Təhsil məhv eləyən universitetimiz -  Azərbaycan Universitetində təhsildən xəbər verən yoxdur

19-01-2016, 14:50 794 dəfə baxılıb

Təhsil məhv eləyən universitetimiz -  Azərbaycan Universitetində təhsildən xəbər verən yoxdur





















Redaksiyamıza təqdim olunan açıqlamalarda Azərbaycan Universitetində bu gün tələbələrin də bir sıra problemlərlə üz-üzə qaldıqları vurğulanır: “Bu gün Azərbaycan Universitetinin tələbələrindən digər müəssisələrdə keçirilməsi nəzərdə tutulan təcrübədə iştirak etmək üçün əsassız şəkildə 360 (üç yüz altmış) manat və buraxılış imtahanında iştirak etməyə icazənin rektor tərəfindən verilməsi üçün də 500 (beş yüz) manat ödəmələri tələb olunur. Bu tələb universitetin rektorunun şəxsən qəbulunda və görüşlərində onun özü tərəfindən, həmçinin bu məsələ ilə bağlı Tədris şöbəsinə müraciət edərkən şöbə müdiri Ədalət Əliyev və digər əməkdaşlar tərəfindən irəli sürülür.” Tələbələr isə iddia edirlər ki, bu tələb qanuna ziddir. Belə ki, onlar təcrübədə və dövlət imtahanında iştirak üçün əslində bütün kreditləri təhsil haqqı formasında IV kusun əvvəlində ödəmişlər. Əvvəlki illərdə bu cür tələblərə rast gəlinməyib və bu yenilik yalnız bu ildən tətbiq olunub: “Bu tələb tamamilə əsassız iddiadır. Belə halların olması bir başa rektor Fərid Əhmədovun şəxsi maraqlarına xidmət edir...”

Daxil olmuş yeni məlumatda isə, universitetdə həyata keçirilən bütün bu qanuni-qanunsuz pul yığımlarına rəğmən, AU rəhbərliyi tərəfindən hətta öz icarə haqqı ödənişlərinin belə həyata keçirilmədiyi və bu səbəbdən də artıq bir ali təhsil müəssisəsi kimi fəaliyyətinin sual altında qaldığı bildirilir. Açıqlamada ilk növbədə qeyd olunur ki, Azərbaycan Universitetinin lisenziyasının müddəti 2013-cü ildə bitmişdir. Universitet iki ilə yaxın lisenziyasız, yəni qanunsuz fəaliyyət göstərdiyi halda, son bir il ərzində, bağlanmış Asiya Universitetindən rektor Fərid Əhmədovun tanışlarının vasitəsilə AU-ya tələbələrin köçürülməsi aparılmışdır. Belə qeyri-qanuni tədbirlərin kimlərin və hansı formada həyata keçirdiyi isə məlum deyil.
Daha sonra məlumatda Azərbaycan Universitetinin lisenziya ala bilməməsinin əsas səbəblərinə aydınlıq gətirilir. Bildirilir ki, yeni dəyişikliklər edilmiş lisenziyalaşdırma qaydalarına əsasən bu ali təhsil müəssisənin yerləşdiyi binaların müvafiq qeydiyyat sənədləri, bu binaların təhsil xidmətləri göstərilməsi üçün dövlət standartlarına uyğun və yararlı olması haqda müvafiq icra hakimiyyəti orqanının rəyi, rəsmi razılığı tələb olunur. Qanunvericiliyə əsasən, ali təhsil müəssisəsinin yerləşdiyi binanın ümumi sahəsi orada təhsil alan hər bir tələbəyə 8-10 kvadrat metr nəzərdə tutulmaqla seçilməlidir. Azərbaycan Universitetinin 2015-2016-cı tədris ilində 3 tədris binasında dərslərin keçilməsi nəzərdə tutulmuşdur. Dərs ilinin başlanğıcı, 15 Sentyabr tarixinə universitetdə hər tələbəyə 5-6 kvadrat metr sahə düşürdü, bu da müəyyən olunmuş standartlardan çox azdır. Elə bir neçə il lisenziyanın verilməməsinin əsas səbəbi də bundan ibarətdir. Lakin 2016-cı ilin yanvarından etibarən universitet yerləşdiyi 1-ci tədris binasının kirayə haqqını ödəyə bilmədiyi və hazırki dövrdə də icarədara aylarla ödəmədiyi böyük məbləğdə kirayə borcu olduğu üçün oranı tərk etmək məcburiyyətində qaldı. Artıq Azərbaycan Universiteti iki tədris binasında fəaliyyət göstərir və bu da hər tələbəyə düşən sahənin 3-4 kvadrat metrə düşməsi deməkdir. Universitetin bu iki tədris binasından birinin – Tbilisi prospektində yerləşən 2-ci tədris binasının isə, ümumiyyətlə qeydiyyat sənədi və təhlükəsizlik normalarına uyğun olması haqda sənədləri olmadığı üçün universitetin orada hansı əsaslarla fəaliyyət göstərməsi məlum deyil. Belə olduğu halda, universitetdə hər tələbəyə rəsmi qeydiyyata düşən sahə 3-4 kvadrat metrdən də aşağı düşür. Əgər Azərbaycan Universitetinə hətta rektor və təsisçilərin geniş əlaqələri və təzyiqləri vasitəsilə əvvəl yerləşdiyi 1-ci tədris binasının qeydiyyat sənədlərinə əsasən lisenziya verilmiş olsa da belə, indiki dövrdə universitet bu binadan artıq köçmüşdürsə, bu lisenziya geri çağrılaraq ləğv edilməlidir. Qeyd olunanlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycan Universitetinin bir təhsil müəssisəsi kimi fəaliyyəti qeyri-qanuni və yolverilməzdir. Tələbələrin verdikləri məlumatlara əsasən, hazırki dövrdə otaqlarda yerləşdirmə ilə bağlı tələbələr və müəllimlər universitetdə çox əziyyət çəkirlər. Azərbaycan Universitetində digər ali məktəblərlə müqayisədə daha çox təhsil haqqı ödəyən tələbələrə otaq çatışmadığı üçün zirzəmilərdə dərs keçilir. Maraqlıdır, öz müsahibələrində müəllimlərin tələbələrlə auditoriyadan əlavə məşğul olmaları üçün xüsusi otaqlar ayrılacağını vəd edən rektor Fərid Əhmədov bu vədinə görəsən necə əməl edəcək?

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR