İnsanları xəstələndirən təkcə virus deyil: - Qadağalar da yoluxmaya yol açır

26-02-2021, 12:33 243 dəfə baxılıb

Gürcüstan hökuməti koronavirus pandemiyası səbəbindən tətbiq olunan bir neçə məhdudiyyətin aradan götürülməsi barədə qərar qəbul edib.

Bu barədə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında bildirilib. Qərara əsasən, sabahdan şəhərlərarası ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur.

Fevralın 25-dən həmçinin dağ kurortlarında mehmanxanalar qonaq qəbul edə biləcək. Martın 1-dən dövlət və özəl uşaq bağçaları açılacaq. Martın 8-dən isə kanat yollarından istifadəyə icazə veriləcək. Bundan başqa, martın 15-dən teatrlar, idman klubları, peşəkar ansambllarda məşq və təlimlərin keçirilməsi mümkün olacaq. Aprelin 1-dən isə fəaliyyət tam bərpa olunacaq.

Martın 15-dən həmçinin ali məktəblərdə əyani tədrisə başlanılacaq. Muzey və kitabxanalar isə fəaliyyətlərini martın 1-dən etibarən bərpa edəcək.

Ölkəmizdə bir sıra məhdudiyyətlər var ki, onların yoluxma sayını azaltması sual doğurur. Amma bu tədbirlər vətəndaşların əziyyət çəkməsinə səbəb olur və narazılıq yaradır. Bunları sadalasaq, ilk yerdə metropolitenin fəaliyyət göstərməməsini misal gətirmək olar. Metrostansiyaların və qatarların qapalı məkan olduğu aydındır, amma paytaxt sakinləri və qonaqlar bu qapalı mühitdə 20 dəqiqə vaxt sərf edəcəkləri halda, saatlarla yollarda zaman keçirirlər ki, onun bir hissəsi də avtobuslarda "ağız-ağıza” şəraitdə keçir. Bu baxımdan da metronun fəaliyyətinin bərpa edilməsi zəruri hesab edilir. Şənbə və bazar günləri ictimai nəqliyyatın işləməməsi də vətəndaşların durumunu çətinləşdirir.

Şəxsi avtomobili olmayan paytaxt sakini şənbə və bazar günləri hər hansı bir işinin dalınca gedə bilmir. Əgər şəxs həftənin digər günləri işləyirsə, bu zaman onun durumu bir qədər də çətinləşir. İşləyən vətəndaşın digər problemləri "üst-üstə qalanır”. Problem çox vacib olduğu zaman isə əlavə xərc çəkib taksi sifariş etmək məcburiyyəti yaranır. Həftə ərzində "basabas” avtobuslarda işə gedib-gəlmə məcburiyyətində qalan vətəndaşların həftəsonlarında evə qapadılması məntiqsiz qərar hesab olunur.

Məntiqsiz hesab edilən digər məhdudiyyətlərdən biri də paytaxt Bakı ilə rayonlar arasında ictimai nəqliyyatın işləməməsidir. Azərbaycan vətəndaşı təyyarə ilə xarici ölkəyə səfər edə bilir, amma Bakının bir neçə kilometrliyində yerləşən rayonuna gedə bilmir. Və ya bunun üçün yalnız şəxsi avtomabildən istifadə etməlidir. Bakıda böyük ticarət mərkəzləri, "moll”ların fəaliyyəti qadağan edilib. Hesab olunur ki, bu səbəbdən də kiçik qeyri-ərzaq dükanlarında sıxlıq yaranır.

Şadlıq saraylarına, toylara qoyulan məhdudiyyətin də qismən aradan qaldırılması təkliflər arasındadır. Bildirilir ki, xüsusi qaydalarla, say məhdudiyyəti tətbiq etməklə toylara icazə verilməlidir. Qeyd edək ki, açıq havada maska taxılması məcburiyyətinin götürülməsi, qapalı məkanlarda olan idman salonlarının açılması ilə bağlı da təkliflər var.

Bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı deputatlar, həkimlər, müxtəlif ekspertlər təkliflər irəli sürsələr də, hələ ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu təkliflərlə bağlı hər hansı mövqe ortaya qoyulmur.

Məsələn, hökumət ictimai nəqliyyatda mövcud sıxlılğın hökm sürdüyü indiki şəraitdə metronun fəaliyyətinin nəyə görə bərpa edilməməsinin səbəblərini açıqlamır. Əksinə, mart ayında məhdudiyyətlərin sərtləşəcəyi barədə şayiələr dolaşmaqdadır. Bu isə insanlarda psixoloji gərginlik yaradır.

Qazancı azalan, daim sosial problemlərlə üzləşən, qeyri-müəyyənlikdə yaşayan və psixoloji gərginlik içində olan insanların immunitetinin isə xəstəliyə nə qədər davam göstərə biləcəyi artıq müzakirə mövzusu deyil.
Cebhe.info


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR