Əlilliyi ləğv edilən vətəndaşlar hara şikayət etsin? - Agentlikdən son zamanların ən çox verilən SUALINA CAVAB

4-05-2021, 17:35 213 dəfə baxılıb

Son zamanlar əlillik statusunun ləğvi ilə bağlı çox sayda şikayətlər səslənir.

5 illik müddəti bitən şəxslərin təkrar müracət zamanı əlillik qrupunun ləğvi ilə bağlı sosial şəbəkələrdə də xeyli məlumatlar yayılır. Onların bir çoxu təkrar müraciətə ehtiyac duyur.

Başqa sözlə, təkrar müraciətdə əlliliyi ləğv edilən şəxslər məsələni mübahisələndirmək istəyirsə proses necə olmalıdır? Şikayətçi hara müraciət etməlidir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. Bu qərar 190 min şəxsi əhatə edib:

"Bu zaman həqiqi əlilliyi olan şəxslərlə yanaşı, artıq sağalmış və ya reabilitasiya olunmuş, habelə saxta yollarla əlillik əldə etmiş minlərlə şəxsin də əlillik müddəti uzadılıb. Ancaq 5 illik müddət 2021-ci ildə bitir və həmin müddətdə əlilliyi davam edən şəxslər qanunvericiliyə müvafiq olaraq səhiyyə müəssisələrinə müraciət edərək müayinə olunmalı və əlillik müddətinin uzadılmasına dair göndəriş yəni- (Forma-88) səhiyyə müəssisələri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sisteminə daxil edilməlidir”.

O bildirib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində həftə içi hər gün vətəndaş qəbulu keçirilir:

"Həmin qəbullarda vətəndaşın şikayət və müraciətləri qəbul edilir. Ehtiyac yarandığı halda vətəndaşlar əyani müayinələrə də cəlb edilirlər. Müayinələrdə müxtəlif qurumlardan nümayəndələr dəvət olunur və onların iştirakı ilə həkim ekspertlər tərəfindən aparılır. Əgər bu zaman da vətəndaş nəticədən narazı qalarsa, o zaman məhkəməyə də müraciət etmək onun hüququdur”.

Tural Qurbanov qeyd edib ki, ancaq bir çox hallarda vətəndaşlar əlillik müddətinə dair öz məlumatlarına nəzər yetirmir və sosial ödənişləri dayandığı təqdirdə əlilliyin ləğv edildiyini düşünür.

"Müxtəlif sosial şəbəkələrdə və ya rəsmi müraciətlərində narazılıqlarını bildirirlər. Halbuki onların əlilliyi ləğv edilməyib və qanunvericiliyin tələblərinə müvafiq olaraq müddəti bitmiş əlilliyin uzadılmasına dair yuxarıda qeyd olunan qaydada səhiyyə müəssisələrinə müraciət etməlidirlər. Ümumilikdə isə onu demək olar ki, əlilliyin uzadılmasına dair təkrar müraciətlərə baxılması zamanı cari ilin I rübünün nəticələri göstərir ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30%-nin əlilliyi əsassız və ya saxtadır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR