imzalayır, orden və medallarla təltif edir. Və bu bir örnəkdir:

“Bu, hər bir məmur üçün məsələyə necə yanaşmalı olduğunun göstəricisidir.

Bu baxımdan hesab edirəm ki, xüsusi ilə də hazırkı şəraitdə heç bir şəhid və qazi ailələrini, eləcə də hazırda hərbi xidmətdə olan əsgərlərimizin ailələrini və özlərini diqqətdən kənarda qoymaq olmaz.
Əgər istənilən məmur öz vəzifəsini icra edə bilmirsə, şəhid və qazilərimizə, o cümlədən əsgəri xidmət həyata keçirən şəxslərimizə hörmətsiz münasibət bildirirsə, onlar həmin vəzifədə qala bilməz".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR