Rus dronlarına qarşı Ukrayna dirənişi: Azərbaycan bu təcrübədən yararlana bilər

29-07-2020, 13:28 226 dəfə baxılıb

“Son vaxtlar Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatların intensivləşməsi yerli münaqişələrdə pilotsuz uçuş aparatlarının getdikcə artan rolunu göstərir. Hər iki tərəf həm faktiki pilotsuz vasitələrdən, həm də onlara qarşı mübarizə vasitələrindən olduqca fəal istifadə etdi”.

Ukraynalı hərbi ekspert, “Qarabağın qılınc və atəşi. Naməlum müharibənin salnamələri. 1988-1994-cü illər” kitabının müəllifi Mixail Jiroxov AYNA-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, bu nəticələr bu günə qədər hər iki tərəfin, ilk növbədə informasiya müharibəsi sahəsindəki qələbəsini təmin etməyə çalışması fonunda olduqca qeyri-müəyyən görünür.

"Hələ ki, bu sahədə rəsmi Yerevan qalib gəldiyini iddia edir. Söhbət Azərbaycan Silahlı Qüvvələrinə məxsus olduğu söylənilən 14 ədəd pilotsuz uçuş aparatının (PUA) vurulması ilə bağlı sensasiyalı mətbuat konfransından gedir. Lakin, əslində, belə bir epik qələbə hələ də şübhə üçün çoxsaylı əsaslar verməkdə davam edir. Və bunun səbəbləri var”, - müsahibimiz bildirib.

“Əvvəla, unutma olmaz ki, son illərdə Bakı Orta Şərqdəki uzun illər davam edən hərbi əməliyyatlardan göründüyü kimi, son dərəcə yüksək döyüş effektivliyi ilə fərqlənən İsrail istehsalı olan ən qabaqcıl PUA-lar alıb. Bu PUA-lar Ermənistan ordusunda olan Rusiya istehsallı elektron müharibə vasitələrinə qarşı çox effektivdir. Suriyada ruslar bütün yeni silahlarını sınaqdan çıxardılar, lakin məsələn, məşhur “Pantsir”i heç bir problem olmadan məhv edən İsrail PUA-larına qarşı heç nə edə bilmədilər”, - Jiroxov vurğulayıb.

Bu baxımdan, o, hesab edir ki, indi Ermənistanın belə səmərəlilikdən danışması məntiq baxımından tamamilə anlaşılmazdır: “Vəziyyəti nəzərdən keçirərkən, əsas diqqət niyə elektron müharibə vasitələrinə yönəldilməlidir? Bir sadə səbəbə görə - dünyada dronların fiziki məhv edilməsi üçün effektiv vasitə olmadığı müddətcə, sadəcə idarəetmə sistemini sıradan çıxara bilən elektron müharibə aparatlarının hazırlanması üçün bütün cəhdlər edilir”.

Hərbi ekspert Azərbaycan Müdafiə Nazirliyinin baş verənlərə bir qədər ləng reaksiyasının da təəccüblü olduğunu qeyd edib: “Əslində, erməni tərəfinin açıqlamaları heç bir şəkildə şərh edilmirdi - ən azı kənardan belə bir mənzərə yaranırdı. İsitisna etmirəm ki, ölkə daxilində tamamilə fərqli bir informasiya siyasəti aparılır”.

“Baş verənlərdən hansı nəticələr çıxarmaq olar? Əvvəla, Azərbaycanın düşmənin radio-elektron mübarizə vasitələrinə qarşı daha effektiv vasitələrə, daha sonra isə özünün radio-texniki avadanlıqları parkının yenilənməsinə ehtiyacı var. Bu iş üçün Donbassda 7 il Rusiya elektron mübarizə sistemlərinə və Rusiya istehsalı olan dronlara qarşı mübarizə aparan və xeyli təcrübə toplayan Ukraynanın təcrübəsindən istifadə etmək olduqca mümkündür”, - mütəxəssis diqqətə çatdırıb.

M.Jiroxov buna misal olaraq qeyd edib ki, Ukraynaya məxsus "Nota" və ya "Bukovel-AD" tipli stansiyalar indi əsl döyüş təcrübəsinə sahib olan avadanlıqlardır: “Bakı həm də Ukraynanın eyni “R-330Zh Jitel” və ya “Leer-3” stansiyalarına qarşı mübarizə sahəsindəki təcrübəsindən də yararlana bilər. Bu illər ərzində Ukrayna ordusu belə stansiyaların məhv edilməsi sahəsində kifayət qədər təcrübə yığıb”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR