Dünyada görünməyən təcrübə Azərbaycanda... - Rəsmi iş yeri olmayanlar ömürlük evsiz qalır

6-08-2021, 19:51 214 dəfə baxılıb

2021-ci ilin iyulun 1-nə Azərbaycanda daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) kredit qoyuluşlarının həcmi 2 milyard 266 milyon manat təşkil edib. Mərkəzi Bankın statistikasına görə, bu göstərici indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir.

Son bir ayda sözügedən kreditlərin 2,6%, son bir ildə isə 15,2% artıb.

Daşınmaz əmlakın tikintisinə və alınmasına yönlənən kredit qoyuluşları ümumi ölkə üzrə kredit qoyuluşlarının 14,9%-ni təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin avqustun 3-dək verimiş ipoteka kreditlərinin məbləği 1 milyard 872 milyon 135 min 736 manat təşkil edib.

Hazırda ölkədə ipoteka kreditlərinin yalnız bir qrup vətəndaşlar üçün əlçatan olduğunu desək, yanılmarıq.

Məsələn, tikinti bumu yaşanan Bakıda son illər çoxsaylı mənzillər tikilməsinə baxmayaraq, yenə də kirayədə yaşayanların sayında azalma müşahidə edilmir.

Bunun əsas səbəblərindən biri də məhz həmin insanların ipoteka kreditlərinə çıxışının olmamasıdır.

Bəs yeni tikilən binalardakı evləri kimlər alır və yaxud ipoteka kreditləri kimlərə verilir?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirib ki, pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlakla bağlı əksər alış- satış dayanmışdı: "Daşınmaz əmlakla bağlı vəziyyət istənilən formada görünməyən sahəni idarə edir. Məsələn, alqı-satqılar tamamilə dayananda, ya ipoteka kreditləri ayırırlar, ya şəhərin hansısa bir ərazisində söküntü işləri aparırlar və bu söküntülərdən kvadratına görə əhaliyə pul verirlər.

Bu layihələr həmin sahənin ayaqda durması üçündür. Çünki faktiki olaraq pandemiya digər sahələr kimi daşınmaz əmlak sahəsinə də mənfi təsir etdi, həm də köhnə binalarda satış tamamilə zəiflədi. İpoteka ilə bağlı bağlı əsas problem ondan ibarətdir ki, bu kreditlər rəsmi iş yeri olanlara verilir. Yəni ev alan şəxsin maaşı krediti ödəyə bilsin. Ailə tərkibi haqqında arayış, maaşın həcmi o qədər olmalıdır ki, hər bir ailə üzvünə minimal dolanışıq pulu çıxılsın və yerdə qalan pul ipotekanı ödəsin”.

Eskpertin fikrincə, digər bir məsələ ondan ibarətdir ki, əksər insanlar özləri kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar: "Məsələn, şəxsin fermer təsərrüfatı, yaxud hansısa bir marketi, Rusiya və yaxud başqa ölkələrdə biznesi, yəni aylıq stabil gəliri var. Ancaq bunu rəsmi şəkildə göstərə bilmədiyinə görə onlara ipoteka kreditləri verilmir. Kredit verildikdə həmin mənzil minimal bazar qiyməti ilə qiymətləndirilir və 20-30 faiz ilkin ödəniş alınır. Burada riskli tərəf evi alan vətəndaşlardır.

Çünki əgər əvvəlcədən 20-30 faiz ilkin ödəniş edirsə və avtomatik olaraq ilk 6 ayda ödəniş edə bilməsə, bank evi hərraca satışa çıxarır. Rəsmi iş yeri olmayan vətəndaşlar var ki, illərdir kirayədə yaşayırlar, stabil olaraq kirayə haqqını ödəyirlər. Lakin ipoteka kreditindən yararlana bilmirlər. Səbəbi isə odur ki, gəlirini rəsmi göstərə bilmir, yaxud iş yeri rəsmi deyil. Ancaq ipoteka kreditləri digər vətəndaşlara da şamil olunmalıdır.

Elə adamlar var ki, bir neçə yerdə ipoteka kreditilə mənzilləri var. Alıb ödəyib, bir daha alıb ödəyir. Bu kreditləri daha çox ehtiyacı olan vətəndaşlara verməlidirlər. Eləcə də bank faizlərini aşağı salmalıdırlar. İnkişaf etmiş ölkələrdə verilən ən minimal faiz kreditləri daşınmaz əmlak üçün verilən kreditlərdir. Bu, dünyada qəbul edilmiş bir prinsipdir ki, əmlak sektoruna qoyulan hər bir manat 5 manat geri dönüş edir.

Ev alan insan daxili bazardan lazım olan avadanlıqları da alır və bu da iqtisadiyyat üçün müsbət haldır. Ölkəmizdə də kreditlər rəsmi iş yeri olmayan, lakin ödəmə qabiliyyəti olan vətəndaşlara da şamil olunmalıdır.

Bu, kredit faizlərindən aşağı düşmək şərtilə olmalıdır. MİDA sosial evlər satır. Qiymətlər yaxşıdır, ancaq əlçatan deyil. Satış proseduru tam fərqlidir. Bu, rəsmi iş yeri olmayan vətəndaşlara da şamil olunmalıdır. Yüzlərlə insanlar var ki, restoranlarda ofisiant, yaxud "moyka”da işləyir. Həmin insanlara da imkan yaradılmalıdır ki, ipoteka kreditindən yararlansınlar”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR