Mustafa Cecelinin Bakıda “qaydasız konserti”: - Deputat cəza istəyir

7-06-2021, 18:49 194 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli şənbə günü Bakıda "İstanbul Meyhane Bilgəh” restoranının açılışında konsert proqramı ilə çıxış edib.

100-dən artıq şəxsin iştirak etdiyi məkanda maska, sosial məsafə kimi önəmli qaydalara əməl edilməyib. Qaydaların pozulduğunu göstərən kadrlar restoranın "İnstagram” səhifəsində də paylaşılıb.

Hətta Mustafa Ceceli Azərbaycan ərazisində ümumi karantin rejiminin ləğv edilmiş kimi başa düşərək görüntüləri "İnstagram” hesabında paylaşıb, tezliklə Türkiyədə də konsertlərin keçirilməsini arzuladığını bildirib:

"Səhnə üçün çox darıxmışam. Bu görüntülərlə ən qısa zamanda Türkiyədə də qovuşarıq! Konsertlər yenidən başlayar. Bakıda bizi coşğu ilə qarşılayan, birağızdan mahnılarımı söyləyən hər kəsə təşəkkürlər”.

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi məhdudiyyətlərlə əlaqədar 2020-ci il 15 martdan etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlər keçirilməsinə qadağa qoyulub. Belə bir zamanda verilən qərarların heçə sayılması, məhdudiyyətlərə məhəl qoyulmaması ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, hamı qanun qarşısında bərabərdir və mütləq bununla bağlı ölçü götürülməlidir:

"Hamı qanun qarşısında bərabərdir. Mütləq aidiyyəti qurum tərəfindən həmin restoran və o tədbiri təşkil edənlər cəzalandırılmalıdır. Məncə, burada hansısa xarici müğənninin gəlib ölkəmizdə konsert verməsindən də söhbət getmir. Çünki bəzi restoranlar var, orada da yerli müğənnilərimiz gəlib öz repertuarlarını təqdim edirlər. İndi həmin restoranların adını çəkmək istəmirəm. Sadəcə olaraq, həmin restoranlarda sosial məsafə qorunur. Sizin dediyiniz konsertdə isə sosial məsadə qorunmayıb. Yəqin ki, nəzərdən qaçıb. Artıq videolar yayıldığına görə Daxili İşlər Nazirliyi bununla bağlı araşdırma aparacaq. Eyni zamanda, həmin tədbirin təşkilatçıları, tədbirdə iştirak edənlər cəzalandırılacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR