"5 nəfərə yardım edirsənsə, 105 nəfər də dədənin goruna söyür..."

17-04-2020, 15:13 251 dəfə baxılıb

"5 nəfərə yardım edirsənsə, 105 nəfər də dədənin goruna söyür..."


- Baloğlan müəllim, karantin dövrünü sənət adamlarının daha maraqlı keçirdiyi deyilir. Siz nə işlə məşğul olursunuz?

- İnsanlar necə, biz də elə karantin rejimini keçiririk. Daha çox mütaliə edirəm, oxumadığım kitabları oxuyuram. Şeirlərə nəzər salıram. Ümumiyyətlə, mən evdə qalmağı həmişə bacarmışam. Bəzi insanlar var ki, evdə darıxır. Mənə dəyib-dolaşan olmasa, 24 saat evdə qalaram. Toy olanda axşam toya gedirdim, gündüz isə yenə evdə olurdum.

- Sizcə bu gün bəşəriyyət hansı günahının cəzasını çəkir, Allahdan soruşursunuzmu heç?

- Qanında müsəlman qanı olan hər bir insan Allahı yadına salır. Əslində müsəlman olmayan xalqlar da Allahın varlığına inanırlar. Biz müsəlmanıq və bir şey olan kimi Allahdan kömək istəyirik, yəni Allah sözü dilimizdə həmişə səslənir. Azərbaycan xalqının şeirlərində, mahnılarında Allaha müraciət çoxdur. Xalqımız Allahı sevəndir. Düşünürəm ki, heyvanlar da yeri-göyü yaradanı tanıyırlar. Hərdən Allaha deyirəm ki, bu milləti koronavirus bəlasından xilas et, onsuz da xalqımız başında o qədər bəlalar var ki, onlardan biri də Qarabağ dərdidir. Mən uşaq olanda bizim tərəflərdə Məhərrəmlik və Ramazan aylarında dini ayinlər daha çox icra olunurdu. İnsanlar Allaha yalvarıb deyirdilər ki, sən bizim gələn günlərimizi yaxşı et, ölkəmizdə əmin-amanlıq olsun! Bu təbii bir şey idi, amma sovet hökumətinin vaxtında bəzi tərbiyəsiz, nadürüst adamlar Allahın varlığını danırdılar, amma onların da daxilində Allah xofu var idi. Universitetdə oxuyanda bizim ateizm müəllimimiz dərs zamanı Allahın olmadığını deyirdi. Mən də qorxumdan hələ heç nə deyə bilmirdim. Dərsdən sonra müəllimlə digər müəllim rastlaşdılar. Ateizm müəllimi həmkarına dedi ki, haralardasan, niyə görünmürsən? O, biri müəllim dedi ki, xəstəydim. Ateizm müəllimi qayıtdı ki, Allah şəfa versin. Mən yaxınlaşıb ona dedim ki, bəs bayaqdan dərsdə Allahı danırdın, indi niyə belə danışırsan? Bu iradıma görə müəllim məni qovdu. Allahdan arzu edirəm ki, millətimizi koronavirus pandemiyasından qorusun, bu bəla üstümüzdən getsin.

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çağırış etmişdi ki, kişilər evdə qalarkən qadınlara ev işlərində kömək etsinlər. Siz isə buna çox kəskin cavab verdiniz...

- Məsələ burasındadır ki, evdə qadın varsa, insan gərək o qədər şüursuz ola ki, qadına məxsus olan yerdə yemək bişirsin. İnsanın fantaziyası varsa, nəsə etmək olar. Bəlkə də mən evdə tək uşaq olduğum üçün bu qədər ərköyün olmuşam, yemək bişirməmişəm. Olur bəzən evdə tək olanda yumurta da, kartof da bişirmişəm, amma daha dərinliyə gedə bilmərəm.

- Mübariz Mənsimovla bağlı nəsə susqunluq var sanki, əvvəl məsələ çox qabardıldı, amma indi daha bu haqda danışan yoxdur...

- Mübariz Mənsimovla bağlı dünyanın bütün ən ağıllı adamları səsini qaldırdı. Bədbəxtçilik burda oldu ki, koronavirus pandemiyasına görə baş qarışdı. Allah qapısını açacaq. O, elə bir insan olub ki, onu minlərlə-milyonlarla insanın dəstəkləməsi boşuna deyil, çünki onun xeyirxah əməlləri çox olub. Onun bu əməllərini qiymətləndirməyənlərə isə Allah insaf versin.

- Karantin rejiminə görə bir qrup imkanı olan şəxslər imkansızlara ərzaq paylayırlar, amma bunu çəkib sosial şəbəkələrdə paylaşırlar. Sizcə bu doğrudurmu?

- Mənim bu haqda fikirlərim başqadır. Allahın belə bir kəlamı var ki, sağ əlin verdiyini, sol əl bilməməlidir. Əgər sən kiməsə nəsə verdiyini reklam edirsənsə, Allahın ən böyük qəzəbinə gələ bilərsən. Yaxşı müsəlmansansa, insansansa, bunu reklamsız et. Bəziləri də deyir ki, filankəslər hardadır, niyə kasıblara əl tutmurlar. Kimsə xeyriyyəçilik edəndə bunlara hesabat verməlidir? Mən minlərlə adamlara əl tutmuşam, amma bunu heç vaxt deməmişəm, xəcalət çəkmişəm, niyə onu utandırmalıyam ki? Bunu qəti qəbul etmirəm. Yardımı dövlət edəndə çəkib göstərə bilər. Ən dəhşətlisi odur ki, beş nəfərə yardım edirsənsə, yüz beş nəfər də dədənin goruna söyür, çünki sənə o, da zəng vurur, kömək istəyir. Sən ona kömək etməyəndə övladlarına qədər söyür.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR