Ət bazarına bahalaşma dalğası: - Sayılı zaman qaldı

25-10-2018, 12:53 457 dəfə baxılıb

Ət bazarına bahalaşma dalğası: - Sayılı zaman qaldı


Heyvan bazarında qiymət artımı müşahidə olunur.Bu hal ölkənin bir sıra heyvan bazarlarında, o cümlədən də Tovuz, Bərdə rayonlarındakı bazarlarda da qeydə alınıb.Qiymətlər bir ay əvvələ nisbətən dəyişib.Tovuzdakı heyvan bazarında iribuynuzlu heyvanların qiymətində 100, xırdabuynuzlularda isə 30-50 manat artım müşahidə olunub.Bərdədə heyvan bazarında 150 kiloqramlıq heyvanlar 1600-1700 manata satılıb.Diri heyvanın çəkisi kiloqramı 8-9 manat arasında olmaqla hesablanıb.Qiymət artımı ən çox xırdabuynuzlu heyvanlarda müşahidə edilib.

Heyvan sahibləri qiymət artımının səbəblərini fərqli formada izah ediblər. Hazırda məhərrəmlik ayı ilə əlaqədar bazarda alıcılıq qabiliyyəti aşağıdır. Bununla belə, qiymət artımı tendensiyası aradan qalxmayıb.Heyvan bazarlarında ətlik heyvanlara tələbat müqayisədə daha çox olub.

Məlum olduğu kimi, payız fəsli olduğundan ət məhsullarına təlabat artır.Bu baxımdan bahalaşma gözlənilən olsa da, qiymət artımındakı əhəmiyyətli fərq bahalaşmanın yalnız mövsümi xarakter daşımadığını deməyə əsas verir.Bahalaşmanın qarşıdakı aylarda ətin qiymətində özünü göstərəcəyi gözlənilir.Hətta ətin qiymətində kəskin bahalaşmanın olacağı barədə məlumatlar dolaşmaqdadır. Bəzi informasiyalara görə, dekabr ayına qədər dana ətinin qiyməti 15-16 manatacan yüksələ bilər. Bakı şəhərində fəaliyyət göstərən qəssablar ətlik heyvan çatışmazlığından şikayətlənib və qarşıdakı aylarda qiymətin artacağını istisna etməyiblər. Onlar bildirirlər ki, əvvəllər 1000 manata aldıqları heyvanı indi 1300 manatdan alırlar.

Qeyd edək ki, statistik göstəricilərdə ölkədə 8 milyona yaxın xırdabuynuzlu, 2 milyondan çox iribuynuzlu heyvanın olduğu öz əksini tapsa da, baş verən bahalaşma ölkədə heyvan qıtlığının olduğunu şərtləndirir.

İqtisadçı ekspert Akif Nəsirli də “Cumhuriyət” qəzetinə açıqlamasında bildirib ki, son illər kənd təsərrüfatı sektorunda heyvandarlığın inkişafının sıxışdırılması prosesi gedir:

“Əslində Azərbaycanın təbiəti kənd təsərrüfatının heyvandarlıq istiqaməti üçün daha səmərəlidir. Buna baxmayaraq, hökumət pambıqçılığın inkişafına daha çox dəstək verir.Hətta bir çox ərazilərdə fermalar sökülərək, ərazilər pambıq əkini üçün verilir. Doğrudur, bunlar əsasən dövlət torpaqlarıdır, amma orada fəaliyyət göstərənlərin böyük əksəriyyəti məcburi köçkünlərdir. Xeyli ərazilər boşaldıldı, həmin insanlar da öz fəaliyyət istiqamətlərini dəyişməli oldular və əkinçiliklə məşğul olmağa başladılar.İlk növbədə heyvanların qiymətindəki artım bu amillə bağlıdır”.

Akif Nəsirli hesab edir ki, bahalaşmanın davamı olacaq:

“Yay mövsümü yeni başa çatıb. Hələ bostan, tərəvəz məhsulları bazardan tam olaraq yığışdırılmayıb. İnsanların ətə tələbatı son bir-iki ayda artıb.Qarşıdakı aylarda may-iyuna qədər ətə tələbat yüksək olacaq.Təklif isə məhduddur.Ona görə də hesab edirəm ki, qarşıdakı aylarda da heyvanın, həmçinin ətin qiyməti bahalaşacaq.Bununla əlaqədar olaraq, sahibkarlar daha çox idxala üstünlük verəcəklər.Bu da xarici ticarət dövriyyəsindən idxal həcminin bir qədər də artmasına səbəb olacaq”.

İqtisadçı hesab edir ki, hökumət kənd təsərrüfatı sektorunda əsasən, heyvandarlığa diqqət yetirməlidir. Heyvandarlığın inkişafı stimullaşdırılmalıdır:

“Heyvandarlığın inkişafı stimullaşdırılarsa, nəinki Azərbaycanın daxili tələbatını ödəyər, hətta ixrac potensialı da yarana bilər. Azərbaycanda yetişən yerli cinslər keyfiyyətinə görə dünyada brend yaratmaq imkanlarına malikdir.Hesab edirəm ki, Azərbaycandan ət ixrac olunarsa, bu Avropada ən azı 30-40 avroya təklif oluna bilər.Çünki, hazırda dünyada istehsal olunan ətin keyfiyyəti çox aşağıdır.Kənd təsərrüfatı inkişaf etmiş ölkələrdə heyvanların cinsinə çox müdaxilə olunub.Kəmiyyət artsa da, keyfiyyət aşağı düşüb.Azərbaycanda bəslənən cinslərə o qədər də müdaxilə olunmayıb. Ona görə də hökumət pambığa ayırdığı diqqətin 20 faizini heyvandarlığa ayırsa, bir neçə ildən sonra Azərbaycan nəinki daxili tələbatı ödəyə bilər, hətta ət ixrac edən ölkələr sırasına qatıla bilər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR