"Pandemiya dövründə heç nə etməyiblər, indi düşüblər ortalığa gic-gic selfilər etməyə..."

6-01-2021, 13:20 156 dəfə baxılıb

Xəbər verdiyimiz kimi prodüser Anar Mədətov bir neçə məsələlərə öz münasibətini bildirib. A.Mədətov Moderator.az-a açıqlamasında karantinə görə prodüser kimi işinin dayandığını bildirsə də, telekanalda layihə rəhbəri kimi işinə davam etdiyini deyib:

“Prodüser kimi pandemiyaya görə işimiz dayansa da, ARB-nin layihə rəhbəriyəm və burda işimə davam edirəm”.

A.Mədətov Vətən müharibəsindən də danışıb və ana tərəfinin Şuşadan olduğunu deyib:

“Əslində anam tərəf Şuşalıdır. Biz Sovet dönəminin uşaqlarıyıq. Bir tərəfim Naxçıvanlı olsa da, mən o gözəlliyi Şuşada görmüşəm. Anamgil tərəfdə çox böyük bir ajotaj var idi ki, torpaqlarımız işğaldan azad edilsin. Bu hamısının arzusu idi. Birinci Qarabağ savaşında bilirsiniz ki, bizim yaşıdlarımız iştirak edib və onlar 4-5 il xidmət ediblər. Qələbə bizim üçün partlayış oldu, pandemiya ikinci plana keçdi. Ən vacibi o idi ki, valideynimiz öz doğma torpağının azad olunmasının şahidi oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı elə bir xalqdır ki, biz heç kimlə düşmənçilik aparmamışıq və bəzi çaqqal-çuqqallar atılıb-düşəndə də payını vermişik. Qələbəmiz bizim üçün böyük bir hədiyyə idi, Allah Ali Baş Komandanın, ordumuzun, xalqımızın canın sağ eləsin. Qaldı ki, pandemiyaya görə karantin qaydalarına riayət etməliyik”.

Müharibə ərəfəsindən və müharibədən sonra xaricdə konsert verən və tənqid olunan müğənnilərimizdən də danışıb:

“Həqiqətən bunu qəbul etmək lazımdır ki, bu şoudur. Yəni bu şou olduğuna görə aləm onsuz da bununla məşğul olacaq. Mən də bilirəm konsert verənlər, əylənənlər var. Kim bunu edirsə, bu onun öz vicdanıdır. Onsuz da on milyon əhali bilir ki, kim-kimdir, kim nəyə xidmət edir. Namusdan-qeyrətdən danışanda onun da cavabını xalq verə bilir. Kimsə mənəm-mənəm deyəndə onun da cavabın alır. Belə bir-iki nəfər var. Amma şou aləmi bilirsiniz ki, indi donub, qazanc yoxdur, sadəcə bir variant var ki, ölkədən gedib hardasa bir tədbir etsinlər, pul qazansınlar. Çünki onları da qınamalı deyil, axı onlar da evlərinə çörək aparmalıdır. O ki, qaldı mən onlara pis-yaxşı heç nə deyə bilmərəm. Bu gün biz qələbəmizə görə şadıq. İnsanlar özü də bilir ki, bu şou aləmidir və dünyanın hər bir ölkəsində baş verəcək, çünki bunlar ona öyrəşib. Sadəcə bundan sonra artıq toyda da, konsertdə də insanlar görəcəklər nə var, nə yox. Bir şeyi də qeyd edim ki, şou biznesin içində də elə adamlar oldu ki, ordunun hesabına pul köçürdülər, həm də pandemiya dövründə insanlara yardım etdilər. Məsələn, həkim doktor Cahid Şahbazov həkim olaraq çox yardımlar etdi və ona Xalq artisti Röya da qoşuldu. İndi sıxma-boğma edirlər, amma yenə də o, bunu etdi. Həm orduya 10 min köçürdü, həm də pandemiya dövründə bu yardımı etdi. Bu təşəbbüsə hətta bəzi insanlar da qoşuldular. Düşünürəm ki, insan yaxşılıq da, pislik də etsə, özünə yazılır. Hamı özünə cavabdehdir. Sonda isə qiyməti xalq verir. Elə insanlar var ki, pandemiya dövründə heç nə etməyib, amma indi düşüblər ortalığa başlayıblar özlərini tərifləməyə, gic-gic selfilər etməyə. Bunlardan yazmağa başlamaq lazımdır. Burda kimsə əylənibsə, başa düşmək lazımdır ki, bu insan vaxtında kömək edib, amma indi bir səhvinə görə onu çəkib göstərmək lazım deyil. Sadəcə qeyd etmək lazımdır. İndi simanı qorumaq lazımdır. İdmançımızın da başına bu hadisə gələ bilər. Qalib gələndə yaxşıdır, amma uduzanda pisdir. Bir daha qeyd edirəm ki, ən böyük naliyyətimiz qələbəmizdir və biz buna sevinməliyik. Bu sevinc illərlə davam etməlidir ki, düşmən də görsün. Çünki ən gözəl yerlərimizi düşmən işğal etmişdi. Düşünürəm ki, 2021-ci il ən gözəl il olacaq. Əsas odur ki, pandemiya bitsin. Nə salamlaşmaq, nə oturub şahmat oynamaq, nə çay içmək olur. Ona görə bu böyük bir bəladır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR