“Ümid edirəm ki, bu fond üçün müəllimlərin əmək haqqından pul tutulmaz”

16-07-2021, 11:08 149 dəfə baxılıb

Prezident İlham Əliyev Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında fərman imzalayıb. Fərmanda göstərilir ki, fond təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir. Fond Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən, ianələr, qrantlar və cəlb edilən investisiyalardan, qanunla qadağan olunmayan digər mənbələrdən maliyyələşəcək. Yeni yaradılan bu fond təhsil sistemində nə kimi dəyişikliklərə səbəb olacaq? Dünya təcrübəsində bu necə tənzimlənir? Bu və digər suallarla bağlı ekspertlərin fikrini öyrəndik.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı "Yeni Müsavat”a danışıb: "Təhsilin maliyyələşdirilmə mexanizminin təkmilləşməsinə ehtiyac vardır. Ona görə də təhsil müəssisələrində adambaşı maliyyələşdirmə artıq başlanmalıdır. Eyni zamanda təhsil müəssisələrində ödənişli təhsil xidmətləri dəstəklənməlidir. Bunun üçün Təhsilin İnkişaf Fondunun yaradılması müasir təhsil sisteminin tələbidir. Beləliklə, qabaqcıl təhsil sisteminə əsaslanan strateji istiqamətdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının yaradılmasını müasirləşdirmək, səmərəli, şəffaf, cavabdeh, idarəetmə mexanizmlərini yaratmaq, təhsildə müasir tələblərə uyğun infrastruktur qurmaq, dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelini formalaşdırmaq əsas hədəf kimi götürülür”.

K.Əsədov vacib məqama toxunaraq qeyd edib ki, Təhsilin İnkişafı Fondu dövlət orta və ali təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin edəcək və peşə təhsilinin inkişafında maliyyələşmə mexanizmi rolunu oynayacaq: "Vacib bir məsələni də qeyd etmək istəyirəm. Əsas məsələ budur ki, təhsildə bu qədər fonda ehtiyac varmı? Baxaq təhsilə aid hansı fondlar var: 17 iyun 2021 - Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılıb. 18 avqust 2020-ci il - Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondu yaradılıb. Elmin İnkişafı Fondu, Azərbaycan Gənclər Fondu, Maarifçi Kredit Fondu. Hələ ki təhsilə aid məlum olan bu fondlar var. Hesab edirəm ki, bu qədər fərqli fonda ehtiyac yoxdur. Çünki bu qədər qurumun idarə edilməsi, hesabatları, şəffaf nəzarət mexanizminin təşkili çətindir.

Eyni zamanda bu qədər çox fondun olması fəaliyyət mobilliyini aşağı salır. Digər tərəfdən, bu daha peşəkar mütəxəssislərin ayrı-ayrı yerlərdə çalışmasına gətirib çıxarır. Təklif edirəm ki, bu qədər fond elə bir fond adı altında fəaliyyət göstərsin və ən yaxşı mütəxəssislər tərəfindən idarəetmə sistemi təşkil edilsin. Dünya təcrübəsində belədir".

Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə bağlı "Yeni Müsavat”a fikirlərini açıqlayıb: "Prezidentin verdiyi sərəncam əsasında fondun maliyyə imkanlarından düzgün istifadə olunsa, düşünürəm ki, təhsilin inkişafı üçün müəyyən qədər təkan vermiş ola bilər. Fondun büdcəsi qrantlar hesabına, əlavə sahibkarlıq fəaliyyəti ilə, müxtəlif ianələr, fond pulu hesabına formalaşacaq. Büdcədən də müəyyən təhsil layihələrinin həyata keçirilməsi üçün istifadə olunacaq. Ümid edirəm ki, bu fond üçün müəllimlərin əmək haqqından tutulmaz. İstər ali təhsil müəssisələri, istər orta ixtisas təhsili müəssisələri, istəsə də orta ümumtəhsil müəssisələrinin və tam orta ümumtəhsil müəssisələrinin müəllimlərinin əmək haqqından tutulmaz. Çünki bəzən biz bunu müşahidə edirik ki, müəllimlərin maaşlarından fond pulu ayrılır. İndi də Təhsilin İnkişafı Fonduna müəllimlərdən pul tutulmaz. Yəni buna ümid edirəm . Amma digər tərəfdən, büdcəyə pulun yığılması, yəni o büdcənin formalaşması gələcəkdə təhsillə bağlı müəyyən layihələrin inkişafına təkan verə bilər. Bu layihələrdə əsasən təhsil haqqı yüksək olan tələbələrə müvafiq kreditin ayrılması və ya həmin tələbələrə müəyyən güzəştlərin olması, onların təhsil haqlarının qarşılanması və sairə kimi nəzərə alına bilər".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR