Süleyman Mikayılovun öz-özünü ifşa edən hesabatı

30-07-2015, 13:57 1046 dəfə baxılıb

Süleyman Mikayılovun öz-özünü ifşa edən hesabatı













İcra başçılarının ənənəvi hesabat bleflərinə start verilib. Bu günlərdə Qaradağ rayonunda da 2015-ci ilin birinci yarımilliyinin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanları, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri və adiyyatı orqanlar iştirak ediblər

Qaradağ rayon icra başçısının sözügedən hesabatına keçməzdən öncə onu bildirək ki, Süleyman Mikayılov bir çox icra başçılarından fərqli bir ssenari seçib. Qaradağda keçirilən bütün hesabat yığıncaqlarında icra başçısı yalnız ölkə səviyyəsində məlumatlarla çıxış edir. Rayon haqda məlumatları isə adətən birinci müavin Emil Abbasov məruzə edir. Bu dəfə də prinsip dəyişmədi.
Maraqlıdır ki, özünü sanki ölkə rəhbəri zənn edərək respublika miqyaslı rəqəmlərə toxunan icra başçısı Süleyman Mikayılovun Qaradağ rayonu ilə bağlı səsləndirdiyi faktların icra hakimiyyətinə aidiyyatı yoxdur. Onun çıxışından kiçik bir hissəyə diqqət edək( bu və bundan sonrakı çıxarışlar Qaradağ rayon icra hakimoiyyətinin rəsmi internet səhifəsindən götürülüb): “Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının bu ilin cari dövründə də rayonumuza səfəri baş tutmuşdur. Belə ki, iyun ayının 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev iştirakı ilə Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazası və “N” saylı hərbi hissəsinin açılış mərasimi baş tutdu”. Hər iki obyektin tikilməsi və istifadəsi birbaşa Müdafiə Nazirliyinə aiddir. İcra başçısının bunu rayonun uğuru kimi təqdim etməsi isə ucuz blefdən başqa bir şey deyil.
Qaradağ rayonunun 2015-ci ilin birinci yarımilliyinin yekunlarına həsr edilmiş hesabatı da kifayət qədər müəmmalı məqamlarla zəngindir. Məsələn məruzəçi bildirir: “ötən altı ayın yekunlarına əsasən rayon üzrə 322,3 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 249,2 min ton xam neft və 202,4 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayon üzrə 948 min ton sement, 54,1 min ton mişar daşı istehsal edilmiş, rabitə xidmətlərinin həcmi 1 milyon 189,3 min manat olmuşdur.” Səliqəli rəqəmlərdi. Hələ bunu pafosla oxuyanda düşünmək olar ki, Qaradağ rayonu Süleyman Mikayılovun rəhbərliyi altında sürətli iqtisadi inkişaf dövrünü yaşayır. Amma… Adi bir müqayisə bu pafosun altındakı reallığı ortaya qoyur. Gəlin ötən ilin eyni dövrü üçün eyni məlumatlara diqqət edək. Qaradağ rayonunun 2014-ci ilin birinci yarımilliyinin yekunlarına həsr edilmiş hesabatı: “Ötən altı ayın yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 309 milyon manat olmuşdur. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 304,9 min ton xam neft və 563,4 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayon üzrə 1 milyon ton sement istehsal edilmişdir. Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,1 milyon manat təşkil etmişdir. “
Rəqəmlər ortadadır və adi riyazi biliyə malik şəxs də rayondakı gerçək durum haqda təsəvvürə sahib ola bilər. Başqa sözlə bütün sahələr üzrə geriləmə faktının qarşısında iqtisadi inkişafdan danışmaq gülüncdür. Eyni zamanda cumhuriyyet.az olaraq apardığımız araşdırmalar göstərir ki, Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Qaradağ sosial-iqtisadi cəhətdən iflic vəziyyətə düşüb. Süleyman Mikayılov yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində belə üsulla 5 obyekt tikilib. O hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib. İcra başçısı Lökbatan qəsəbəsindəki bazarı qanunsuz olaraq özəlləşdirməklə 4 milyon 800 min manat mənimsəyib. Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı Mikayılovun göstərişi ilə ələ keçirilib. Ümumiyyətlə onu bildirək ki, S.Mikayılov rayon rəhbərliyinə gəlir mənbəyi kimi baxır. İdarəetməni isə korrupsiya və saxtakarlıqda görür. Özünə vurğunluğu o həddə çatıb ki, rayona öz mülkü kimi baxır. Ona məxsus olmayanlar qalmamalı, sökülməli və dağıdılmalıdır. Bu ədalətsizlik və talançılıq insanları iqtisadi cəhətdən çökdürüb və şəxsiyyətlərinin təhqir olunması əhalini dözülməz vəziyyətə gətirib. Kriminal yolla rayon sakinlərinin talanması və onların şikayətlərinin nəticəsiz qalması insanları hakimiyyətdən narazı salır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR