Koronavirusun 3-cü dalğa təhlükəsi: Yenidən sərt karantin gözlənilir? - "2 həftədən sonra..."

18-01-2021, 17:22 197 dəfə baxılıb

Bu gündən etibarən koronavirusla bağlı ölkəmizdə hələ dekabr ayında elan edilmiş sərt karantin rejimində yumşalmalar başlayıb.

Ötən həftə keçirilən Operativ Qərargahın brifinqində SMS icazənin ləğvi, ticarət obyektlərinin açılması, şəhər və rayonlararası nəqliyyatın bərpa edilməsi, sərgi və muzeylərin yenidən təşkili, bərbər və gözəllik salonlarının fəaliyyətə başlaması kimi yumşalmalara gedilib.

Son günlər yoluxma sayında da azalmalar müşahidə edilir. Belə ki, sərt karantin rejimi başlamamışdan öncə 4 mindək artan yoluxma sayında 300-dək enmələr görülür. Həmçinin virusdan ölüm sayında da azalmaların şahidi oluruq.

Məlumdur ki, hər yoluxma sayının artmasından sonra Operativ Qərargah karantinlə bağlı qərarları sərtləşdirir və yoluxma sayında azalmalar görüldükdə isə bu qərarlar yumşaldılır.

Eyni zamanda digər ölkələrdə virusa yoluxmanın artması bəzi suallar yaradır.

Maraqlıdır, bizdə də 3-cü dalğa gözlənilirmi? Yoluxma artarsa, yenidən karantin rejimi sərtləşdirilə bilərmi?

Bu barədə Cebhe.info-ya danışan ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev bildirib ki, digər ölkələrdən fərqli olaraq, bizim ölkədə ümumiyyətlə, ikinci dalğa da müşahidə edilməyib:

"Dalğa odur ki, eyni karantin şərtləri ilə yoluxma sayı artsın, azalsın. Bizdə isə karantin rejimi sərtləşdirəndə yoluxma azalıb, yumşaldanda artıb. Bu dalğa deyil. Bizdə üçüncü dalğa bir kənara, heç ikinci dalğa olmayıb. Hazırda davam edən elə birinci dalğanın davamıdır".

Həkimin sözlərinə görə, yoluxma sayının artmarsa, yenidən sərt karantin rejimi tətbiq edilə bilər:

"Əlbəttə ki, yenidən karantin rejimində sərtləşmə ola bilər. Amma bunun proqnozunu öncədən vermək çətindir. Ən azı 2 həftədən sonra bilinəcək. Ümid edirəm ki, yoluxma artmaz və yenidən sərt karantinə ehtiyac qalmaz. Mən hamını özlərini qorumağa dəvət edirəm. Maska taxın, ara məsafəsi gözləyin, şikayətləriniz varsa, həkimə müraciət edin. Karantinin yumşaldılması o demək deyil ki, qaydalara əməl etməli deyilik. Hesab edirəm ki, vaksinasiya bu problemin axırına çıxacaq".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR