“Ölkəni talayan nazirlərin övladları 100-200 minə heç restorana getmir”

8-06-2021, 20:28 180 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan kinosundan narazılığını dilə gətirib.

O bildirib ki, bu sahəyə vəsait ayrılsa da, yetərli ekran işləri ərsəyə gətirilmir:

"Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət büdcəsindən vəsait ayrılıb. Hesab edirəm ki, bununla bağlı sorğuları Mədəniyyət Nazirliyinə vermək olar. Ölkə prezidentinin müvafiq sərəncamı ilə milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair "Azərbaycan Kinematoqafiyasının İnkişaf Konsepsiyası”nın layihəsi hazırlanıb".

Onun sözlərinə görə, konsepsiya layihəsi bir neçə dəfə Maliyyə Nazirliyinə təqdim olunub:

"Ancaq biz onu qəbul etməmişik. Çünki biz orada hər hansı bir dəyişiklik görməmişik. Vəsaitlər ayrılır, ancaq nəticədə biz hər hansı ekran əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir”.

Maraqlıdır ki, kinematoqrafiyanın bugünkü durumu işin peşəkarlarını məmnun edirmi? Doğrudanmı, ayrılan vəsait yaxşı kino çəkilişi üçün yetərlidir?

Cebhe.info bununla bağlı sənət adamları arasında sorğu keçirib.

Əməkdar incəsənət xadimi, rejissor, ssenarist, aktyor Əbdül Mahmudov (Şeyx Əbdül) bu açıqlamasına görə Samir Şərifovu sərt tənqid edib. O bildirib ki, bu sahəyə ayrılan pullar yaxşı iş ortaya qoymaq üçün yetərli deyil:

"Elə bir açıqlama verməkdənsə, gərək, əvvəl məsələni öyrənərdi. Çünki kinostudiyanın rəhbərliyi var, peşəkar insanlar var, kino ittifaqları var. Bunlar hər halda kinonun nə vəziyyətdə olduğunu Samir müəllimdən yaxşı bilirlər. Samir müəllimin verdiyi nə puldur ki? Ucuz ətin şorbası olmaz. Onun verdiyi pula camaat restorana yemək yeməyə getmir. Kinonun çəkilməsi üçün milyonlar lazımdır. İnfrastruktur qurulmalı, maddi-texniki baza bərpa olunmalı, kadr məsələləri təzədən gündəmə gəlməlidir. Kino rəsm əsəri deyil ki, bir vərəq, bir karandaşın olsun gedib çəkəsən. Kino ağır istehsalatdır. Bu dediklərinin heç bir əsası yoxdur, cəfəngiyyat danışır. Heç olmasa, ölkə başçısı İlham Əliyev sağ olsun ki, kinonun ölməməsi üçün müəyyən məbləğ ayırıb. Amma bu məbləğ elə təşkilatların, elə adamların əlinə düşür ki, elə pay-biş edirlər, soğanın suyu olur. O ayrılan pullar da ona görə ayrılır ki, kino ölməsin. Prezidentimiz böyük səxavət, diqqət, qayğı göstərir".

O, kinonun acınacaqlı durumdan bəhs edib və Azərbaycana gələn pulların Hesabatını tələb edib:

"Dilənməklə kino çəkərlər? 3 kinoda çəkilmişəm, pul ala bilməmişəm, pul yoxdur, verə bilmirlər.

Bir kinonun çəkilməsi üçün 100-200 min pul ayırırlar. 100-200 minə Azərbaycanı talayan nazirlərin övladları heç restorana getmir. Kino mədəniyyəti son həddə, çox pis vəziyyətdədir, yeni kadrlar gəlmir, hazırlanmır, maddi- texniki baza pozulub. Yəqin Samir Şərifovun nəsə pis niyyəti var, ona görə indidən əl yeri qoyur.

"Taxtadan düşdü tap elədi, Gülsənəm onu hap elədi" şəklində fikir bildirmək qətiyyən yolverilməzdir. Bu cür münasibət bildirmək dünyasını dəyişməyən ağsaqqal sənətkarlarımıza, kinomuza təhqirdir. Ona qalsa, mən də deyirəm ki, Azərbaycana milyardlar gəlib. Samir müəllim, o pullar nə olub? Mən də ondan soruşuram. O pula nə iş görmüsən? Kimi hansı vəzifəyə qoyurlar, gələn kimi 10 ilin, 20 ilin peşəkar işçilərini çıxarır, qohum-əqrəbasını başına yığır. Bir insan bir vəzifədə nə qədər işləyər? Əgər Samir müəllim bununla kinonun üstündən xətt çəkirsə, çox böyük səhv edir. Biz hələ yaşayırıq. Biz Samir müəllimə lazımi cavabı verəcəyik. Kiminsə uşağı 2 milyona saat alır, satır, heç onu danışan yoxdur. Hansı ki, o pula normal kino çəkmək olar. Danışanın da ağzından vururlar. Zəhmət çəkib kinoçuları yığsınlar, kinonun problemi həll olunsun. Kino o gün bədbəxt oldu ki, onu Mədəniyyət Nazirliyinin qulpuna bağladılar. Kinonun Mədəniyyət Nazirliyinə heç bir aidiyyəti yoxdur. Nə qədər ki, kino Mədəniyyət Nazirliyindən asılı olacaq, kino olmayacaq. Kino müstəqil olmalıdır".

Əməkdar artist, aktyor Anar Heybətov bildirib ki, iş alınmayanda bunu adətən aktyorların üzərinə atırlar:

"Amma burada aktyorluq nəsə yoxdur. Burada ssenari, rejisor problemi var. Bizdə son zamanlar dəb halını alıb ki, başqa sənət sahibləri öz işləri ilə məşğul ola bilməyəndə gəlib kino çəkirlər. Bu səbəbdən də maliyyə ayırsalar da, yaxşı ekran işlərini yaxın zamanlarda da görə bilməyəcəyik. Çünki bu işlərlə məşğul ola biləcək professionallar yoxdur. Mən fikirləşirəm ki, kino çəkən, ümumiyyətlə, bu işlə məşğul olan şəxslərin birinci sənətlərini yoxlamaq lazımdır, sonra da sənədlərini. Bilmirlərsə, haradasa oxusunlar, öyrənsinlər. Bəlkə onlara dövlət şərait yaratsın, getsinlər, xaricdə oxuyub gəlsinlər. Hazırda acınacaqlı vəziyyətdir. Düzdür, nələrsə çəkirik, amma özümüzün gördüyümüzlə də razılışarıq ki, bu, o deyil".

Xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Rasim Balayev isə qeyd edib ki, əsl sənət əsərləri hazırda yox səviyyəsindədir:

"Qabaq Azərbaycan kinosuna pul ayrılırdı və ən zəif filmimiz o pulu qat-qat çıxardırdı. Əsl sənət əsərləri çox təəssüf ki, ortaya çıxmır. Samir Şərifov burada haqlıdır. Maya qoyulur, amma o pul qayıtmır. Baxaq, görək, bizim yaxşı kino çəkən rejissorlarımız varmı? Yoxdursa, dəvət etsinlər. Yetişdirmək lazımdır. 25- 26 il əvvəl Türkiyə kinosu çox zəif idi, amma indi elə gözəl əsərlər çəkirlər ki, mən təəccüblə izləyirəm. Çünki onlar şəxsləri Almaniyaya, Amerikaya, digər xarici ölkələrə göndərdilər, onlar orada rejissorluğu öyrəndilər. Onlarda kinematoqrafiya 25-26 il əvvəl necə idisə, bizdə də indi elədir. Niyə Dövlət Kinematoqrafiya İnstitutuna adam göndərmirlər? Niyə toy çəkən operatorlar gəlib film çəkir? Belə olmaz".

Rejissor-aktyor Kənan M.M isə Mədəniyyıt Nazirliyindən şikayət edib:

"Mədəniyyət Nazirliyi hansı rejissoru tanıyırsa, bu sualı onlara vermək lazımdıeər. Mənim Mədəniyyət Nazirliyi də heç it dəftərində də adım yoxdur. Getdim "Savaşçı"da oynadım, bir dəfə də "sağ ol" demədilər".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR