Vəzifəlilərin övladları əsgərliyi harada çəkirlər?

16-02-2016, 14:29 682 dəfə baxılıb

Vəzifəlilərin övladları əsgərliyi harada çəkirlər?











“Müdafiə Nazirliyinin Təşkilat və Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirovun məmur övladlarının hərbi xidmət keçməsi barədə səsləndirdiyi fikirlər həqiqətdir. Mən özüm də ayrı-ayrı vaxtlarda şəxsən bu halların şahidi olmuşam”

Bunu açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

Ekspertin sözlərinə görə, yüksək çinli məmurların övladları adi insanlar kimi hərbi xidmətə yollanırlar: “Həqiqi hərbi xidmət hər bir vətəndaşın konstitusion borcudur. Digər tərəfdən, bu gün qanunvericilik həqiqi hərbi xidmət keçməmiş şəxslərin bir sıra sahələrdə vəzifə tutmasına mane olur. Bu da öz növbəsində sosial durumundan asılı olmayaraq vətəndaşların həqiqi hərbi xidmət keçməsinə zərurət yaradır”.

R. Süleymanov bir neçə tanınmış nazir müavininin, icra başçısının oğlunun ön xəttə xidmət etdiyinin şahidi olub: “Mən bir neçə dəfə belə halın şahidi olmuşam. Nazir müavinlərindən birinin və tanınmış icra başçısının övladı bir illik hərbi xidmətini cəbhədə, ön xətdə keçirib. Hətta çəkiliş zamanı onlar kadra düşməkdən, müsahibə verməkdən imtina ediblər. Onlar bəzilərindən fərqli olaraq, hərbi xidmətini ön cəhbədə keçirmələrini reklam eləmədilər. Sabiq müdafiə naziri Səfər Əbiyevin övladı Mingəçevirdə Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissəsində xidmət edib. Eşitdiyim qədər, Ombudsmanın nəvəsi də Müdafiə Nazirliyinin hərbi hissəsində xidmət edib. Amma arxa hərbi hissələrdə də xidmət edən millət vəkili, nazir müavini, icra başçısının övladlarını görmüşəm”.

Ekspert qeyd edib ki, hərbi xidmət keçməyənlərin bəzi sektorlarda işə qəbul edilməmələri, tətbiq edilən məhdudiyyətlər, eləcə də digər təsiredici faktorlar son illərdə Azərbaycanda hərbi xidmətdən yayınma hallarının azalmasına səbəb olub: “Rastlaşdığımız bəzi hallar var ki, vətəndaşlar hərbi xidmətə getmək üçün cəhdlər edirlər. Məsələn, mən özüm səhhətində qüsuru olan gənclərin bunu həkim komissiyalarından gizlədərək hərbi xidmətə getmək cəhdlərinin şahidi olmuşam. Hətta ona verilən möhlət hüququnu belə yarımçıq dayandırıb, hərbi xidmətini çəkmək üçün müraciət edənlər var. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytındakı sual-cavab bölməsinə baxdıqda bununla bağlı nə qədər müraciətin olduğunu aydın görmək mümkündür”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR