“Seks kölələri”: onlar döyülür, söyülür və zorakılığa məruz qalır

23-02-2019, 16:28 387 dəfə baxılıb

“Seks kölələri”: onlar döyülür, söyülür və zorakılığa məruz qalır

Azərbaycan DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 142 insan alveri, 6 icbari əməyə cəlb edilmə, 26 insan alveri məqsədilə sənədlərin saxtalaşdırılması faktı qeydə alınıb. Nəticədə ümumilikdə 17 nəfərdən ibarət 8 cinayətkar qruplaşma zərərsizləşdirilib, bu qruplaşmaların 66-sı qadın olmaqla, 71 qurbanı müəyyən edilib.

Yaxın günlərdə Türkiyənin Kayseri şəhərində fahişəliyə qarşı mübarizə çərçivəsində əməliyyat keçirilib.

Saxlanılan “seks kölələri” arasında azərbaycanlı qadınlar da olub. Məlumata əsasən, onlar Türkiyəyə çatan kimi pasportları əllərindən alınıb və naməlum sənədi imzalamağa vadar ediliblər. Bundan sonra onları zor tətbiq etməklə fahişəliyə cəlb ediblər.

“Təmiz Dünya” qadınlara yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “Media.Az”a verdiyi açıqlamada Azərbaycanın insan alverinə qarşı effektiv və ciddi mübarizə aparmasına rəğmən, bu problemin aktual olaraq qaldığını dilə gətirib.

Onun sözlərinə görə, insan alverçiləri bir qayda olaraq potensial qurbanları müəyyən edərək, onları fahişəliyə cəlb edən yaxşı psixoloqlardan ibarət qruplaşmadır.

“Adətən bizim qızları böyük qazanc adı altında cəlb edirlər, bəzən də sevgi adı altında aldadırlar: qurbanla görüşürlər, evlənməyə söz verirlər. Bu ən geniş yayılmış cəlb etmə növləridir. Ancaq başqaları da var. Məsələn, qadının qalmağa yerinin olmadığını, onun aztəminatlı ailədən çıxdığını öyrənib, yüksək gəlirli iş təklif edirlər, qısa müddət ərzində özünə mənzil ala biləcəyini and-aman edirlər. Çox vaxt qızlar belə nağıllara inanır. Ancaq təyinat nöqtəsinə gələn kimi onların sənədlərini əllərindən alırlar və fahişəliklə məşğul olmağa məcbur edilirlər”, - deyə M.Zeynalova bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə hüquq mühafizə orqanları arasında qarşılıqlı yardım haqqında saziş var. Türkiyədə insan alveri qurbanı olan Azərbaycan vətəndaşları saxlanılanda, cinayət işini bir qayda olaraq azərbaycanlı həmkarlarına ötürürlər.

M.Zeynalovanın sözlərinə görə, Azərbaycan vətəndaşları əsasən BƏƏ, Rusiya, Türkiyədə cinsi istismara məruz qalırlar, habelə Pakistan və İranda da bir neçə belə fakt qeydə alınıb.

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri bəzi qadınların könüllü olaraq fahişəliklə məşğul olduğunu qeyd etsə də, belə faktların çox az olduğunu bildirib.

“Hələ ki bizdə cinsi istismara məruz qalan qadınlar arasında zorakılıq nəticəsində ölüm faktı qeydə alınmayıb. Seks köləliyindən qurtulduqdan bir neçə il sonra vəfat etmiş, yol qəzasında həlak olmuş və ya xəstəlikdən ölmüş qadınlar olub”.

Mehriban Zeynalova belə fahişəliyə cəlb olunmuş qadınların tez-tez döyüldüyünü, alçaldıldığını və cinsi təcavüzə məruz qaldığını, onların həm fiziki həm də mənəvi travmalar aldığını diqqətə çatdırıb.

“Çoxları tez-tez belə bir sual səsləndirir: niyə qurban əlinə fürsət düşən kimi zülmkardan qaçmır? Belə qadınların əslində təzyiq altında saxlanıldığı, onların daima qorxu içində olduğunu, təhdid edildiyini nəzərə almaq lazımdır. Onlara deyəndə ki, qaçsan yaxınlarını və ya qohumlarını öldürəcəyik, həmin qadın çarəsiz vəziyyətə düşür”, - deyə M. Zeynalova vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi insan alveri qurbanlarının müəyyən edilməsi və müdafiəsi ilə yanaşı, ona verilmiş səlahiyyətlər çərçivəsində insan alveri ilə əlaqədar əməliyyat-axtarış tədbirləri və cinayət təqibi həyata keçirə bilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR