Toy yoxdur, şou-biznesin sonudur

4-09-2020, 01:20 416 dəfə baxılıb

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə el şənlikləri müvvəqqəti qadağan edilib. Bu durğunluq hazırda ən çox sənət aləmində hiss edilir. Toyda ifalarına qadağa qoyulan müğənnilər sanki yaradıcılıqlarını da "qara siyahı"ya atıblar. Hər zaman işlərinin çoxluğundan mahnı oxuyub, klip çəkdirməyə imkan tapmadıqlarını deyən müğənnilərin bu boşluqda da fəaliyyətini görmədik.

Axşam.az şou-biznes nümayəndələrinin pandemiya dövründə nələr etdiyini araşdırıb. Onların yaradıcılıqlarında etdikləri işlərə nəzər salsaq çoxları evdə oturub, ya yemək bişirib, ya da dincəlib. Belə nəticəyə gəlinir ki, müğənnilərimizin əksəriyyətinin fəaliyyəti ancaq elə toydan ibarət imiş. Çünki son günlər ən çox eşitdiyimiz kəlmə "Şou-biznes var? Şou-biznes bitdi"dir.

El şənlikləri bitən kimi, onların aktivliyi də sona çatıb. Toydan ilhamlanan müğənnilər, toy olmayanda oxumayanlar kimlərdir?

Xalq artisti Röya Ayxan - Pandemiyadan əvvəl sənətçi az qala günə iki yeni mahnı təqdim edirdi. Karantin günlərində isə sənətçi yaradıcılığını dondurub. Röyanı pərəstişkarları ancaq İnstaqramda yayımladığı fotolarından görür.



Bütün günü efirləri bəzəyən, açıqlamaları ilə gündəmi bəzəyən müğənni Nadir Qafarzadə də yaradıcılığına toylarla birlikdə "qadağa" qoyub. Sənətçi karantin boyunca nə bir mahnı oxuyub, nə bir klip çəkdirib. Hətta gündə bir qalmaqallı paylaşım edən Nadirin buna da həvəsi qalmayıb.



Xalq artisti Tünzalə Ağayevanın yaradıcılığı son bir neçə aydır ancaq İnstaqramda yeni fotolar paylaşmaqdan ibarətdir. Əvvəl ayda bir mahnı təqdim edən müğənni geri çəkilib. Sənətçinin başı arıqlamağa qarışıb.


Müğənni Günay İbrahimli də karantində sənətdən uzaqlaşıb. Yalnız yeni fotolar çəkdirib, İnstaqram səhifəsini aktiv saxlamağa çalışan Günay günlərini evində dincələrək keçirib.



Müğənni Xatirə İslamı da bu siyahıya daxil etmək olar. Sənətçi karantin boyunca nə bir açıqlaması, nə bir işi ilə gündəmə gəlməyib. Xatirə oxumağın daşını atıb, özü üçün səhifə açıb "food blogger"liyə başlayıb. Sənətçi gününü mətbəxdə keçirib. İfaçı artıq çəki almasıyla da diqqət çəkib.




Əməkdar artist Vasif Məhərrəmli toy olmamasından istifadə edib yaradıcılıqla məşğul olmaqdansa, geri çəkilənlərdən olub. Pandemiya ərəfəsində müğənni hec bir yaradıcı fəaliyyəti ilə gündəmə gəlməyib.



"Toylar kralı" Xalq artisti Səməd Səmədov titulunu bu karantin günlərində sübut edib. Müğənni ancaq toy olanda oxumaq həvəsinin olduğunu göstərib. Belə ki, "toylar kralı" karantin ərəfəsində heç bir yaradıcılıq yeniliyi etməyib.



Toyları zəbt edib, efirlərdə yalnız tək görünmək üçün aparıcılara şərt qoyan Damla da karantin boyunca ifaçılığın daşını atıb. "Toy yoxdur, nə edim mahnını" deyən Damla pul qazanmağın yeni yolunu tapım. İndi o, ancaq İnstaqram səhifəsi ilə pul qazanmağa başlayıb. Son günlər Damlanı ancaq hansısa mağazanı, geyimi, məhsulu reklam edərək görürük.


Əməkdar artist Lalə Məmmədova da karantin başlayan kimi evinə çəkilib, sənətdən gedib. İfaçı heç bir proqrama qatılmayıb, ancaq plastik əməliyyatı ilə gündəmə gəlib.



Bütün günü gündəmdən düşməyən Manaf Ağayev də karantin günlərində pulunu sənətə xərcləməyə qıymayıb. Toysuz qalan müğənni yaınız yeni foto çəkdirməklə məşğul olub.



Karantin başlayandan studiya qapısını unudub, müğənniliyin daşını atanlardan biri də Aysel Əlizadə olub. Yayın ilk günlərini villasında keçirən Aysel indi də Türkiyəyə yollanıb. Sənətçi bu ərəfədə yalnız gəzməklə məşğul olub.



Siyahını uzada bilərdik. Çünki pandemiya girəndən toyla sənəti bir tutanların sayı çoxdur. Bir çoxları bu durğunluğu yay mövsümü, verilişlərin tətilə çıxması ilə də əlaqələndirə bilər. Amma xarici şou-biznesə nəzər salsaq çoxlarının hansısa bir layihə ilə yaradıcılıqlarını canlandırdıqlarının şahidi olarıq.

Bu günlər ərzində işləyən, yeni klip və mahnı ilə gündəmə gələn, sənəti boş qoymayanlar da olub. Amma onlar barmaqla sayılacaq qədər azdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR