Azərbaycanda kişilər qadınlardan daha çox intihar edirlər

13-02-2016, 13:45 612 dəfə baxılıb

Azərbaycanda kişilər qadınlardan daha çox intihar edirlər
















İntiharların sayında artım tendensiyası müşahidə olunur

Azərbaycanda kişilər arasında intiharın baş verməsi halları qadınlarla müqayisədə 3-4 dəfə çoxdur.

Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov deyib.

Onun sözlərinə görə, kişilərlə müqayisədə qadınlar intihar barədə daha çox düşünürlər. Amma qiymətləndirmə zamanı intihar riski qadınlarda orta, kişilərdə isə yüksək səviyyəli hesab edilir. Çünki kişilər arasında tamamlanmış intihar hallarına daha çox rast gəlinir.

F.İsmayılov deyib ki, yüksək inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da intiharların sayında artım tendensiyası müşahidə olunur. Amma o, Azərbaycanda intiharların sayının kəskin artması barədə səslənən fikirlərlə razılaşmayıb.

F.İsmayılov bildirib ki, 1980-ci illərdə Azərbaycanda hər 100 min nəfərə düşən intihar göstəricisinin sayı rəsmi statistikaya əsasən 1, qeyri-rəsmi statistikaya əsasən isə 2-2,5 idi. Lakin son 20 ildə bu göstərici 4,8-ə yüksəlib:

“İntiharla bağlı bütün məlumatlar rəsmi statiskada öz əksini tapmır. Amma insanlar intiharların sayının hədsiz çoxaldığını deyərkən onu da nəzərə almalıdırlar ki, əvvəllər intihar hadisəsi baş verəndə bundan əksər hallarda yaxın qohumlardan və qonşulardan başqa heç kim xəbər tutmurdu. Yəni ailə çalışırdı ki, bu məlumat yayılmasın.

İndi informasiya axını 2-3 dəfə artıb, demək olar, bütün intihar faktları kütləvi informasiya vasitələrində işıqlandırılır, sosial şəbəkələrdə geniş müzakirə edilir. Ona görə də problem daha qabarıq görünür”.

Alim qeyd edib ki, Rusiyada hər 100 min nəfərə düşən intiharların sayı 26-27, Baltikyanı ölkələrdə 30 olsa da, Azərbaycanda bu sahədə ümumi göstəricilər kritik həddən xeyli aşağıdır. Belə ki, hər 100 min nəfərə düşən intihar hallarının sayı 11-dək olduqda risk həddi aşağı, 11-dən 20-dək olduqda orta, 20-dən yuxarı olduqda isə yüksək qiymətləndirilir. Azərbaycanda bu göstərici 4,8-dir.

Mərkəz direktorunun sözlərinə görə, intiharla bağlı müəyyən yanlış təsəvvürlər də var:

“İnsanlar hesab edirlər ki, guya intihar barədə çox danışan insanlar heç vaxt onu həyata keçirmirlər. Halbuki intihar edənlərin 80%-dən çoxu həyatdan köçmək istəmələri haqqında öncədən kifayət qədər ciddi xəbərdarlıqlar edirlər.

Digər tərəfdən, insanın intihar düşüncələrinin müzakirə edilməsi onda intihar istəyini daha da artıra bilər. Əslində isə intihar etmək qərarına gələn insanlara qayğı ilə yanaşmaq, onlara məsləhət vermək lazımdır. İntiharın qarşısını almaq üçün bütün cəmiyyət bu barədə məlumatlı olmalıdır.

Belə ki, insan resursları ilə işləyən peşə qrupları - müəllimlər, sahə həkimləri, sosial işçilər və başqaları sayıqlıq göstərməli, belə hallarla rastlaşdıqda düzgün istiqamətləndirmə aparmalı və psixi sağlamlıq sahəsində çalışan mütəxəssislərlə sıx əməkdaşlıq etməlidirlər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR