Maska cəriməniz varsa... - Aeroportdan geri qaytaracaqlar

26-07-2021, 17:37 160 dəfə baxılıb

Nə qədər karantin qaydaları yumşaldılmış olsa da, qapalı məkanlarda, ictimai nəqliyyatda, təyyarələrdə maska taxmaq məcburidir. Qərara əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Son zamanlar cərimələrin ödənilməsi ilə bağlı narazılıqlar çoxalıb. Belə ki, bəzi vətəndaşların cərimələri ödəməməsi onların ölkədən çıxmağına qadağa qoyulması ilə də nəticələnir. Bəzən vətəndaş ölkədən çıxmağına qoyulan qadağanı hava limanında öyrənir. Üstəlik cəriməni ödəmək üçün aeroportda şərait yaradılmır və şəxs geri qaytarılır.

Bu da biletin batmasına və vətəndaşın ikiqat ziyana düşməsinə səbəb olur.

Şikayətlərdə bildirilir ki, çox zaman vətəndaşa hava limanında maska cəriməsinə görə ölkədən çıxış icazəsinin olmadığı bildirilir və hava limanından geri qaytarılır. Maraqlıdır, niyə hava limanında cərimələrin ödənilməsinə şərait yaradılmır? Hansı cərimələr ölkədən çıxışa məhdudiyyət qoyulmağına səbəb ola bilər? Ümumiyyətlə cərimələr neçə gün ərzində ödənilməlidir?

AZAL-ın mətbuat katibi Paşa Kəsəmənli mövzu ilə bağlı Cebhe.info-ya bildirib ki, vəziyyət təmsil etdiyi qurumun nəzarətində deyil:

"Hava limanında fərqli-fərqli qurumlar fəaliyyət göstərir. Bu cərimələrlə bağlı məsələni isə AZAL icra etmir. Ola bilsin ya polis, ya da Dövlət Sərhəd Xidməti bu məsələyə nəzarət edir”.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan vəkil Roman Qaraşov bildirib ki, hər bir halda hava limanında cərimələrin ödənilməsinə şərait yaradılması yaxşı olardı:

"Bunun üçün hava limanlarında, ölkənin istənilən gömrük məntəqələrində də ədliyyə köşkləri yaradılıb. Vətəndaşlar bilməlidirlər ki, 10 gün ərzində icra sənədi daxil olduqdan sonra artıq ilkin cərimə protokolu tərtib olunur və daha sonra şəxsin yaşadığı yer üzrə icra şöbəsinə göndərilir. Vətəndaşa 10 gün ərzində həmin cəriməni könüllü şəkildə ödəmək üçün məktub göndərilir. Lakin vətəndaş cəriməni ödəmirsə, artıq məhdudiyyətlər tətbiq olunur. Məsələn, əmək haqqı, ya da digər gəlirləri varsa, ora yönəlir. Heç bir gəliri yoxdursa, bu halda digər məhdudiyyət tədbirlərinə yönəldilir.

Borclunun axtarışı, ölkədən çıxışa məhdudiyyət və digər məcburi icra tədbirləri həyata keçirilir. Burada qanunsuz hər hansı addım yoxdur. Hər bir halda elektron sistem vasitəsi ilə vətəndaş ilk növbədə Ədliyyə Nazirliyinin saytına daxil olub, şəxsiyyət vəsiqəsinin müvafiq rəqəmlərini daxil etməklə ölkədən çıxışına məhdudiyyət qoyulub-qoyulmamasını yoxlaya bilir. Yəni vətəndaşın özünə bu imkan yaradılıb”.

Vəkil qeyd edib ki, əgər vətəndaş borclu olması barədə ümumiyyətlə məlumatlı deyilsə, bu, artıq başqa suallar doğurur:

"Vətəndaş hər bir halda cərimə protokolunun tərtibi barədə məlumatlı olmalıdır. Əgər məlumatsızdırsa, bu zaman onun biletinə və digər itirdiyi xərclərə görə dəymiş zərəri tələb edə bilər. Məsələn, ola bilər ki, vətəndaş cəriməni ödəyib, amma sistemdə qalıb. Bu halda həmin orqanın özünü məhkəməyə verib dəymiş zərəri tələb edə bilər. Konkret cədvəl yoxdur ki, məhz bu hallarda ölkədən çıxışa icazə verilmir.

Əgər vətəndaş borcludursa, ilk növbədə elektron sistem vasitəsi ilə onun gəliri yoxlanılır. Əgər belə məlumatlar yoxdursa və 10 gündən artıq vaxt keçibsə, icra məmurları tərəfindən şəxsə məhdudiyyətlər tətbiq oluna bilər. Burada artıq fərqi yoxdur ki, bunlar inzibati cərimələrdir, borc öhdəlikləridir, yoxsa kreditdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR