Novxanıda pulsuz çimərlik açılana qədər...

12-07-2016, 11:12 872 dəfə baxılıb

Novxanıda pulsuz çimərlik açılana qədər...









Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin redaktorlarla görüşündə maraqlı məqamlar səslənib. Nazir Azərbaycanda daxili turizmin inkişafı barədə fikirlər səsləndirib. O qeyd edib ki, Novxanıda orta səviyyəli bir çimərlik yaradılacaq və həmin çimərlik pulsuz fəaliyyət göstərəcək

Bu isə indiki zamana qədər Abşeronda fəaliyyət göstərən çimərliklərin pullu olmasına şərait yaradan, bunu leqallaşdıran durumlardan biridir. Ümumiyyətlə, çimərlik niyə pullu olmalıdır? Dünyada ən yaxşı çimərlik kateqoriyasına hansı məkanlar daxildir?

Yaxşı çimərlik nə deməkdir?

Musavat.com bildirir ki, hər il dünyadakı ən yaxşı çimərliklərin siyahısını hazırlayan "TripAdvisor" yenə maraqlı nəticə ortaya çıxarıb. Daha doğrusu, istifadəçiləri üçün ən yaxşı 10 çimərliyin adını açıqlayıb. Dünyanın ən yaxşı çimərliyi UNESCO dünya mirası siyahısında olan Braziliyanın Bayia do Sanço çimərliyidir. Digər bir füsunkar çimərlik Havay adalarındadır. Lanikayi plyajı dümağ qumları, xurma ağacları və tropik bitkiləri ilə insanları heyrətə salır.
Bənzərsiz qumları və fövqəladə gözəllikdəki dənizi ilə Seyşelldəki Anse Intendanc çimərliyi siyahının 3-cü pilləsindədir. 4-cü Taylanddakı Phra Nanq çimərliyidir. İlk beşliyi isə Portuqaliyadakı Olhos de Agua çimərliyi qapayır. Onluqda olan digər çimərliklər isə bunlardır - Türkiyənin "İztuzu", Filippinin "Secret Lagoon", İtaliyanın "Tropea", Avstraliyanın "Vhitsunday", Amerikanın "Assateague" çimərlikləri.

"TripAdvisor" portalı da dünyanın ən yaxşı çimərliklərinin reytinqini tərtib edib. Reytinq il ərzində turistlərin çimərliklər barədə rəylərinin sayı və keyfiyyəti əsasında hazırlanıb. Siyahıya əsasən, dünyanın ən yaxşı çimərliyi Braziliyadadır. Fernandu-di-Noronya kurortundakı "Baia do Sancho" adlı çimərlik reytinqin birincisidir. Siyahıda ikinci və üçüncü yerləri, müvafiq olaraq, Providensiales (Terks və Kaykos adaları) adasındakı çimərlik və Puerto-Rikoda yerləşən "Playa Flamenco" çimərliyi tutur.

Avropanın ən yaxşı çimərlikləri ilə bağlı ayrıca siyahı hazırlanıb. Burada isə birinci yer "Playa de las Catedrales" (İspaniya, Ribadeo) çimərliyinə məxsusdur. "Elafonisi" (Yunanıstan, Elafonisi) Avropanın ən yaxşı ikinci çimərliyi olduğu halda, ilk üçlüyü "Cala Mariolu" (İtaliya, Baunei) çimərliyi tamamlayır.

Fərqli standartlar, üstünlüklər və daha nələr...

Bodrum Türkiyənin ən yaxşı çimərlik zonası sayılır. Təmiz qumdan başqa bura büllur suyu və sakitliyi ilə də məşhurdur. Körfəzlə bağlı maraqlı əfsanə də var. Bu əfsanə burada yaşayan Nimfa Salmakisin Hermes və Afroditanın oğluna olan sevgisindəndir. O, tanrılardan xahiş edir ki, oğlanın qarşılıqlı hisslərini boğsun. Salmakisin ah-nalələri səma sakinlərini təngə gətirir və onlar sevgililərin bədənlərini birləşdirmək qərarına gəlirlər. Hermofrodit sözü də elə buradan yaranıb. Deyilənlərə görə, buranın suyu keçmişdə həqiqətən də kişiləri qadınsayağı edirmiş. Əslində isə yaxınlıqdakı meyxana kişi inadını yumşaldırmış...

İspaniyanın Kosta Bravo çimərliyi isə İspaniyanın Aralıq dənizinin şimal hissəsində yerləşir. Buna görə də burada çimərlik mövsümü digər kurortlara nisbətən qısadır - iyunun əvvəlindən oktyabr ayınadək. Lakin buna baxmayaraq, Kosta Bravonun mənzərəli buxtaları və qumlu çimərlikləri çox məşhurdur. Çimərliklər bir qayda olaraq qızılı qumla örtülüb. Burada su idman növləri, xüsusilə də dayvinq geniş yayılıb. Sualtı mağaraların çoxluğu dayvinq həvəskarlarını Kosta Bravo çimərliklərinə cəlb edir. Gecə həyatını və şən istirahəti sevənlərə isə Kosta Bravonun inzibati və turistik mərkəzi olan Lyoret De Mar şəhərciyində məskunlaşmağı məsləhət görürük. Kosta Bravo - hər zövqə uyğun istirahət deməkdir.

Vyetnamdakı Dananqın (China Beach) şöhrəti də az deyil. Bu çimərlik Çayna Biç, həm də Non Nuoc Beach kimi də adlandırılır. Asiyanın ən məşhur çimərliklərindən biri sayılır. Lqunların (dənizdən ayrılmış göllərin), təmtəraqlı bağların, ekzotik güllərin və meyvə ağaclarının görkəmi ərazini daha da gözəlləşdirir. SPA xidməti ilə tanınan otellər, dəniz məhsullarından hazırlanan xörəkləri ilə seçilən restoranlar xüsusən çimərlik üçün əlverişlidir. Dananqdan çox da uzaqlıqda olmayan dünyanın ən uzun kanat yolu sayılan yer də burada yerləşir. Buranı Ba Na dağı ilə qonşu dağın yüksək zirvəsi hesab edilən Vonq Nqueti birləşdirir. Ekzotik yerləri görmək arzusunda olanlar hər zaman buraya gəlirlər.

Keçək Avstraliyadakı Yeni Ehimali Uels, Bayron Bay çimərliyinə. Çimərliyi yazıçı Bayronun şərəfinə belə adlandırırlar. Bu çimərlik dünyanın ən məşhur istirahət yeri hesab edilir. Bu yerləri delfinlər, müxtəlif balıqlar və dəniz heyvanları da sevir. Bütün dünyadan insanlar məhz bu heyvanları görmək arzusu ilə külli miqdarda vəsait sərf edərək bura gəlirlər. İl ərzində çimərliyə iki milyondan artıq insanın gəlməsinə baxmayaraq, ərazi o qədər böyükdür ki, heç vaxt dolmuş vəziyyətdə görünmür. Burada hər kəs özünü rahat hiss edə, istədiyi kimi əylənə bilər. Hər cür zövqə uyğun əyləncə seçmək imkanı da var. Ərazidə müxtəlif musiqi janrları üçün nəzərdə tutulmuş festivallar və sörfinq, kaytinq üçün düşünülmüş çempionatlar da keçirilir.

Kubadakı Playa Esmeralda çimərliyi "zümrüddən olan sahil" kimi qiymətləndirilir, Kubanın təbii gözəlliyə sahib olan hissələrindən biridir. Mərcanlardan ibarət olan və sahildən 900 m uzaqlıqda yerləşən adalar dayverlər üçün əsas mərkəzlərdəndir. Xüsusi macəra axtaranlar üçün çimərliyin yaxınlığında park da tikilib. Burada insan əli dəyməmiş və heç bir dəyişikliyə məruz qalmamış, vəhşi heyvanların yaşadığı təbii zonalar da vardır. Dağ çayları, şəlalələr və göllərin altında yerləşən mağaralar da insanların diqqətini cəlb edir.
"Maxo Beach" çimərliyi yalnız günəş altında qaralmaq, ya da istirahət etmək üçün deyil, həm də ekstremal bir ərazi olduğuna görə dünyanın hər tərəfindən turistləri özünə cəlb edir. Sen Marten adasında yerləşən bu çimərlikdə Günəşin altında yaxşı qaralmaqla yanaşı, düz başınızın üstündən uçan təyyarələrin də şahidi ola bilərsiniz. Belə ki, mərkəzi "Şahzadə Culiana" hava limanı çimərliyə çox yaxın bir ərazidə yerləşdiyindən və eniş ərazisi balaca olduğundan təyyarələr istirahət edən insanların üstündən uçmaq məcburiyyətində qalırlar. Turistləri gözləyən yeganə təhlükə təyyarənin güclü küləyi vasitəsilə suya düşmələridir. Buna görə də turistlərin məlumatlandırılması üçün çimərlikdə xəbərdarlıq lövhələri yerləşdirilib.

Bu çimərliklər "gəl-gəl" deyir, amma orada üzmək təhlükəlidir

Keçək ən təhlükəli çimərliklərə. Təhlükəsinə görə birinci yerdə Avstraliyanın şimal sahilləri və Tivi arxipelaqı gəlir. Burada istirahət edənlər zəhərli meduzalar və köpək balıqlarının hücumuna məruz qala bilər.

Növbəti sırada Cənubi Afrika sahilləridir. Burda da çimərkən insan köpək balıqları ilə üzləşə bilər.

Üçüncü yer isə Meksikanın Zipolit çimərliklərinə aiddir. Buranın problemi isə çox sürətli su cərəyanlarıdır.

Dördüncü pillədə Avstraliyadan çox da uzaqda olmayan Marşal adaları və Bikini mərcan adaları gəlir. 1946-1958-ci illərdə amerikalılar burada çoxsaylı atom sınağı keçirdiyi üçün radiasiya fonu yüksək olaraq qalır.

Beşliyi ABŞ-ın Florida ştatındakı çimərliklər tamamlayır. Burada istirahət edənləri ya köpək balıqları qarşılayır, ya da ildırım vurur.

Altıncı yer Braziliyanın Kopakabana çimərliklərinə (Rio de Janeyro) məxsusdur. Buranın problemi isə köpək balıqları və natəmizlik yox, cinayətkarlıqdır.

Yeddinci yerdə Honq Konqun Repulse Bay çimərlikləri qərar tutur. Buranın yeganə problemi antisanitariyadır.

Səkkizinci yer də Braziliyaya aiddir. San Paulunun çaykənarı çimərliklərində dincələnlərə piranhalar hücum edə bilər (Bu fəsilədən olan balıqların ölçüsü 30 sm, kütləsi isə 2 kq-a çatır. Qana çox həssas olan bu balıqlar insana da hücum edir).

Doqquzuncu yerdə də ABŞ qərarlaşıb. Virciniya çimərliklərində dincələnlər ac tülkülərin hücumuna məruz qala bilər.

Nəhayət, onluğu Avstraliyanın Brum şəhərindəki Cable Beach çimərliyi tamamlayır. Burada dincələnlərin isə hər an timsahlarla burun buruna gəlmək təhlükəsi var.
Yaxşı çimərlik - alver, ekzotik heyvan, səsgücləndirici yox...

Dünyanın ən yaxşı çimərliklərində isə ilginc şərtlər var. Belə ki, ən yaxşı çimərliklərdə alver qadağandır. Həmin ərazilərdə siz yeyinti məhsullarının alveri ilə rastlaşa bilməzsiniz. Ekzotik heyvanların çimərliyə gətirilməsi, turistlərlə şəkil çəkdirilməsi hallarından da söhbət gedə bilməz. Bundan başqa, orada səsgücləndirici ilə musiqi dinlənilməsi, spirtli içkilərin satışı qadağandır. Siyahıdakı əksər çimərliklərin ərazisində restoran fəaliyyət göstərmir. İnsanlar bu ərazilərə yemək yox, sırf günəşlənmək, üzmək üçün gəlirlər. Yəni çimərlik əsl təyinatı üzrə fəaliyyət göstərir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR